Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadla müsahibə
18 iyul 2022 20:15 (UTC +04:00)

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadla müsahibə

"Çoxu qaçanda azərbaycanlılar çörək bişirib küçələrdə paylayırdı" - MÜSAHİBƏ

“Ukraynada prezidentdən, millət vəkilindən, tutmuş, sıravi vətəndaşa qədər hər kəs bu müharibəni Vətən Müharibəsi sayır, bu savaşda ölkənin gələcəyinin həll olunduğunu anlayır və qələbə üçün həyatını belə əsirgəməyir. Ona görə də, düşünürəm ki, Ukraynanın qələbəsi qaçılmazdır”. 
 
Bu sözləri Lent.az-a Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad deyir. Onunla müsahibəni təqdim edirik. 

- Hikmət bəy, fevralın 24-ü, yəni müharibə başlayanda Kiyevdə idiniz?

 
- Xeyr. Rəhbərlik etdiyim Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə fevralın 23-ü Xocalı faciəsinin 30 illiyi ilə bağlı tədbirin keçirilməsi üçün Ukraynanın tanınmış “Qara qutu” teatrını Bakıya dəvət etmişdik. Fevralın 25-də Opera və Balet Teatrında “Böyüməyən uşaqlar” tamaşası nümayiş olundu. Ona görə həm mən, həm də müavinlərim layihəmizlə bağlı təşkilati işləri həyat keçirmək üçün teatrdan 1 həftə öncə Bakıya gəldik. “Qara qutu” teatrının kollektivi ilə birgə ayın 26-sı geri dönməli idik, hətta geri dönüş biletlərimiz də var idi. Elə alındı ki, 24-ü səhər tezdən müharibə başladı. Həm biz, həm də ukraynalı aktyorlar Azərbaycanda qalası olduq. Həmin ərəfədə Ukraynada hava məkanı bağlanmışdı, quru sərhədlərdə də on kilometrlərlə növbə yaranmışdı. Bilirsiniz ki, Kiyev və Xarkov şəhərləri bombalanırdı. Təşkilatımızın aparıcı nümayəndələri nə ofisdə işləyə bilir, nə də şəhərdə rahat şəkildə hərəkət edə bilirdilər. Bunun da əsas səbəblərindən biri müharibədən 2-3 ay öncə Ukraynada diversantlarının yerləşdirilməsi və bu ərəfədə ölkədə xaos yaratmaq üçün onların həyata keçirdikləri terror aktlarının nəticəsi olaraq şəhərlərdə gedən küçə döyüşləri idi. Buna görə də şəhərdə hərəkət məhdudlaşdırılmışdı. Yerli hökumət və hüquq mühafizə orqanları əhalini xəbərdar etmişdi ki, şəhərə çıxmasınlar. Yəni, ümumi vəziyyət belə idi.

 

 

- O günlərə qayıdanda sanki fevralın 24-dən başlayaraq azərbaycanlılar kütləvi şəkildə Ukraynanı tərk etməyə başladılar, bu proses daha sonra səngidi. Bunun səbəbi nə idi? Təhlükəsizliyi təmin etmək, can qurtarmaq, yoxsa...?
 
- Azərbaycan Diasporu Ukrayna xalqının tərkib hissəsidir. Həmçinin, müstəqillikdən sonra orada yaşayıb vətəndaşlıq alanların övladları artıq 30 yaşındadırlar, Ukrayna cəmiyyətinə tam inteqrasiya ediblər. Ukrayna əhalisinin əksəriyyəti müharibənin dəhşətlərindən ailələrini uzaq tutmaq üçün sərhədlərə üz tutmuşdu. 
Əlbəttə ki, 500 minə yaxın üzvü olan diasporumuzun bir hissəsinin, həmin ölkədən qonşu ölkələrə üz tutması bizim üçün çox neqativ görüntü yaradırdı. Ukraynadakı həmyerlilərimizin vəziyyəti Azərbaycanda hamını narahat etdiyinə görə, təşkilatımıza hər gün kütləvi şəkildə müraciətlər olunurdu. Azərbaycan mediası diasporla o qədər sıx əlaqədə çalışır ki, hətta bəzən diasporla bağlı bəzi məlumatları Azərbaycan mediası bizdən öncə alır. Mətbuatda və ictimaiyyətdə bir ajiotaj yaranmış, Ukraynada qohumları olanlar, tələbələrin valideynləri çox narahat idi. Müharibənin birinci 10 günlüyündə sözün əsl mənasında gözümüzə yuxu getmədi, telefon və internet vasitəsilə online rejimdə günlərlə soydaşlarımızın evakuasiyasına çalışdıq. Məsələn, bir qrup şəxsi müxtəlif ünvanlardan toplayaraq onları ölkədən çıxaracaq nəqliyyat vasitəsinə çatdırırdıq. Tələbələrin ölkədən çıxarılmasına görə çətinliklər oldu. İnsanlara izah edə bilmirdik ki, bu dəqiqə ora getsəz, yolda belə öldürə bilərlər. Qeyd etdiyim kimi, diversantlar hər yerə səpələnmişdilər, şəhərlərdə atışma gedirdi. Hətta bizim çağırışlarımıza qulaq verməyən içərisində soydaşlarımız olan 6 maşın gülləbaran edilmişdi.
Bu səbəbdən insanları oradan çıxarmağımızı, komendant saatında xüsusi icazə alıb polisin müşayiətilə növbəsiz sərhədə gətirməyimizi bilən digərləri zəng edib demişdilər ki, bu necə olur, yəqin onları sizə tapşırıblar, yaxın adamlarınızdır və s. “Niyə onları çıxartdığınız kimi bizi çıxartmırsınız buradan?” deyənlər də oldu. Ölkədə elə bir vəziyyət var idi ki, izah edə bilmirdik hər şeyi. Öz mühafizəçimi belə çox vacib məsələ üçün harasa göndərəndə, mənə deyirdi ki, gedirəm, ailəm sizə əmanətdir. Yəni, ölüm-dirim məsələsi idi. Bundan sonra əsas məsələ də o idi ki, yerli hökumət orqanları belə bilmirdi nə etsinlər.


 

- Ukraynadan yeni gəlmisiniz. Necədir vəziyyət?
 
- Kiyevdən bu yaxınlarda geri dönmüşəm. Ukraynada əhval-ruhiyyə yüksəkdir. Sizə bir məqamı deyim. Müharibə başlayanda hökumət və parlament nümayəndələri ölkəni tərk edib Polşaya getməli idilər. Gecə vaxtı bütün millət vəkilləri, aparıcı hökumət nümayəndələri və ailələri ilə birlikdə ölkədən təxliyə olunmalıydılar. Ukrayna hökumətini Polşada qurmalı idilər ki, hətta Kiyevi tutulsa belə, qanuni hökumət Avropa İttifaqına daxil olan Polşanın ərazisində fəaliyyət göstərsin. Daha sonra millət vəkillərinə gecə ilə məlumat gəlib ki, Ukrayna prezidenti Volodimir Zelenski qəti şəkildə buna qarşı çıxıb və deyib ki, mən və ailə üzvlərim Kiyevdə qalacağıq, biz bu dövləti qorumalıyıq. Millət vəkilləri də dedilər ki, biz də heç yana getməyəcəyik. Bununla da onlar paytaxtda qalmaqla Kiyevi qoruya bildilər. Ölkə rəhbərliyi paytaxtda qalmasaydı, Ukrayna çoxdan Rusiyanın nəzarətinə keçəcəkdi. Bilirsiniz ki, V. Zelenskiyə dəfələrlə sui-qəsd cəhdləri olub.
Xüsusi məlumatlara əsasən, bir çox diversiya cəhdlərinin qarşısı alındı. Müharibənin taleyi Zelenskinin verdiyi qərarla dəyişdi. Ümumiyyətlə, Ukrayna xalqı çox yaxşı təşkilatlanmağı, mobilizə olunmağı bacaran bir xalqdır. O mənada ki, istənilən hadisədə panikaya düşmürlər, anında vəziyyətdən çıxmaq üçün əllərindən gələni edirlər. Hətta nəinki şəhərlərin giriş-çıxışlarında, həmçinin məhəllələrdə blokpostlar qurmuşdular ki, əhalinin təhlükəsizliyini təmin etsinlər. 

- UABD-nin Ukrayna-Rusiya müharibəsinin ilk günlərində rolu nədən ibarət olub? Nə kimi işlər görüldü?
 
- Əsas xidmətimiz iki hissəyə ayırsaq, düzgün olar. Birincisi öz soydaşlarımızın təxliyəsi, ikincisi isə Ukrayna xalqına verdiyimiz töhfə ilə bağlıdır. Orada yaşayan azərbaycanlılara dəstəyimiz onların ailələri və vuruşması qanunla qadağan olan Azərbaycan vətəndaşlarının təxliyə prosesində böyük rol oynaya bildik. Bunun da səbəbi insanların təşkilatlara inam və güvənidir. Bilirlər ki, bizim təşkilata müraciət edəndə dəstək alacaqlar, onların narahat edən məsələlər barəsində təşkilat müvafiq addımlar atmağa başlayıb və s. Azərbaycanlıların qruplaşdırılması da, avtobuslarla və ya qatarla Moldova istiqamətindən yola salınması təşkil olunub.  
Əsas məsələlərdən də biri o idi ki, biz onları koordinasiya edə bilirdik. Hansı şəhərdən çıxmaq təhlükəlidir, hansı istiqamətdə döyüşlər dayanıb, nə zaman və haradan getmək daha təhlükəsizdir və sairə. Demək olar ki, bütün azərbaycanlılarla əlaqəmiz yaradırdıq. Özləri, şəxsi maşınlarıyla gedənlər də oldu. Hətta bizə “Biz maşın kolonumuzla gedirik, 5 yerimiz boşdur. Ehtiyacı olan varsa, bizimlə gedə bilər” deyib kömək əlini uzadanlar da var idi.
İkinci növbədə isə azərbaycanlıların Ukraynaya dəstəyindən söhbət açmaq istəyirəm. Ukraynada diasporumuzun apardığı işlərə hər zaman dəstək olan iş adamlarımız, eləcə də, ölkənin ictimai-siyasi həyatında aktivlik göstərən həmyerlilərimiz də var. Onlar ilk gündən etibarən Ukraynanın haqq mübarizəsində dövlətə güclü dəstək verdilər. Hətta Ukraynanın bəzi siyasətçilərinin, risk edib edə bilmədiklərini edən aparıcı diaspor xadimlərimiz çətin dönəmdə reallaşdırdılar.

Bundan başqa, azərbaycanlıların Ukraynada gördüyü işləri də danmaq olmaz. Bilirsiniz ki, Ukraynada vəziyyət düzələn kimi soydaşlarımız geri qayıdacaq, gediş-gəliş bərpa olunacaq, yenə təhsil, səyahət üçün gələ biləcəklər.  Buna görə də, Ukrayna adının yanında Azərbaycan xalqının, ölkəmizin adının yüksək tutulmasında önəmli şəxslərin individual şəkildə xüsusi rolu olub. İlk növbədə mən UABD-nin fəxri sədri Oqtay Əfəndiyevin aparmış olduğu fəaliyyəti qeyd etmək istəyirəm. Çünki elə insanlar var ki, maddi dəstək verir, elə insanlar var ki, sadəcə danışır, elə insanlar da var siyasətdən kənar dayanıb dəstək verir. Amma Oqtay Əfəndiyev elə bir şəxsdir ki, o, həm Kiyevdə qala-qala sona qədər mübarizə apardı və indi də aparır, həm bütün resurslarını Azərbaycan diasporu adına Ukrayna xalqına əsirgəmədi. Həmçinin öz siyasi fikirləri və bütün əlaqələri ilə orada yaşayan azərbaycanlılara bu günə qədər dəstəyini bildirib. Bilirsinizmi ukraynalılar üçün azərbaycanlının, fəxri sədrimizin bunu etməyi bizim üçün vacibdir. İrpen şəhər polis idarəsinin təmir və bərpasını Oqtay bəy öz üzərinə götürdü. İnanıram ki, illər keçsə də, bir azərbaycanlının lazım olan vaxtda göstərdiyi dəstək xatırlanacaq. Bu, gələcək nəsillər üçün bir növ investisiyadır. Azərbaycanlı soydaşlarımız bu günə qədər Ukraynada çox fidanlar əkib. Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında özünü əks etdirən körpülər qurub. O körpülər ki, təməli möhkəmdir. 
Bu yaxınıarda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tanınmış millət vəkillərinin iştirakı ilə Ali Radada parlamentlərarası Dostluq Qrupunun toplantısını keçirdik. Bu rəsmi görüşdə çox mühüm məsələlər müzakirə olundu.
Dağıdılmış İrpen şəhərinə səfər edərək merlə görüşüb diasporumuzun şəhərin bərpasında iştirak etmək planlarını danışdıq. Bu şəhərdə azərbaycanlı şəhid İlqar Bağırovun yararsız vəziyyətə düşmüş evini təmir etdik. 
Baş qərargahımızda UABD-nin aktivi ilə toplantı keçirərək hazırda Ukraynada olan soydaşlarımızın sosial durumu ilə bağlı problemlərin və təşkilata olan müraciətlərin həlli yollarını incələdik. Daha sonra təşkilat üzvləri yaralı hərbiçilər üçün qanvermə aksiyası keçirdi.
Digər şəhərdə olan hərbi hissəyə gedərək hərbiçilərlə görüşüb onların bəzi maddi-texniki ehtiyaclarını təmin etdik. Bir sözlə, təşkilatımızın üzərinə düşən missiyanı həyata keçirmək üçün əlimizdən gələni etməyə davam edirik.

- Son olaraq deyə bilərsinizmi Ukraynada Azərbaycan və azərbaycanlılarla bağlı ictimai rəy necədir?
 
- Sadaladığım amillərə görə, azərbaycanlılara qarşı hörmət birə-beş artıb. Orada bombaların altında restoran işlədən şəxslərin belə əhaliyə əllərindən gəldiyi qədər dəstək verməsi, çörək bişirib paylaması cəsarətli addımlardır. Məsələn, tutaq ki, bir şəhərdə tanınmış beş restoran və market var. O çətin ərəfədə ərzaq qıtlığı baş alıb gedirdi və faktiki şəraitdə insan gedib nəsə ala bilmirdi. Dükanlar və iaşə obyektləri bağlanıb, dəzgahlar çalışmır, işçilərin çoxu şəhəri tərk edib. Bax, bu çətin vaxtda bombalanan şəhərdə azərbaycanlılar orada çörək bişirmək və paylamaq üçün çalışırlarsa, bu, bizim millətin qəhrəmanlığını göstərir. Onlar da insandır da, risk altına girməyə də bilərdilər, qaça da bilərdilər.
Onu da vurğulayım ki, Ukraynada ön cəbhədə vuruşan azərbaycanlılar var. O azərbaycanlılardan həyatlarını itirmiş, Ukraynanın Milli Qəhrəmanı adını alanlar da. Azərbaycan adına qəhrəmanlıq səlnamələri yazanları unutmaq olmaz. Müharibə ərəfəsində Xarkov vilayətindən bir nəfər idmançımız həlak oldu.
Bu gün də Donetsk istiqamətində gedən döyüşlərdə daha bir soydaşımız Qulamov Kərim qəhrəmancasına şəhid oldu. Diasporumuz Ukraynanın ərazi bütövlüyü uğrunda şəhid olan diaspor nümayəndələrimizin müqəddəs ruhları qarşısında baş əyir və onların adlarının bu ölkədə əbədiləşdirilməsi üçün lazımi addımların atılması istiqamətində işlərə başlayıb.
Onların adı tarixə qızıl hərflərlə həkk olunacaq.

# 5661
avatar

Nigar Namiq

Oxşar yazılar