“Qarabağın torpağı da, suyu da bütün Azərbaycan üçün qan damarıdır” - MÜSAHİBƏ
18 iyul 2022 17:43 (UTC +04:00)

“Qarabağın torpağı da, suyu da bütün Azərbaycan üçün qan damarıdır” - MÜSAHİBƏ

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə

Deputat Naqif Həmzəyev Lent.az-a müsahibəsində Qarabağa “Böyük qayıdış”la bağlı fikirlərini bölüşüb.

- Naqif müəllim, biz xalq olaraq 44 günlük müharibədən zəfərlə çıxdıq. Məlum məsələdir ki, müharibə həm də böyük maliyyə vəsaiti, böyük iqtisadi güc tələb edir. Müharibədən çıxmış dövlət olaraq işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinə  dərhal start verdik. Qarabağın yenidən abad edilməsi, əvvəlki halına gətirilməsi üçün iqtisadi potensialımız yetərlidirmi?

- Biz hamımız qanımız bahasına  işğal olunmuş torpaqlarımızı geri aldıq. Əsas  problemi həll etdik. Torpağı aldınsa gərək onu qoruyasan, əkib-becərəsən. Ermənistan bu ərazilərdə daşı daş üstə qoymamışdı, viran eləmişdi. Cənab Prezident qələbəmizin elə ilk günündə bəyan elədi ki, biz bu torpaqları yenidən cənnətə çevirəcəyik, məcburi köçkünlər də öz yurd-yuvalarına  qayıdacaq. Ötən  aylar ərzində biz bunun canlı şahidi olduq. Məsələ təkcə sakinlərə ev tikməklə bitmir. Öncə ərazilər minalardan təmizlənməli, sonra infrastruktur qurulmalı idi. Az bir müddətdə işıq  və qaz xətləri, yollar çəkildi, beynəlxalq statuslu hava limanı tikildi, su təchizatı öz həllini tapdı.  Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda infrastrukturun qurulmasını mərhələli şəkildə həyata keçirdik. Və artıq ilk böyük köçə hazırıq. Sabah, yəni iyulun 19-da ilk köç nəzərdə tutlub. Ağalı kəndinə 41 ailə köçürüləcək. Təbii ki, yalnız köçürülmə ilə iş bitmir. Ora köçən ailələrin təhlükəsizliyi, məşğulluğu təmin olunmalıdır. Dövlət artıq  bu tədbirləri görüb. Məktəbdə, səhiyyə ocağında və digər qurumlarda işləyəcək insanlar da  müəyyənləşdirilib. Proses asan görünsə də, əslində asan deyil və biz hazırda çox böyük bir işin altından çıxmaqdayıq. Bununla yanaşı, digər ərazilərdə də yaşayış məntəqələrinin tikilməsinə başlanacaq, Şuşa şəhərinin Baş Planı təsdiqlənib. Biz əziz Şuşamızın qədim obrazını qorumaqla, onu yeni libasında görəcəyik. Bizim özümüzün maliyyə gücümüz yetəridir, lakin dost ölkələrin tikinti şirkətlərinin də burda fəaliyyətinə yaşıl işıq yandırmışıq. İsrail, Türkiyə, İtaliya şirkətləri bu proseslərdə yaxından iştirak edirlər. Həmçinin Rusiya şirkətləri burda var. Özbəkistan dövlətinin hesabına bir orta məktəb tikilib Azərbaycana hədiyyə ediləcək. 

- Sizcə böyük qayıdışın tamamlanması, doğma yurdların tamamilə məskunlaşması nə qədər müddətə başa çatar?

- Yəqin ki, 5-10 il zamanımızı alacaq. Bu o qədər  də asan iş deyil. Dövlətimizin bu işin öhdəsindən gələcəyinə inanıram.

- Torpaqlarımızın minalardan təmizlənməsi ən böyük problemimizdir. Bu məsələ hansı səviyyədə həll olunur?

- Ermənistanda mina zavodu fəaliyyət göstərir. Onlardan ötrü torpaqlarımızı minalarla zəhərləmək o qədər də problem olmayıb. Təmizlənmə işləri aparılır, bura ən yaxşı mütəxəssislər, xarici şirkətlər cəlb olunub. Bunu yəqin çoxları bilir ki, onlar  minaları basdırarkən sürpriz metodlardan istifadə ediblər. Minalar  heç də sadə şəkildə basdırılmayıb,  üst-üstə qoyulan, ağaclardan asılanlar, meşələrə, yaşayış binalarına yerləşdirilən  minalar var. Əldə etdiyimiz mina xəritələri də dəqiq deyil. Azərbaycan minalardan təmizləmə işinə də xeyli  vəsait cəlb edir. Bizim üçün ilk növbədə vacib olan əhalinin təhlükəsizliyin  təmin edilməsidir və hazırda bu istiqamətdə də  işlər  lazımi səviyyədə aparılır. Geci-tezi bunu da başa çatdıracağıq.

- Qarabağda əkiləcək taxıl sahələri Azərbaycanın ərzaq təhlükəsizliyində hansı dərəcədə rol oynaya biləcək?

- Təbii ki, hər yerdə taxıl əkmək mümkün deyil. Hansı ərazilərimiz kənd təsərrüfatına yararlı olacaq. O ərazilərdən maksimum yararlanacağıq. Əkinlər həyata keçiririk, əkinçilik mümkün olmayan yerlərdə meşələr salınır, heyvandarlığın inkişaf etdirilməsi məqsədilə istifadə olunur. Arıçılıq üçün çox əlverişli ərazilərdir. Həmişəkindən fərqli olaraq bu il ora daha çox iribuynuzlu və xırdabuynuzlu heyvan sürülərini köçürmüşük. Kənd təsərrüfatına yararlı olmayan əraziləri turizm məqsədilə istifadə edəcəyik. Bir sözlə həm turizm üçün, həm kənd təsərrüfatı üçün potensialımız artacaq. Hər qarış torpağımız iqtisadi fayda  gətirəcək. Sonrakı illərdə biz daxili istehsal məhsullarımızın idxalı ilə də məşğul ola  biləcəyik.

- Qarabağın su ehtiyatları digər rayonlarımıza nə qədər əhəmiyyətlidi? 
 
- Orda mövcud olan su anbarları təmir edilir.  Məsələn Suqovuşan, təmir edildi və istifadəyə verilib. Zərurət yaranacaqsa əlbəttə əlavə su anbarlarının tikintisini həyata kçirəcəyik. Dünya su problemləri ilə üzləşdiyi bir dövrdə bu yəqin qaçılmaz olacaq. O  cümlədən Qarabağdakı mineral sulardan daha faydalı istifadə olunacaq. “İstisu” sanatoriyasının və onu qablaşdırıb satışını təmin edəcəyimiz zavodun da təməli qoyulub. Bir sözlə, Qarabağımızın torpağı da, suyu da bütün Azərbaycan üçün qan damarı rolunu oynayacaq. Bu ərazilər qeyrət, namus məsələmiz idi, biz bu  ləkəni təmizlədik,  qalır növbəti addımlar. Həm  azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışını təmin edəcəyik, həm də iqtisadiyyatımıza yeni imkanlar qatmış olacağıq. 

- Bəzi müxalifətçilər Qarabağın abadlaşdırılmasının digər rayonlarımızın sosial rifahını azaldacağını deyərək hay-küy yaradırlar. Bütün iqtisadi gücün Qarabağa yönəldildiyini əsas gətirirlər.

 -Tamamilə yanlış fikirdir. Görülən işlərə ayrılan vəsait Neft Fondundan,  Prezidentin Ehtiyat Fondundan ayrılır. Regionlarımızın  hər birinin özünün xüsusi inkişaf proqramı var və bu proqram problemsiz şəkildə həyata keçirilir. Heç kim narahat olmasın. Qarabağın işğaldan azad edilməsi gücümüzə güc qatacaq, bizi zəif salmayacaq. İnsanlarımızın sosial rifah halı  əvvəlkindən daha  yaxşı olacaq. Çəkilən xərclərin başqa regionlara ayrılan vəsaitə aidiyyəti yoxdur.  Büdcəmiz artır, böyüyür.  Biz torpaqlarımızı geri qaytarmışıq ki, o  torpaqlara da geri qayıdıb, yenidən kök salaq.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb


 

# 1854
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar