Kimsəsiz Səbuhinin arxasıyla gedən insan seli –  REPORTAJ
14 sentyabr 2022 14:00 (UTC +04:00)

Kimsəsiz Səbuhinin arxasıyla gedən insan seli – REPORTAJ

Səhəri dirigözlü açdım. Ara bir oğlumun nəfəsini dinlədim, saçlarının ətrini ciyərlərimə çəkdim. Balasını itirən anaların yerinə ciyərlərim yandı sanki. Utandım, onu itirmək qorxusu da gəldi keçdi ürəyimdən. 50 ailədəki hüznün ağırlığı ilə şəfəq sökülərkən qurd kimi ulamağım gəldi. 

Yata bilmirəm, SOS uşaq evində böyümüş Səbuhi balamın dəfninə gedəcəm. Bilirəm ki, tək olmayacaq, onu yola salmağa çoxlu sayda insan gələcək. 

Səhər saat doqquzun yarısıdır. Şəhər çox sakit, gündəlik həyatını yaşayır. II Şəhidlər Xiyabanında isə qələbəlik var. Hamı mənim kimi tələsə-tələsə qaçır Səbuhinin mərasiminə.

Gizir Səbuhi Əhmədov bir igidə yaraşan şəkildə torpağa verilir, məzarı başında hərbiçilər yaylım atəşi açırlar. Bükülüb gətirildiyi bayraq qardaşına təqdim olunur. Yüksək pafosla deyilən sözlər yoxdur. Xiyabana elə hey uşaqlar, gənclər axışır. Aydın olur ki, SOS-un yetirmələridir. Qucağında körpəsi ilə gələn gənc ananın yanındakı xanıma ağlaya-ağlaya dediklərini eşidirəm. “Mən elə bilirdim kimsə olmayacaq. Biz nə qədər çoxuqmuş. Can, ay Səbuhi”.

Əllərində bayraqlar tutmuş yüzlərlə gənc, müxbirlər, özəl və dövlət qurumlarından gələnlər məzarı o qədər sıx əhatə ediblər ki, onu “balam” deyib ağlayan ananın üzünü görə bilmirəm. “Onun anası bütün şəhid analarıdır, ay ellər, Səbuhi yetim deyil, onun istəyəni nə çox imiş, ay ellər” deyib nalə çəkir qadın səsi.

Üz-gözündən Səbuhinin qardaşı olduğu bilinən bir gənc diz çöküb məzar başında. Adı Sənandı. Yanımda dayanmış için-için ağlayan qız astadan danışır, bilmirəm mənəmi deyir, özüyləmi danışır. “Can ay Sənan, sən necə dözəcəksən bu dərdə, bacın ölsün. Səbuhi kimi qardaş itirmək balaca iş deyil. Səbuhi qardaş deyildi, dədəmiz idi bizim”. 

Dönüb sorğu-sual edirəm. Deyir Səbuhi hərbi xidmətdən sonra gizir kimi qalıb xidmət etməyi özü seçib. 2 yaşları olandan yetim qalıblar, SOS uşaq evində böyüyüblər. Sənan evlidir, Səbuhi isə onların təkidi ilə özünə ömür gün yoldaşı seçməyə razılıq veribmiş. Deyib, siz qız tapın, amma elə xanım olsun ki, hərbi həyatının nə demək olduğunu anlasın, mən iynə olacam, o sap, hara getsəm, hansı rayonda xidmət eləsəm, arxamca gələcək. Birdən əli ilə üzünü örtüb hönkürür, boğula–boğula “uşaqlıqdan bir yerdə böyümüşdük. Deyirdi sənin uşaqlarının dayısı da , babası da mən olacam. Biz evləndik, o, subay idi. Gələndə qızıma saçlarına taxmağa qırmızı lent və don almışdı. Qızıl kimi ürəyi var idi onun, Ay Allah, niyə yaxşı oğullarımız həlak olur axı?”.

Onsuz da çəlimsiz olan Sənan bir az da büzüşüb, elə bil məzara atılan torpaq onun başına, çiyinlərinə tökülür. Bu gün onun doğum günüdür, həyatda ona ən əziz olan varlığı bu gün əlləri ilə torpağa tapşırır. Bir də yadına doğum günü qeyd etmək düşəcəkmi görən? 14 sentyabrı daha ürək ağrıları, göynəmə ilə xatırlayar şəhid qardaşı.

Səbuhinin məzarının arxa tərəfindəki hazır məzarları iki nəfər qazmağa başlayır. Torpaqla doldurulmuş məzarları boşaldırlar. Şəhidlər üçün hazırlanır. ”Savabdı” deyib  yaxınlıqdakı gənclər onlara qoşulurlar. 10-15 məzar boşaldılmağa başlayır. Daha çox sükut var. Bir neçə nəfər şəhidlər haqqında marş oxuyur, kütlə onlara qoşulur. 

38-40 yaşlarında bir ananın ürəyi sıxılır, yıxılmamaq üçün qolumdan tutur. Üzünə su çiləyib kömək etməyə çalışıram. Deyir, oğlu Laçında xidmət edir, dünəndən xəbər ala bilməyib, ölüb-dirilir. Amma Səbuhini yola salmağı özünə borc bilib. Rəngi saralmış, gözlərinin işığı getmiş, saçları zamansız ağarmış bu ananın qoluna girib II Şəhidlər Xiyabanından ayrılıram, nə etsəm də göz yaşlarıma sözüm keçmir. Ağı keçir ürəyimdən bütün şəhid qardaşlarıma:

Analar yanar ağlar,
Saçların yonar ağlar,
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.

Tanrı, sən varsansa görürsən, bilirsən, bəs, niyə susursan axı?

# 9315
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

27 noyabr 2022 , 17:48
Qadınların  10 yaşlı oğlanlarla   evləndiyi tayfa

Qadınların 10 yaşlı oğlanlarla evləndiyi tayfa

27 noyabr 2022 , 14:53
Sabah bu insanlar üçün problem yarana bilər

Sabah bu insanlar üçün problem yarana bilər

27 noyabr 2022 , 14:24
Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

27 noyabr 2022 , 12:47
Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

27 noyabr 2022 , 11:10
Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07