Özünə psixoloq lazım olan psixoloqlarımız - REPLİKA
01 fevral 2023 12:59 (UTC +04:00)

Özünə psixoloq lazım olan psixoloqlarımız - REPLİKA

Bizim millətin qeybət eləmək  kimi “yaxşı” bir ənənəsi vardı. Ürəyin dolanda gedirdin qohuma-qonşuya, kimə acığın tutubsa, onun haqqında danışıb, ürəyini boşaldırdın, bir seansa olurdun quş kimi. Nə pul vermək lazım gəlirdi, nə də 12 seans ayaq döymək. 

Ölkəmizdə psixoloqa getmək modası yaranandan sonra (əvvəllər psixoloqlara gedənə bir az dəli kimi baxardılar, indi bu çox zaman dəb və göstəriş xətrinə edilir) özünü psixoloq edənlərin sayı və xidmət haqları artdı nə artdı. 

Ömrün müxtəlif mərhələlərində hamımızın psixoloqa ehtiyacı ola bilər və gileyimiz peşəkarlardan deyil, bu sahədə at oynadan saxtakarlardandır.

Öncə onu deyək ki, psixoloqların çoxu öz xidmətləri üçün elə fantastik qiymətlər qoyublar ki, bir  ətək pul töküb psixoloqa gedəsi olsan, stressdən təzə xəstəlik tapırsan. 

İcbari Tibbi Sığorta psixoloq xidmətlərini zərfə daxil etməyib. Psixoloqlar isə yalnız pullu mərkəzlərdə xidmət göstərirlər. Niyə? Bəyəm pulu olmayanın dərdi - səri, danışmağa sözü yoxdur? Ya bu elmi ciddi elm sahəsi, psixoloji travmaları da xəstəlik hesab etmirlər? 

Bəlkə elə ciddiyə alınmır deyə özünü psixoloq elan edən saxtakarların sayı gündən-günə artır. Ali məktəblərdə sosiologiya, pedaqogika, psixologiyanın müxtəlif sahələri üzrə bir semestr dərs almış hər kəs özünü psixoloq hesab edir.

Ölkədə barmaqla sayılacaq qədər adla deyilən psixoloq var. Ona görə adla deyilirlər ki, yaxşı reklam olunublar, televiziya kanalları və sosial şəbəkələr vasitəsilə üzləri insanlara hər hansı bir aktyor və müğənninin üzündən daha çox tanışdır. Bizim camaat həkimi reklamdan, televiziyadan seçir, “tanınırsa yaxşıdır” inancı ilə yaşayır. Bu inancdan istifadə edən “efir psixoloqlarının” qoyduqları xidmət haqqı elə buna görə cib yandırır. Çünki bilirlər, bizim insanlarımızda bahalı olan hər şeyin keyfiyyətli olması düşüncəsi var.

Psixoloqlar içində yüksək qiyməti üzrə lider Babək Bayramlıdır. Bir saat qəbul və ya seans 250 manat təşkil edir. Kənan Rəhimovun əyani qəbulu və hər seansı 200 manat, Tamilla Əliyevanın bir saatı 180-200 manat, Günel Xəlilovanın 1 saatı 130 manat, Narınc Rüstəmovanın 1 saatı 100 manat, həyat yoldaşı, psixoloq Elnur Rüstəmovun 1 saatı 80 manat, qalmaqallı açıqlamaları və “seksi” görkəm, danışığı ilə daha çox yadda qalan Samirə Bağırovanın 1 seansı 150 manatdır. Psixoloqun  yanına ən az 5 dəfə gedib gəlmək lazımdır.  

Öz aramızdır beyin əməliyyatı bundan daha ucuz başa gələrdi axı.

Hələ mən alternativ yollarla müalicə edən enerqoterapevtləri, hipnozçuları demirəm. Qiymətlər 200-300 manatdan başlayır. Bir dəfə peşə marağım üstün gəldi, sınaq üçün bir məşhur mütəxəssisin yanına getdim, hipnoz eləməsini istədim. Heç nə alınmadı. Yəqin pulsuz seans idi deyə tutmadı məni.

Əslində ən böyük problem bahalıq yox, bu sahədə çoxlu sayda qeyri-peşəkarların fəaliyyət göstərməsidir. Əvvəllər başqa peşədə çalışan şəxsin qəfildən psixologiya sahəsinə gəldiyini eşidirik. Bu sahədə ali təhsil almadan, təcrübə keçmədən, reklam məqsədi güdən hər hansı kurslara gedir və oradan aldıqları sertifikatla olurlar bahalı psixoloq. Saç ustası, dırnaq qaynaqçısı, əri yaxşı vəzifədə olan evdar xanım, hətta qədim peşə sahibləri belə, ofis açıb, üstünə də psixoloq yazmaqla qaz vurub qazan doldurmaq eşqinə düşüblər. Hamıya ağıl satan bu adamlar harada oxuyublar, hansı diplomun sahibidirlər, o diplom saxtadırmı? Bunu nə Səhiyyə Nazirliyi araşdırır, nə də o məşhura müraciət edən pasiyent. Qəbul otağında divara vurulmuş bir neçə sertifikat şəkli ilə təsəlli tapırlar, vəssalam.

Bu peşəyə illərini verib oxuyan, təcrübə keçən psixoloqla, adi psixologiya kursunu bitirmiş şəxsin müalicə üsulu arasında böyük fərq olur. Adi kursu bitirmiş şəxs həyatda yaşadıqlarından, gördüklərindən nəticə çıxararaq insanları müalicə edir, əsl psixoloq elmi araşdırmaları əsas götürür. Bayaq dediyim qaydada, bir saç ustasının, kosmetoloqun, qədim peşə sahibinin öz həyat təcrübəsini pasiyentinə köçürməsinin nə dərəcədə ağır fəsadı ola bilər, təsəvvür edirsinizmi? Belə saxtakarlardan ağıl alan çox qadınlar onların tövsiyələri ilə ailəsini dağıdır, ətrafındakılara qarşı döyüşçü ruhuna bürünür, daha nələr, nələr…

Ağası gülüm olanın...

# 2778
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar