Çətirlə oturulan sinif otaqları, “çat verən”  məktəb vatsap qrupları
22 fevral 2023 16:12 (UTC +04:00)

Çətirlə oturulan sinif otaqları, “çat verən” məktəb vatsap qrupları

Bu lap təzə xəbər oldu – sinif otağında çətirlə oturmaq. Hesab edirdim ki, məktəblərdən gələn hansısa xəbərə artıq təəccüblənməyəcəyəm... Sağ olsunlar, yenə heyrətləndirməyi bacardılar.

Məktəbdə uşaqların elə dərs keçdikləri otaqda yığışıb şagirdin birini ələ salmasını, onun videosunu çəkib yaymasını gördük. Yatan, qışqıran, mahnı oxuyan müəllimi çəkib yaydılar. Hələ nə yazıq ki, dərsi idarə edə bilməyib aciz qalan müəllimin də videosunu gördük sosial şəbəkələrdə. Deyirdim ki, əşi bu qədər haqq-hesabdan sonra daha nə yayıla bilər ki...

Xəbər özünü gecikdirmədi, sən demə, Azərbaycanda bir yer var ki, uşaqlar orda sinifdə çətirlə oturur, yeriyəndə ayaqları döşəmənin deşiyinə düşür və s...

Bura Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən şəhid Sübhi Mahmudovun adını daşıyan tam orta məktəb deyilən məkandır. APA TV-nin uşaqlarının oradan hazırladığı video materialı şok vəziyyətində izlədim.

Yağış yağan vaxt şagirdlər sinif otaqlarında çətirlə otururlar, pəncərələrə şüşə əvəzinə karton vurulub, döşəmə çürüyüb... Hələ bu harasıdır, sakinlər deyir ki, məktəbdə uşaqdan çox çöl göyərçinləri var, yay və yaz aylarında sinif otaqlarında gürzə ilanları, siçovullar, digər həşəratlar gəzir. Lap qorxulu filmə oxşadı. Amma gerçəkmiş. Həmin yerdə 12 sinif otağı var, 300-ə yaxın da şagird təhsil alır. Bu şəraitdə necə təhsil alırlarsa, artıq...

Bu vəziyyətdə olan bir yerə (məktəb deməyə dilim gəlmir) şəhid adı veriblər. Heç olmasa bunun məsuliyyətini anlayırlarmı görən?

Hesab edirəm ki, bu son xəbər məktəblərimizin halı ilə bağlı artıq həyəcan siqnalı olmalıdır. Əziz müəllim məmurlar, hələ narahatlıq üçün kifayət qədər əsas yoxdur? Daha nə olmalıdır ki?..

Təhsili yeni vatsap qrupları üsulları ilə idarə edirsiniz, o da ciddi çat verib. Həmin çatlardan yayılan müəllim, direktor səsləri bütün sosial şəbəkələri bəzəyir. Bunun qarşısına keçirsən, o biri çıxır, buna haqq qazandırmağa çalışırsınız, o unudulmamış yeni səs yazısı özünü çatdırır. O təhsili idarə etdiyiniz vatsap qrupları Axtaçı kəndindəki məktəb dediyiniz yerin döşəməsi kimi dərmədeşikdir. Yazıqlar olsun bu məktəblərə gedən uşaqlara da, vicdanlı müəllimlərə də.

Ümidvarıq ki, səlahiyyətli şəxslər məsələni həll etmək üçün o damı axıdan yerdəki uşaqların hər birinə yeni çətir almaqdan daha faydalı işlər görəcəklər.

# 11358
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar