“Novruzun bu adət-ənənələri sonradan yaradılıb” –  Alimlə MÜSAHİBƏ
07 mart 2023 16:34 (UTC +04:00)

“Novruzun bu adət-ənənələri sonradan yaradılıb” – Alimlə MÜSAHİBƏ

Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas İlhamə Qəsəbovanın Lent.az-a müsahibəsini təqdim edirik:

- Novruz bayramının milliliyi nə ilə bağlıdır?

- Novruz Bayramı uzun qış gecələrindən sonra xalqımızın həvəslə gözlədiyi yeni il, yeni gündür. Novruz bayramının mahiyyətində birləşmə, insanların bir araya gəlməsi, bütövləşmə, milliləşmə anlayışı var. Bu bayram həm cəmiyyət, həm də təbiət bərabərliyi anlamına gəlir. Təbiətin dirilməsi bu bayramın əsas özəyini təşkil edir. Novruz bayramının boz ayına təsadüf edən 4 çərşənbəsi var. Bu bayramın hər çərşənbəsində keçirilən xüsusi adət-ənənələr var. Təbii ki, bu çərşənbələr hər bölgədə fərqli şəkildə keçirilir. Çünki hər bölgənin özünün xüsusi milli-mənəvi adət-ənənələri var. Bildiyimiz kimi birinci çərşənbə su çərşənbəsidir. Su paklıq, müqəddəslik, dirilikdir. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Od çərşənbəsində inanca görə, dünyasını dəyişən əzizlərimiz həmin gün evləri ziyarətə gəlir. Yel çərşənbəsi isə müxtəlif rayonlarda fərqli şəkildə keçirilir. Bu çərşənbəni bəzən yel yox, yelli çərşənbə adlandırırlar. Sonuncu çərşənbə də müxtəlif bölgələrdə müxtəlif şəkildə keçirilir. İnanca görə, sonuncu çərşənbədə açdığımız süfrələr ilboyu bizim bolluq və bərəkət içində yaşamağımız deməkdir. Qədim zamanlarda bayram çərşənbələrində 5-6 nəfər yığışıb heyvan alardılar. Əvvəlcədən ətin hansı hissəsinin hansı ailəyə düşməsini müəyyən etmək üçün adları kağıza yazıb püşk atırdılar. Daha sonra isə əti bərabər hissəyə bölürdülər. Kimin adı ətin hansı hissəsinə düşübsə həmin şəxs payını götürüb evinə aparardı.

Çərşənbələrin içində daha vacibi, inanc və düşüncə sisteminə görə axırıncıdır. Çünki həmin çərşənbədə əyləncə xətrinə olan ritualların çoxu inancdır. Ritualların əsas mahiyyəti də, müəyyən ayinlərin icra olunması, fala baxmaq, qapı pusmalar, qulaq falı, niyyət tutmaq və s...

- İlhamə xanım, bəs çərşənbələrin sıralanması nə ilə əlaqəlidir?

- Çərşənbə şənbədən sonrakı dördüncü gün deməkdir. El arasında boz ayının birinci, ikinci, üçüncü çərşənbəsi kimi hesab edilir. Qədim dövrlərdən ikinci gün ağır sayılır. Bu günü dəf etmək üçün də çərşənbələr keçirilir. Türk düşüncə sistemində, mifologiyasında, hər günün öz sahibi, öz qoruyucusu var idi. Çərşənbə haqqında da xüsusi bir inanc var. Amma bunun inanc sisteminə aid olmamışdan qabaq da bir kökü var. Tarixən həmin gün ağır gün kimi qeyd olunub. Alimlərin fikrincə, həmin dövrdə şər qüvvələr daha fəal olur. Gecə-gündüz bərabərliyində şər qüvvələr o qədər fəallaşır ki, onlar bütün varlığı ilə mübarizə aparırlar. Bu səbəbdən də həmin günü şən keçirmək, şadyanalıq etmək lazımdır. 

- Bayramda xonçanın qurulması və ona şam düzülməsi nəyə işarədir?

- Novruz bayramında xonçalarda yanan şam ocaq deməkdir. İnanca görə, bəzi bölgələrdə güzgü və ya alma qoyurlar. Bunların hər birinin mifoloji düşüncəyə görə, rəmzi mənaları var. Şamları bəzən xristianlıqla əlaqələndirirlər, amma bunun heç bir əsası yoxdur, istəyir şam olsun, istəyir o vaxt atılan, hətta bəzi rayonlarımızda indi də qalan lopalar olsun, bunların hamısı hansısa formada günəşi, odu, hərarəti stimullaşdırır.

- Süfrəyə "s" hərfi ilə başlayan 7 nemət qoyulur. Bu, nədən qaynaqlanır?

- Azərbaycan xalqı hər zaman süfrə mədəniyyəti ilə seçilib. İlaxır çərşənbədə "s" hərfi ilə başlayan nemətlər süfrəni bəzəyir. Düşünürəm ki, süfrəyə “s” hərfi ilə başlayan nemət qoymaq adəti daha sonradan yaradılıb. Çünki qədim zamanlarda belə bir adət-ənənə olmayıb. Bəzi adət-ənənələr sonradan yaradılıb. Əlbəttə ki, biz bu adət-ənənələri fərqində olmadan zaman keçdikcə dəyişirik. 

- Çillələrin mənası nədir? Bunlar arasında hansı fərqlər var?

- İnsanlar çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağır gecələri 3 yerə bölüblər: böyük çillə, kiçik çillə və boz ay. Çillənin daxil olması da məhz məşəqqətlərin daxil olması ilə başlayır. İnsanlar çilləyə qarşı öz müqavimətlərini hazırlayırlar. Böyük çillə nisbətən sakitdir. Amma kiçik çillə daha sərtdir. Kiçik çillədə hava daha soyuq və şaxtalı olur. Boz ayında isə hava daha dəyişkən olur. Keçmiş dövrdə “Çillə bayramı”nı xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bayram günü, demək olar ki, bütün evlərdə “çillə qarpızı” kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində “çillə qarpızı” olsun. Qarpız çillə gecəsinin ən gözəl, ən şirin payı hesab edilir. “Çillə qarpızı”na bolluq, bərəkət rəmzi kimi baxılır.

- Novruz bayramı İslam dini ilə əlaqəlidirmi?

- Şəxsən mən Novruz bayramı ilə İslam dini arasında heç bir əlaqə qurmuram. Çünki bu bayramın islam dini ilə əlaqəsi yoxdur. Bu xalqın yaradılışı inamı və mifoloji düşüncəsi ilə əlaqələndirilir. Novruz bayramı xüsusilə türk dövlətlərində keçirilir. Amma bizim ölkədə daha təmtəraqlı şəkildə keçirilir.

# 8808
avatar

Arzu Qurbanlı

Oxşar yazılar