“Ermənistan artıq anlayır ki, Azərbaycanın səbri tükənib” – HƏRBİ EKSPERT
19 iyul 2022 16:29 (UTC +04:00)

“Ermənistan artıq anlayır ki, Azərbaycanın səbri tükənib” – HƏRBİ EKSPERT

Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan ölkəsinin  KİV-nəə müsahibəsində 44 günlük müharibə zamanı Qarabağa yerləşdirilən silahlı qüvvələrini çıxarılacağını bildirib. O, prosesin sentyabrda tam yekunlaşacağını açıqlayıb. 

Lent.az-ın sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bunun 20 ay əvvəl baş verməli olduğunu deyib:

“Armen Qriqoryanın verdiyi bu açıqlamaları əslində 20 ay əvvəl eşitməli idik. Çünki birgə bəyanatın şərtlərində yazılmışdı ki, erməni silahlı qüvvələri rus sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq ərazidən çıxarılır. Amma göründüyü kimi birgə bəyanatın bir neçə bəndi, o cümlədən, yuxarıda qeyd etdiyim 4-cü bəndə bu günə qədər də əməl edilməyib. Sadəcə biz ilk dəfədir ki, erməni rəsmilərinin dilindən birmənalı bəyanat eşidirik. Ermənistan tərəfi artıq anlayır ki, Azərbaycanın səbri tükənib. Cənab prezidentin 3 gün əvvəl ilin 6 ayının yekunlarına dair həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bunu sübut edir. Orada Ermənistan və Rusiya sülhməramlılarına ciddi siqnallar göndərildi”.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanın səbir kasasını daşırmaqdan qorxur:

“Odur ki, Armen Qriqoryanın verdiyi bəyanat onu göstərir ki, Ermənistan tərəfi Azərbaycanın səbir kasasını daşırmaqdan ehtiyat edir. 

Xatırladım ki, 2 gün əvvəl Nikol Paşinyan Ermənistan silahlı qüvvələrinin yeni baş qərargah rəisini təqdim edərkən oradakı rəsmilərin çıxışlarına diqqət etsək, Azərbaycan əleyhinə bir söz belə işlədilmədiyini görərik.

Deməli, Ermənistan düzgün nəticələr çıxarmaq yolunda irəliyə doğru bir addım atıb. Bir daha qeyd edim ki, amma bu real fəaliyyətlərdə hələ ki öz əksini tapmır. Azərbaycan söz və ya bəyanat eşitmək istəmir. Biz real addımlar tələb edirik. 

Qarabağdan silahlı qüvvələr, texnikalar çıxarılsın. Naxçıvanla ikitərəfli maneəsiz dəhliz təmin edilsin. Bizim istəyimiz budur, buna nail olacağıq”.

# 1926
avatar

Fidan İlqar

Oxşar yazılar