“Hər həftə duet oxuyuruq” - Şagirdi ilə videosu yayılan müəllim Lent.az-a DANIŞDI
26 sentyabr 2022 13:03 (UTC +04:00)

“Hər həftə duet oxuyuruq” - Şagirdi ilə videosu yayılan müəllim Lent.az-a DANIŞDI

Son günlər bütün sosial şəbəkələr bu müəllim və şagirddən danışır. O müəllim ki, şagirdi ilə onlayn duet oxuyaraq videolar çəkir.

Biz də duetləri sürətlə yayılan müəllimi daha yaxından tanımaq istədik. Həmin müəllim kimdir?

“Elfida” mahnısını şagirdi ilə ifa edən Qazax şəhər İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin direktor müavini Süleyman Həsənov trendə çevrilən videoları ilə bağlı Lent.az-a danışıb. 

Onunla müsahibəni təqdim edirik:

- Süleyman müəllimi oxucularımıza necə tanıdaq?

- 1963-ci ildə Özbəkistanda anadan olmuşam. Ali təhsilimi Rusiyada Kənd Təsərrüfatı Akademiyasında almışam. İkinci təhsilimi isə Müəllimlər İnstitutunun Qazax filialındandır. Orada idman müəllimliyi ixtisasına yiyələnmişəm. 

- Duet oxuduğunuz qız sizin şagirddir? 

- Türkan Rəhimova beşinci sinifdə oxuyanda məktəbdə 20 yanvara hadisələri ilə bağlı tədbir keçirirdik. Orada Türkan oxudu. Onun səsi xoşuma gəldi. Türkanı Qazax rayon Mədəniyyət Evinə apardım. Orada Vahid Bayramov onun səsini yoxladı. Dedi ki, üstündə işləmək lazımdır, yaxşı səsi var. Biz də başladıq səsin üstündə işləməyə. 

- Bəs, Türkan xanımla duet oxuyub video çəkməyi necə qərara aldınız?

- Biz Türkanın səsini düzəltmək üçün çalışırdıq. Ölkə üzrə pandemiya elan edildiyi üçün hazırlıqlarımızı yarıda qoymaq istəmədim. Ona görə düşündüm ki, video ilə duet oxuyaq. Beləliklə, “Cənab Leytenant” mahnısı ilə video duetlərimizə başladıq. Artıq 3 il olar ki, duet oxuyuruq. 

- Neçə müddətdən bir duet oxuyub çəkirsiniz?

- Əvvəllər hər həftə videolarımız yayımlanırdı. İndi Türkan 11-ci sinif olduğu üçün tez-tez video çəkə bilmirik. O, üçüncü qrupa hazırlaşır. Ona maneə olmaq istəmirəm. Ona görə videoları bir aydan bir çəkirik. İnşallah, Türkan universitetə qəbul olsun, daha tez-tez videolar çəkəcəyik.

- Süleyman bəy, hansı mahnıları duet etmisiniz?

- Dediyim kimi, ilk “Cənab Leytenant” mahnısı ilə başladıq. Daha sonra “Bağdad” mahnısını oxuduq. Rus, özbək, Azərbaycan mahnıları oxumuşuq. “Elfida”nı isə bir şagirdim xahiş etdiyi üçün oxuduq. Gəlib dedi ki, bu mahnı xəstə qıza yazılıb. Və Azərbaycanda həmin xəstəlikdən əziyyət çəkənlər var. Ona görə razılaşdım və oxuduq.

# 14703
avatar

Fidan İlqar

Oxşar yazılar