Məhsul vaxtı keçdikdən sonra 2-ci dəfə satışa çıxarılırmış - Bakıda şok olay
07 sentyabr 2022 18:00 (UTC +04:00)

Məhsul vaxtı keçdikdən sonra 2-ci dəfə satışa çıxarılırmış - Bakıda şok olay

Qadın zibil yeşiklərindən vaxtı keçmiş ağartı məhsullarını yığıb, evinə aparır, sellofan paketlərə yığıb, bazarlarda satır.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi 84 ünvanında qeydə alınan hadisə ilə bağlı məlum videonu qaynar xəttimizə Murad Musayev adlı şəxs göndərib. İddia edir ki, Nuranə Səfərova adlı qadın “İvanovka” şorlarının istehsalı ilə məşğul olan “Master Milk” adlı istehsal sexinin zibil yeşiklərinə atdığı vaxtı keçmiş ağartı məhsullarını götürərək evinə gətirir. Daha sonra onları qablaşdıraraq bazarlarda satır. Məsələni araşdırmaq üçün sözügedən ünvana yollandıq.

Murad Musayev deyir ki, İsmayıllı rayonuna məxsus “İvanovka” adlı şor məhsulunu arxadakı müəssisədə istehsal edirlər: “Burada maraqlı bir hadisənin şahidi oldum. Gördüyünüz bu məişət tullantıları üçün nəzərdə tutulan, qablara atılan, vaxtı keçmiş ağartı məhsullarını qadın yığıb aparıb, evdə yenidən qablaşdıraraq 8-ci kilometr bazarında satışa çıxarır”.

Elə həmin ünvanda yaşayan qadının evinə yolandıq. Gördüklərimiz bizi sözün əsl mənasında dəhşətə gətirdi.

Məsələ burasındadır ki, qadının övladları da faktı təsdiqlədi. Hətta bildirdilər ki, anaları uzun müddətdir ki, sözügedən istehsalat sexində çalışır.

Diqqət çəkən məqam isə adıçəkilən şəxsin yəni Nuranə Səfərovanın məsələ ilə bağlı açıqlamasının bir-birini tamamlamaması oldu. Gah “Mən ümumiyyətlə belə hərəkət etməmişəm” dedi, gah da “etmişəmsə, ancaq uşaqlarıma vermişəm” dedi: “Mən zibillikdən şor yığmıram. Mən heç kimdən qorxmuram, mən pis heç nə etməmişəm. Mən onları yalnız evimə gətirirəm. Gətirmişəm, danmıram. Görürəm ki, atılıb, götürürəm gətirirəm. Mən o sexdə çalışmıram. Yalan söhbətdir. İndi yenə gedib paltarımı dəyişib, gedəcəm işləməyə. Mən 300 manat maaşla dolana bilmirəm. Məcburam zibillikdən sellofan, “kauçuk” yığıb satıram. Mən o alçaqlığı elədim, götürdüm gətirdim ki, nəsə edim. Gördüm ki, üstləri saralıb xarabdır, sonra atdım”.

Qadının çalışdığı “Master Milk” istehsal sexinə yolandıq. Çəkiliş qrupumuzu görən kimi qapıları bağladılar. Amma buna baxmayaraq arxa qapıdan içəri keçməyə nail olduq. Sualımıza aldığımız cavab isə sözün əsl mənasında tragikomik idi.

İnsanların ömründən almağın yanında vaxt almaq nədir ki ? Qanunla fəaliyyət göstərən bir qurum niyə belə etsin ki? İşçilərinin cəmiyyəti zəhərləməsinə niyə göz yumsun ki? Bu və ya digər suallar çoxdur. Amma təəssüf ki, heç birinə cavab ala bilmədik.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, belə hadisələr ifşa olunmalıdır, özü də birmənalı şəkildə: “Belə məsələləri görən insanlar təcili olaraq 1003 qaynar telefon xətti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Belə informasiya heç vaxt gizlədilməməlidir. Təəssüflər olsun ki, mövcud qanunvericiliyə görə tez müdaxilə etmək mexanizmi yoxdur, ona görə biz təklif edirik ki, Qida Təhlükəsizliyi Agentliyi əsasnaməsində dəyişiklik olsun və bu kimi hallar və yaxud hər hansı təhlükəli qidanı satan insanlara cəld müdaxilə etmək mexanizmləri mövcud olsun. Əgər bizə müraciət olunarsa, bizim vasitəmizlə də AQTA-ya məlumat verə bilərik və üstəlik AQTA-nın çatışmayan cəhətlərindən biri budur ki, onlar ictimai rəydə gedən fikirləri yaxşı təqib etmirlər və ya etmək istəmirlər. Düşünürəm ki, bu mövqe də tam dəyişməlidir”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ artıq nəzarətə götürülüb: “Sizin qaldırdığınız məsələ ilə bağlı artıq vətəndaşlarla 1003 qaynar xəttimiz tərəfindən əlaqə saxlanılıb və həmin məsələ, eyni zamanda, göndərdiyiniz həmin o video görüntülər və fotolar da qeydə alınaraq araşdırılması üçün müvafiq struktur bölməyə yönləndirilib və onu bildirmək istəyirəm ki, artıq Bakı Regional Bölməsi tərəfindən məsələ nəzarətə götürülüb və bununla bağlı araşdırma başlanılacaq və həmin araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək. Onu da bildirim ki, vətəndaş tərəfindən hər hansı bir qanun pozuntusu öz təsdiqini taparsa, bununla bağlı Hüquq Mühafizə Orqanlarına məlumat veriləcək və məsələnin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi həyata keçiriləcəkdir”.

Mövzunu gündəmdə saxlayacağıq. Ümid edirik ki, cəmiyyətimizi zəhərləyən sapı özümüzdən olan baltalara qarşı sərt tədbirlər görüləcək.

# 2997
avatar

Oxşar yazılar