"İnsan Allahdan cəsarət istəyəndə, o cavab olaraq hünər meydanı verir" - Tərlan Eyvazov
26 iyul 2022 15:29 (UTC +04:00)

"İnsan Allahdan cəsarət istəyəndə, o cavab olaraq hünər meydanı verir" - Tərlan Eyvazov

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə

 Vətənpərvərlik nədir? Bu suala ən gözəl cavabı mərhum prezident Heydər Əliyev vermişdi:

 “Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

Vətən sevgisi ana laylasından başlayır. Düzgün tərbiyə olunmuş övlad sabahın layiqli vətəndaşı deməkdir. Azərbaycan gəncliyi son 30 ildə böyük sınaqlardan keçdi. Hələ beşikdəykən yurd itkisi, didərgin taleyi yaşamış körpələrin qismətinə işğal edilmiş torpaqları geri qaytarmaq da yazıldı. Məşhur kəlamda deyildiyi kimi, beşikdə gedənlər, tanklarda qayıtdılar. Həm də böyük zəfər üçün.

Azərbaycan gəncliyinin ən böyük sınağı Vətən müharibəsi idi. Vətən müharibəsi dövründə Azərbaycan  gəncləri müharibədə fəal iştirakla yanaşı informasiya müharibəsində düşmənə layiqli cavab verdilər. Bu dövr ərzində düşmən mediasının yaydığı dezinformasiyaların qarşısı layiqincə, savadlı arqumentlərlə, əsaslandırılaraq alındı, dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması yolunda xeyli iş görüldü.

Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov Lent.az-a verdiyi açıqlamada Azərbaycan gənclərinin yüksək potensiala malik olduğunu bildirib.

“Son 30 ildə gənclərin milli ruhda tərbiyəsi yönündə aparılan işlər özünü doğrultdu, nəticədə göstərdi.  Biz 2020-ci ildə 44 günlük müharibə zamanı əsl Azərbaycan gəncliyini gördük. Bir maraqlı fikrə diqqət çəkmək istəyərdim. İnsan Allahdan qəhrəmanlıq, hünər, cəsarət kimi məziyyətlərə sahib olmağı istəyəndə Allah ona bunu verir, lakin bu məziyyətləri göstərmək üçün hünər meydanı da verir. Oğul sahibi olan hər bir azərbaycanlı oğlunun cəsur, igid , hünərli biri olmasını arzu edir. Və onların hamısı oğullarının igidliyinin şahidləri oldular. II Qarabağ müharibəsi günlərində on minlərlə gəncimiz könüllü şəkildə səfərbərlik xidmətlərinin qarşında düzüldü, təbii, döyüşə getmək istəyənlər arasında yaşlı nəslin nümayəndələri də var idi. Amma müharibə, səngər enerji tələb edir, sağlamlıq tələb edir. Biz belə bir nəslin yetişməsindən xəbərsiz idik, çox zaman yeni yetişən nəslin təlim-tərbiyəsindən narazılığımızı bildirirdik. Amma onlar öz canları, qanları bahasına yanıldığımızı sübut etdilər”, - deyə ekspert qeyd edib. 

Onun fikrincə, baş verən müəyyən neqativ hallar  işlərin yüksək səviyyədə qurulmamasından xəbər verir. 
“Çoxlu sayda  tələbə gənclər təşkilatları, bütün partiyaların gənclər qolu var. Çox zaman gənclərin ictimai, siyasi işlərə cəlb olunması görüntüləri var, amma bu sadəcə görüntüdür. Gənclərin böyük əksəriyyəti bu işlərdən kənarda qalır. Halbuki onlar böyük bir qüvvədirlər, düzgün yönəldilmələrinə həmişə ehtiyac var. Bir çox istedadlı gənclərimiz xaricdə təhsilə gedib, geri qayıtmırsa, qayıdanlar səviyyəsinə və bacarığına uyğun işlə təmin olunmursa, bu o deməkdir ki, görüləcək işlər var. Bəzi məqamlar diqqətdən kənarda qala bilməz”, - deyən ekspert Azərbaycan gənclərini narahat edən sosial problemlərə də diqqət çəkib:

“Dünya dəyişir və təbii ki, Azərbaycan gəncliyi də bu axından kənarda qalmır. İndi gənc öz sosial rifahını yüksəltməyincə ailə qurmağa can atmır, indiki gənclik ailə qurub sərbəst yaşamaq istəyir bütün bunlar üçün isə  iş tapmalı, ipoteka şərtləri əlçatan olmalı, aldığı maaşla ailəsini təmin edə bilməlidir. Gənclərin məşğulluq problemi aradan qaldırılmalıdır ki, narkomaniya kimi bir bəlanın cənginə düşməsinlər”.

Ekspert  dövlət qulluğuna  işə qəbul zamanı gənclərə üstünlük verilməsini müsbət tendensiya kimi qiymətləndirib. 
O gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin orta məktəblərdə təşkili barədə də danışıb. 

“Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı işləri  rəngarəng olmalıdır. Əvvəllər “Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və başqa təşkilatlarla birgə məktəblilər arasında "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunları keçirilirdi. Bu  kimi tədbirlər gənclərdə hərb sənətinə böyük maraq yaradır. Müharibədən sonra azərbaycanlı yeniyetmələrdə yaranmış böyük sevgi və marağı itirmək olmaz. Məktəblərdə Azərbaycan ordusunun yaradılması günü  təntənəli surətdə qeyd edilməli,  uşaqların hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyalarının təşkil olunması, Qarabağ müharibəsinin veteranları və milli ordunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməsi  gözəl olardı. Təhsil müəssisələrində “Qarabağ dərsləri”, “Qarabağ müharibəsi qəhrəmanları”, “Şuşa əməliyyatı” mövzularında ustad dərslərinin keçirilməsi çox yaxşı əticələr verər. Bu gələcəyimizə  qoyulan yatırımdır. Bu günün məktəblisi olan oğlan sabahın əsgəri, Azərbaycan dövlətinin təmsilçisidir.
Ordumuzun əsas hissəsini  gənc çağırışçılar təşkil edir. Peşəkarlarla yanaşı, təcrübəsiz gənclərdən ibarətdir. Amma onların hamısı  bizim qürurumuzdur. Ölkəmizin gələcəyi,  əsas yükü enerjili  gəncləirin çiynindədir və bu gənclik bizi layiqincə sabaha aparacaq. Bizim gənclik vətəninə, millətinə, elinə və adət-ənənələrinə bağlı gənclikdir”,- deyə Tərlan Eyvazov bildirib.

 

 Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

# 3090
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar