Boy uzadan qida əlavələri  - Faydadan çox ziyanı var
12 fevral 2026 15:16 (UTC +04:00)

Boy uzadan qida əlavələri - Faydadan çox ziyanı var

0

İllər keçdikcə, yeni doğulan uşaqlarda boy daha da qısalmağa doğru gedir. Bəziləri bunu genetika ilə, bəziləri isə qidalanmayla əlaqələndirir. Hətta bir çox valideynlər özlərinin boyu uzun olmasına baxmayaraq, uşağının hündür boylu olması üçün müəyyən bitki tərkibli dərman pereparatları istifadə edir.

Bəs görəsən, boy artımı yalnız genetik faktorlarla əlaqəlidir? Qida əlavələrinin istifadəsi tövsiyə olunurmu?

Həkim-pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, uşaqların boyunun uzunluğunda genetik faktorlar əsas rol oynayır:

Şəlalə Poluxova | Icma.az

Valideynlərin hündürlüyü uşağın potensial genetik hədəf boyunu təyin edən önəmli faktordur. Lakin boyun uzunluq və qısalığında tək səbəbin genetika olduğunu iddia edə bilmərik. Hormonal balans, düzgün qidalanma, ətraf-mühit amilləri, keçirilmiş müxtəlif xəstəliklər də boy artımına təsir edir.

Düzgün qidalanma boyun uzanmasına dəstək olur. Sağlam uşağın gündəlik qidalanma rasionunda yetərli miqdarda zülal - süd və ət məhsulları, balıq, yumurta, paxlalı bitkilər olmalıdır. Həmçinin kalsium, vitamin D və sink kimi mineralların boy artımında çox böyük rolu var.

Qısa boylu uşaqlar üzərində aparılan araşdırmalara görə, sink əlavəsinin boyu uzatdığı bildirilir. Lakin bu, o halda təsirli ola bilər ki, qanda ciddi defisit olsun və həmin qida əlavəsi çatışmayan mineralı kompensasiya etsin”.

Pediatr boy uzatdığı söylənən qida əlavələrini tövsiyə etmədiyini vurğulayıb:

Tez-tez reklam olunan, sürətlə boy uzatdığı iddia olunan qida əlavələri, bitki qarışımlarına dair etibarlı, yetərli elmi sübutlar olmadığından onları tibbi olaraq tövsiyə etmirik. Əksinə, tərkibində mənşəyi naməlum olan bitkilərin yer aldığı dərmanların qəbulu allergik reaksiyalara səbəb ola bilər. Ona görə də etibarlı tibbi sübut olmadığı müddətdə bu kimi dərmanların istifadəsini qətiyyən tövsiyə etmirik.

Yalnız uşağın qanında konkret hansısa çatışmazlıq varsa, məsələn o, D vitamini defisiti yaşayırsa, həkim tərəfindən, müəyyən dozada, nəzarət altında qida əlavələri qəbul edilə bilər.

Təəssüf ki, bir çox hallarda genetik potensialı aşmaq mümkün deyil. Sadaladığımız qida əlavələri, minerallar hansısa defisiti əvəz edir. Lakin boy artımında təkcə qidalanma yox, fiziki aktivlik, həyat tərzi də önəmli rol oynayır”.

Ş.Poluxova boyun uzandığı iki yaş dövrünü qeyd edib:

Doğumdan etibarən uşağın qidalanmasına fikir vermək lazımdır. Xüsusən ilk 2 il çox kritik dövr hesab olunur. 2 yaşına qədər uşağın qidalanmasında maksimum təbii tərkibli məhsullardan istifadə etmək lazımdır. Çünki bu dövrdəki hansısa bir çatışmazlıq təkcə boy artımına yox, nevroloji sistemə də böyük fəsadlar vura bilir.

Yeniyetməlik dövründə uşaqlarda boy artımı sürətlə gedir. Həmin yaş dövründə həm qidalanmaya, həm də fiziki aktivlikliyə diqqət edilməlidir. Boy artımında doğumdan sonrakı 2 il və yeniyetməlik dövrü boy artımı üçün kritik dönəmdir.

Həkimlər uşağın boy və çəkisini persentil cədvəlinə əsasən izləyə bilirlər. Əgər boy xəttində və ya çəkidə geriləmə varsa, həkim məsləhətinə əsasən, cinsi yetkinlik dövrünə çatmadan həkim-endokrinoloqla konsultasiya aparılmalı və ehtiyac yarandığı halda müdaxilə edilməlidir. Cinsi inkişaf başladıqdan, böyümə nöqtələri bağlandıqdan sonra təəssüf ki, boy üçün edilən müdaxilələr faydalı olmur. Ona görə də tövsiyə edirik ki, uşaqlar ildə ən az 1-2 dəfə həkim müayinəsində olsunlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar