Qadın müəllim oğlanlara pis təsir edir? – PSİXOLOQ DANIŞDI
29 dekabr 2022 20:15 (UTC +04:00)

Qadın müəllim oğlanlara pis təsir edir? – PSİXOLOQ DANIŞDI

Bu gün Azərbaycanda kişi müəllimləri qadın müəllimlərinə nisbətən azlıq təşkil edir. 

Əksəriyyət qadın müəllimlərin tərbiyəsinin üstünlük təşkil etməsinin oğlan uşaqlarının psixologiyasına mənfi təsir etdiyini düşünür. Bəzi valideynlər isə orta məktəblərdə kişi müəllimlərin sayının artmasının tərəfdarıdırlar. 

Xüsusilə də qız anaları əksinə məktəblərdə kişi müəllimlərinə ümumiyyətlə yer verilməməlidir deyə düşünür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açıqlamalarının birində bildirib ki, qadın müəllimlər tərəfindən oğlan uşaqlarının tərbiyə olunması xoşagəlməz nəticələrə səbəb olur.

Maraqlıdır, həqiqətən qadın müəllimlər oğlan uşaqlarının psixologiyasına təsir edir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, əvvəlki illərə nəzər salsaq, məktəbdə dərs deyən qadın müəllimlərin daha üstünlük təşkil etdiklərini görərik. 

Onun sözlərinə görə, həmin vaxtlar anaya, bacıya, ümumilikdə qadınlara olan hörmət daha çox idi:

“Biz bu gün deyə bilmərik ki, qadın müəllimləri uşaqları çox mənfi xüsusiyyətlərə cəlb edir. Bu çox yanlış bir düşüncədir. Çünki qadın müəllim hər şeydən əvvəl anadır. Övladlarımızın daha düzgün bir şəkildə yetişdirilməsində onların çox böyük rolu var. Çünki qadınlar bəzi emosiyalarını saxlaya bilirlər. Şagirdlərdə tutduğu hər hansı bir iradı elə bir şəkildə bildirirlər ki, uşağın qəlbi qırılmasın. Bu yaxınlarda kişi müəllimin şagirdi döyməsi məsələsinin nə qədər böyüdüyünü gördük. Kişi müəllimlərə nisbətən qadın müəllimlər yeniyetmə ilə yola gedə bilir və onun yaş psixologiyasını daha yaxşı başa düşür”.

Psixoloq fikirlərinə davam edərək həmçinin bildirib ki, bu gün bəzi insanlar cinsinə görə peşələri ayırırlar:

“Məsələn elə insanlar var ki, mühəndisliyi kişiyə, həkimliyi isə qadına yaraşdırır. Bu, heç də düzgün bir yanaşma deyil. Çünki bizim elə mühəndis qadınlarımız var ki, bu gün onlar çox böyük uğurlar qazanıb. Eynilə kişi həkimlər, kişi aşpazlar bu gün qadınlara nisbətən daha uğurludurlar. Bu baxımdan düşünürəm ki, cinsinə görə peşələri ayırmamalıyıq”.

# 9786
avatar

Arzu Qurbanlı

Oxşar yazılar