"Sahil" metrostansiyasının yaxınlığındakı TƏHLÜKƏ
01 sentyabr 2022 17:26 (UTC +04:00)

"Sahil" metrostansiyasının yaxınlığındakı TƏHLÜKƏ

"Facebook" sosial şəbəkəsində paylaşılan status müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, söhbət Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Rüstəmovanın başına gələn qorxunc hadisə barəsində paylaşdığı statusdan gedir. Mətbuat katibi paylaşımda deyir:

"Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım.  "Sahil" metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı.

Mən cəhənnəm, heç olmasa, ölkədəki turistlərdən ayıbdır. Elə həmin an o yolu keçən piyadalar arasında əcnəbilər də var idi. Qıyıqgöz turist bu hadisəni lap faciə kimi qəbul etdi, canlı yayım açıb kiməsə öz dillərində nağıl etdi. Dillərin bilsəydim, ona bir-iki söz deyərdim. Deyərdim ki, təəccüblənməsin, belə halların olacağını ehtimal edib şəhərdə kaska ilə gəzsin.
Nə isə... Zarafat bir yana, çox qorxdum. Hələ də əllərim əsir. Əcəllə mənim aramda bir neçə santimetr var idi... Birdən ölsəydim? Bu  binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir. İnsanların əsəbləri ilə oynamaq olmaz!"

 

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovla əlaqə saxladıq. O, bildirdi ki, o bina özəldir və Səbail RİH-nin balansında deyil. 

Buna görə binanın MTK rəhbərliyi ilə əlaqə saxlasaq da, suallarımızı cavablayan olmadı. Vətəndaşların təhlükəsizliyi üçün binanın hazırkı vəziyyəti ilə bağlı hansısa tədbirlər görüləcəksə, Lent.az saytı olaraq işıqlandırmağa hazırıq. 

# 3396
avatar

Nigar Namiq

Oxşar yazılar