Fərqli inanclar  insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi
09 oktyabr 2026 14:13 (UTC +04:00)

Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi

0

Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. 

Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmayan şəxsin seçiminə hörməti necə uzlaşdıra bilər?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Lent.az- açıqlamasında bildirib ki, bu, ilk növbədə dövlət siyasətindən, daha sonra isə cəmiyyətin xarakterindən irəli gəlir:

 

“Azərbaycan cəmiyyəti tolerant bir cəmiyyət kimi millətlərarası münasibətlərin normal saxlanmasına maraqlıdır. Bizdə xüsusi təxribatlar olmadığı müddətdə millətlərarası heç bir problem olmur. Ayrı-ayrı provokatorların səyləri var, amma bunların da qarşısını həm dövlətimiz alır, həm də cəmiyyətimiz buna yol vermir.

Ona görə də bizdə hər hansı bir bu sahədə narahatçılıq yaradan amillərin olmadığını daha aydın şəkildə görürük. Media da bu istiqamətdə sağlam yol tutur. Bu, yaxşı əlamətdir”. 

"Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir”. 

Lent.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. 

 

“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir.

Əsas məqsəd din xadimlərinin prosesdə iştirakının müzakirəsi, bu sahədə fəaliyyətimizi daha sıx və daha effektiv şəkildə koordinasiya etmək, eyni zamanda sosial şəbəkələrin və medianın imkanlarından istifadə edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində işimizi daha da gücləndirməkdir.

Hesab edirik ki, din xadimlərinin və dini icmaların da işimizin daha da gücləndirilməsinə, bu istiqamətdə fəaliyyətimizin genişləndirilməsinə bu gün olduqca ehtiyac var.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması hazırda ən aktual məsələlərindən biridir və komitə bu istiqamətdə aidiyyəti qurumlarla işini gücləndirəcək”. 

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Lent.az- açıqlamasında bildirib ki, Azərbaycan xalqının böyüklüyü də, Azərbaycan xalqının uğuru da bu kimi məsələlərdədir:

 

“Bu, bizim tarixi nailiyyətimizdir. Ayrı-ayrı xalqların nümayəndələri illərdir azərbaycanlılarla bir yerdə yaşayıblar və bir-birinə hörmət ediblər. Bu gün Azərbaycanda bir çox xalqların, dinlərin nümayəndələri yaşayır. Onların hamısının arasında yalnız sülh var. Onlar araslnda heç vaxt ayrı-seçkilik olmayıb. Bizim üçün istər yəhudi, istər xristian, istər başqa dinin nümayəndəsi - bütün bunların hamısına hər zaman yanaşmamız, münasibətimiz eyni olub. Biz hər kəsə böyük hörmətlə, ehtiramla yanaşmışıq. Bu mədəniyyət, artıq Azərbaycanda formalaşıb.

Dünyanın ayrı-ayrı ölkələrində bu mədəniyyət formalaşmayıb. Yəni bu mədəniyyət olmaya da bilər. Amma bizim ölkəmizdə isə artıq biz bu mədəniyyətin, bu dəyərlərin formalaşdığını görürük. Yəni bu, xalqımızın həm də böyük bir tarixi uğurudur, böyük bir nailiyyətidir. Və biz bu tarixi nailiyyəti unutmamalıyıq və bu tarixi nailiyyəti hər zaman təbliğ etməliyik və gələcək nəsillərə çatdırmalıyıq.

Ona görə də, bu mədəniyyət və ənənələr Azərbaycanda var. Azərbaycanda bu, artıq kök almış bir mədəniyyətdir, tarixi ənənədir. Bunu Azərbaycan xalqı uzlaşdıra bilib.

Dünyanın bir çox xalqlarından, bir çox dövlətlərindən fərqli olaraq biz bu mədəniyyəti formalaşdırmışıq.

Bu, özü də tarixi bir nailiyyətdir və onu göstərir ki, müxtəlif dinlərə, düşüncələrə, fikirlərə malik insanlar bir yerdə yaşaya bilərlər və bir-birinə hörmət bəsləyə bilərlər”. 

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc olunub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar