Üç min qardaşın tək bacısı - Bu gün 33 yaşı tamam olacaqdı...
04 may 2022 16:08 (UTC +04:00)

Üç min qardaşın tək bacısı - Bu gün 33 yaşı tamam olacaqdı...

...2021-ci il iyunun 9-da  Beynəlxalq “Florence Nightingale” medalının növbəti  təqdimat mərasimi keçirilirdi. Mərasimdə dünyanın 18 ölkəsindən olan silahlı münaqişə və ya təbii fəlakətlər zamanı qəhrəmanlıq göstərmiş 25 tibb bacısı təltif ediləcəkdi. Mükafatların bu dəfəki sahiblərinin kimliyi elan ediləndə bir ad da çəkildi: Arəstə Baxışova. 


Hə, bu o Arəstəydi: Vətən müharibəsinin yeganə qadın şəhidi. 3 min qardaşın bircəcik bacısı. 

Yaşasaydı, bu gün 33 yaş tamam olacaqdı. Oğlu Mərdanı, qızı Zəhranı başına yığıb qeyd edəcəkdilər. Amma taleyin işinə bax, 2020-ci il oktyabrın 24-də anası Məktubə xanıma qəfil zəng gələcəkdi: “Ana, bacamızı qoruya bilmədik”. Sonradan, lap sonradan oğlu Mərdan deyəcəkdi: “Anam məni riyaziyyat fənnindən hazırlığa qoymuşdu. O, həmişə istəyirdi ki, dərslərimizi yaxşı oxuyaq. Buna görə də bizə müəllimlər tuturdu. Müharibəyə gedəndə bacımla mənə dedi ki, “Mən işə gedirəm, şənbə günü geri qayıdacağam”. Arada bizə baş çəkməyə gəlirdi. Onunla görüşüb, hazırlığa getdim. Anam isə məndən iki saat sonra evdən çıxacaqdı. Sonrakı gün anamın şəhid olması xəbəri gəldi”. 

Arəstə 1989-cu ilin bu günü, mayın 4-də Xaçmazda anadan olmuşdu. Atası Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində çalışırdı. Yeri gəlmişkən, o, Çernobıl qəzasının xilasedicilərindən biri idi. Əlillik dərəcəsi vardı, veteran idi. Atasını çox görməmişdi. 4 yaşındaykən vəfat etmişdi atası. 

Sonradan tale Baxışovları Xaçmazdan Bakıya gətirib çıxarmışdı. Təhsilini də elə Biləcəridəki 3 saylı orta məktəbdə almışdı. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Kollecə daxil olmuşdu. Amma aldığı təhsil üzrə işləmədi, başqa peşəni seçdi. Əvvəlcə Bakıda hərbi hospitalda statist, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator kimi xidmətə başladı. Müharibə başlayanda isə o, tibb bacısı kimi cəbhəyə atıldı. Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərdi. 

2020-ci il oktyabrın 23-də isə məhz Qubadlıda yaralı əsgəri döyüş meydanından çıxararkən şəhid oldu...

Beyləqanda hərbi hissədə işləməyə gedəndə anası razı olmayıb. “Hərbçi olmaq qadın işi deyil, sənin iki uşağın var” deyib. Amma anasıyla razılaşmayıb. Hə, anası bir də deyirmiş ki, “bilmirəm atasının forması onun yadında qalmışdı, yoxsa nə idi, onun hərbi formaya xüsusi marağı vardı”. 

Döyüş yoldaşları danışır ki, onun yardım göstərdiyi bir əsgər qanaxmadan, yaxud hospitala vaxtında çatdırılmadığından dünyasını dəyişməyib. Yenə taleyin qəzavü-qədərinə baxın, xilas etmək istədiyi sonuncu əsgərlə birgə şəhid olur Arəstə. 

Mərdan deyir ki, tez-tez özü zəng edirmiş.

“Bir neçə gün zəngi gəlmədi, mən də zəng elədim ona, cavab vermədi. Sonra zəng eləyib dedi ki, bacına yaxşı bax. Nənəni incitmə, sözünü eşit, dərslərinizi yaxşı oxuyun. Səsi birtəhər gəlirdi, xəstə kimi. Soruşdum, dedi yaxşıyam”.  

Bundan bir gün sonra isə şəhid olur. “Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq”. 

Bunu da oğlu Mərdan deyir. 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilir. Ailəyə ev bağışlayır. Masallıda yaşayan  Balayev qardaşları şəhid xanımın büstünü hazırlayırlar. Onun haqqında mahnı da yazılır. Anası Məktubə xanımın dediklərindən:

"Gedəndə dedi ki, ana, uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır". 

Sanki ürəyinə damıbmış...

# 3993
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar