Bakının 14 küçə və prospektinə yeni sürət nişanları  qoyuldu - FOTO
25 mart 2023 14:10 (UTC +04:00)

Bakının 14 küçə və prospektinə yeni sürət nişanları qoyuldu - FOTO

Bakının 14 küçə və prospektində sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, əvvəlcədən məlumat verildiyi kimi Agentlik tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.

Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılmasına başlanılıb. Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik.  

Onu da qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.

# 2553
avatar

Oxşar yazılar