“Gedib, o cini tapıb, danışdırırsan. Yoxsa ərizəni yaz, kadrlar şöbəsinə təhvil ver”.
Baş redaktor konkret hədələdi. Di, payızın bu əzazil vaxtında düş çöllərə cin axtar. İşsizliyin üzü qara olsun. Bu cümlələr qulağımda əks-səda verəndən bəri, arxada qoyduğum bir həftəyə yaxın müddətdə cinlərlə yatıb, cinlərlə durmuşam.
Sizi heç cin boğub? Ötən həftəsonu məni az qala öldürürdülər. Nə qədər cin haqqında düşünərlər? O qədər ki, iki cin yuxuma girib məni boğurdu. Biri əllərimi, biri də ayaqlarımı tutmuşdu. Ağzıma-ağzıma üfürürdülər. Nəfəsim kəsilirdi. “Bismillah” çığırtıma evdəkilər gəlib, məni cinlərin əlindən aldılar. Nəysə, sözüm onda deyil. Heç onbirdə də deyil. Hahaha. Qınamıram özümü, cinlə danışan adamdan bundan artıq nə yumor gözləyəsən axı?!
***
Uzun axtarışlardan, soraqlardan sonra onu Biləcəri yolunda Hərbi Komissarlığa aparan meşəlikdə tapdım. Qanı qara idi. Üzünün rəngi çəkilmişdi. Sanki günlərdir yemək üzünə həsrət qalıb. Əvvəl danışmaq istəmədi. “Mətbuata heç bir açıqlama verməyəcəyəm” deyərək, media əhlinə haqlı küskünlüyünü dilə gətirdi. Necə də olsa, onun taleyinin qəfildən bu cür qaranlığa düşməsində həmkarlarımın da payı var idi. Ancaq insanlıq hələ də ölməyib. Buna bir daha əmin oldum. Onunla söhbət edə bilməsəm, işdən qovulacağımı, vəhşi kapitalizmin növbəti qurbanına çevriləcəyimi izah edəndən sonra danışmağa razılıq verdi. “Sən də mənim günümə düşmə. Barı sən xilas ol, mən məhv olmuşam onsuz da”. Müsahibəyə razılıq verərkən belə söylədi. Cinin bu cinliyindən mütəəssir oldum. Gözlərimin dolduğunu görüb, “həyatdı dəə, neyləyək, kefini pozma, əsas odu sənin işlərin düzəlsin” dedi.
Adını demədi. “Adımı neynirsən? Elə, sadəcə Cin yazarsan. Bizim adımızın necəliyi insanlar üçün əhəmiyyətsizdir. Cin aşağı, cin yuxarı. Nə bilsinlər ki, bizim də hisslərimiz var”.
Başı sarıqlıdır. Ağ tənzif üzərində xəfif qan ləkələri görünür.
- Başınıza nə olub?
- O gün sənin dostlarının verilişində divara dəydi də, görmədin?!
- Keçmiş olsun. Çox zədələnib?
- Yüngülvari. Əsəbiləşib divara vurdum başımı. Sağ olsun uşaqlar, kömək edib sarıdılar.
- Nəyə əsəbiləşdiniz ki?
- O oğlanın hərəkətləri pis təsir elədi. Üstümə qışqırırdı, əcaib səslər çıxardırdı. Cin olanda nolar e, bizim də özümüzə görə bir qürurumuz var da. Nöş çığırırsan? Sakit dedin, çıxmadım, ataş? Böö, vəəə, mırr, vooo. Əsəbim dözmədi. Xətrimə dəydi, açığı. Bir ara dedim, acığa çıxmayacağam. Oturub qalacam bu kişinin içində. Qoy, əlləşsin. Sonra o oğlanın hərəkətlərini özümə sığışdırmadım. Dedim, sizə də, sizin içinizə də, gedirəm mən.
- Sakitcə, çıx desəydi, çıxacaqdınız bəyəm?
- Adə, nöş çıxmıram. O da bir tikə çörək puluna çıxıb daa, “ponyatka”sızam bəyəm? Sakitcə deyərdi, çıxardım, sonra da o gedəndən sonra yenə girərdim.
- Sualıma görə bağışlayın, bu günə qədər çox girib-çıxmısınız?
- Neçə yaşın var?
- 26.
- Yaşadığın günlər qədər girib-çıxmışam. Bilirsən, bir dəfə girdinsə, qurtardı getdi, vərdiş eləyirsən. Girib-çıxmadan dayana bilmirsən. Bizim də işimiz budu daa. Giririk, çıxırıq. Düzdü, arada belə mərdimazarlar da olur, imkan vermirlər günümüzü yola verək. Budey ha, olmuşam sərgərdan. Bir həftədi girməyə adam tapmıram.
- Soruşmaq ayıb olmasın, necə girirsiniz?
- Belə çox rahat. Göstərim sənə?
- Yox, yox, çox sağ olun. Elə belə soruşdum.
- Yaxşı, yaxşı, zarafat eləyirəm, qorxma. Mənim yaşım çoxdu, çox cavan uşaqlara girmirəm. Sonra onlar çox atılıb-düşürlər, narahat oluram. Həm də indiki cavanlar min cür hoqqadan çıxırlar, mən köhnə kişilərdənəm, sevmirəm elə şeyləri. Siqaretin var?
- Var.
- Nə çəkirsən?
- Ağ nazik....
- Yox e, o sinəmə düşmür. Öskürdür məni. Necə çəkirsən onu? Yaman yüngül siqaretdi.
- Çoxdan siqaret çəkirsiniz?
- Yox e, tərgitmişdim. Təzə başlamışam. Bu axırıncı haqq-hesabdan sonra bir az dilxor oldum. Görmürsən, imkan verirlər ki, rahat yaşayaq?
- İllərdir insanlara girib-çıxırsınız. Necə olub ki, bu günə qədər tutulmamısınız?
- Biri dəfə biri tutmuşdu. Əlindən güclə qaçıb qurtardım.
- Azərbaycanlı idi sizi tutan?
- Hə, əşi, mən Azərbaycandan o tərəfə çıxmamışam. Hə, onu deyirdim, hardasa 30 il qabaq bir ağdamlı tutmuşdu məni. Bir qoca kişi idi. Bütün günü əlində sancaq gəzirdi. Bir dəfə də gecə tut arağından vurmuşdu, səhər də “poxmel” idi. Elə mənim “poxmel”liyimdən istifadə edib, ilişdirdi sancağa. Zalımın oğlu, düz, 1 il məni basıb işlətdi. Bütün günü kotana qoşurdu. Bir dəfə də bunu o qədər içirtdim ki, yıxılıb özündən getdi, mən də, bizim balığa girən cinin sözü olmasın, cırdım aradan. Odu-budu, bir də ağdamlıya yaxın durmuram. İndi özün təsəvvür elə də, adamlar cini də tutur, a kişi. Özü də mənim hesabıma babat da pul qazandı. Özünü az qala imam elan eləmişdi. Bütün günü bunun işlərini görən mən idim, camaat nəziri ona verirdi. İnanırsan, quru çörəyə möhtac qoymuşdu məni. Elə mən ordan qaçıb qurtulandan bir az sonra da ermənilər girdi rayona. O vaxtı mənim ulu babam özünü seyid adlandıran nəfəsi güclü birinə giribmiş, uzun müddət onun içində yaşayıb. Sonra o seyidin uşaqları onun türbəsi üstündə dava salıblar deyə, bizim nəsil köçüb o ailənin içindən.
- Soruşmağa da utanıram, cahilliyimə keçin, ailəlisiniz?
- Hə, oğlanlarımın ikisi sənlə yaşıddı elə. İkisini də göndərmişəm xaricə. Böyük oğlum Norveçdədi, balacası da Hollandiyada.
- Nə vaxtdan orada yaşayırlar?
- Balaca 2 il qabaq gedib. Böyük də, deyəsən 2006-cı ildə. Bu mitinqə çıxıb, şəkil çəkdirən cavanlar var e, onlarla gediblər. Dedim, bala, burda yaşamaq çətindi, görürsünüz, hər il itin zülmünü çəkirəm, gündə biri çıxır ki, mən cin çıxardıram, rahat qalmağa qoymurlar. Başa saldım ki, girin o mitinqdə qışqıran adamlardan birinin içinə, gedin canınızı qurtarın. İndi yaxşıdılar. Deyir, oralarda cin çıxardan-zad yoxdu. Avropalılar sağ olsunlar, bizimkilərə dəyib-dolaşmırlar. Qızımı da bir ingilisə ərə vermişəm. Sən də mənim balam, 3 il qabaq bir ingilis şirkətində işləyən kişiyə girmişdim, o bir toya getmişdi, elə orda oğlanı görüb, bəyəndim, gecəylə qızımı çağırdım ki, gəlib girsin ona. İndi Londondadılar. Qızım ingilisin içində xoşbəxt yaşayır. Deyir, hərdən kilsəyə-zada gedəndə keşişlər bir az narahatlıq yaradılar, amma o da müvəqqəti olur.
- Həyat yoldaşınız barədə danışmadınız.
Gözləri doldu. Danışığına uzun pauza verdi. Ağlamamaq üçün gözlərini yuxarı qaldırdı. Hiss olunurdu ki, həyat yoldaşı ilə bağlı nəsə faciəli bir hadisə baş verib.
- Onu öldürdülər. Pişik kəsən əclaflar öldürdü onu. Toka verib öldürdülər mənim mələyimi. (Gözlərindən iki damcı yaş yavaşca yanağına doğru süzüldü. Böyük eşq olduğu gün kimi aşkardır).
O öləndən sonra düz 8 il heç kimə girmədim. Yaşamaqdan soyumuşdum. Ondan sonra əlim bir cinnənin (dişi cin) də əlinə dəyməyib. Bir cavan qıza girmişdi. O da gedib qoşulmuşdu pişik kəsənlərə. Əclaflar mənim mələyimi tutmaq üçün onu toka verdilər. Daha danışa bilməyəcəyəm bu haqda. Xatirələr yadıma düşür.
İkimiz də susuruq. Bu susqunluq uzun müddət davam edir. Müsahibimin gözlərindən oxunan bu böyük eşqdən çox təsirlənmişəm.
- Fikir verirəm, çox mülayim cinə oxşayırsınız. Mənlə də çox mehriban davranırsınız. İnsanlar sizdən niyə qorxur ki?
- Allaha and olsun, elə adamların içində yaşamışam, hərdən özüm də qarışdırmışam ki, cin budu, yoxsa mən? Bilirsən, mən özüm ziyalı cinəm. Elmi dərəcəm var. Mələklərin uçma surətini hesablamışam. Mənim kimi ziyalı bir cindən niyə qorxmalısan ki?
- Mələklərin uçma surətini siz hesablayırdınız? Bizim də Elmlər Akademiyasında bir alim bu işlə məşğul idi. Yoxsa...?
- Təvazökarlıqdan uzaq olsa da, deyim ki, o araşdırmanı elə mən aparmışam. Özün oxumuş oğlansan, içinə cin girməyən adam mələklərin uçma surətini niyə hesablamaq istəsin ki? Mənim elmi işim idi deyə, məşğul olurdum.
- Müsahibəyə başlamazdan əvvəl insanlardan küsdüyünüzü dediniz. Yenə kiməsə girməyi düşünürsünüz, yoxsa dərvişliyə keçəcəksiniz?
- Çıxıb gedəcəm böyük oğlumun yanına. Orda hər cür şərait qurub özünə. İndi mitinqləri gözləyirəm. Amma burda çətin ola. İki gündü hava limanında qalıram ki, görüm, Ukraynaya gedən kimə girə bilərəm. Eşitmişəm, bu günlərdə orda yaxşı mitinqlər var. Hətta istəsən, Amerikaya da gedə bilərsən. Görək, Allah nə yazıbsa, odur, qismət Allahdandı.
- Burdan sizi belə səfil-sərgərdan vəziyyətə salanlara nə demək istərdiniz?
- Nə deyim, a bala, mən 500 ilin ciniyəm, bir kopolunun çörəyinə bais olmamışam. İndi hərdən içinə girdiklərim məndən də cin çıxıb, nələrsə eləyib. Amma bunun günahını mənim kimi cinlərdə görmək düz deyil. O cür adamlarla rastlaşanda mən özüm qaçıb çıxıram onlardan. Elə bilirəm, mən onlara yox, onlar mənə giriblər. Dəhşətdi, canımçün. Məni də bu günə salan adamlara demək istəyirəm ki, nolar cin olanda, mən həmişə kişi kimi yaşamışam, adam kişi olar, başqasının taleyi ilə oynamaz. Cin var, cin var da. İndi onlardan daha betər bir cin də çıxıb, mənim acığımı çıxsa, necə olacaq?
Müsahibənin bu yerində müsahibimin gözləri dolur. Hiss olunur ki, son hadisə onda doğrudan da ağır psixi sarsıntı yaradıb. Ancaq məğrurdur. Ağlamır. Burnunu mədəni şəkildə mənə doğru fınxıraraq “içimdə insanlardan qalan son parçanı da atdım yerə” deyir. Ardınca isə tanınmış müğənni, istedadlı meyxanaçı Zarinanın “Ağla gözəl, ağla nə mənası var? Ona buna bel bağla, nə mənası var?” misralarını həzin bir səslə zümzümə edir.
- Yadımdan çıxıb sənə deməmişəm, mən bir ara bu mahnını oxuyan qıza da girmişdim. Qızım yadıma düşmüşdü bir dəfə, qəfil bu mahnını oxudum. Sonra bir də eşitdim ki, bu qız müğənni olub. Ondan qabaq da Sumqayıtda bir uşağa girmişdim, cavan oğlan idi, bəlkə də tanıyarsan, o da müğənnidi, deyir. Adı Büzeyir idi deyəsən. Andropoza girən dövrüm idi. Başımı tamam itirmişdim, depressiyada idim. Bütün günü oxuyurdum.
- Vaxtınızı çox aldım. Son sualı da verim. Dünyaya bir daha gəlsəydiniz, yenə cin olardınız?
- Çox çətin sualdır. Ancaq yəqin ki, yenə cin olardım. Mən həmişə qürur duymuşam, bu gün də qürur duyuram ki, mən cinəm. Mən nə insanlar gördüm, üstündə paltar yox, nə paltarlar gördüm, içində insan yox. İgid ölər, adı qalar. Özgəsinə quyu qazan özü düşər. Oğlan qızsa tez sönər, vay o günə qız qıza. Dizini döyməyən qızını döyər. Meşədə armudun yaxşısını ayı yeyər.
- Bağışlayın, bu atalar sözlərini niyə deyirsiniz ki?
- Elə belə. Dedim, sosial mesaj verim. İstəyirsən, sənə lətifə də danışım. Çoxlu gülməli lətifə də bilirəm. Deyir, bir gün bir kişi yolla gedirmiş, nəfəs almaq yadından çıxır, yıxılıb ölür. Elə həmin vaxt da bir qarışqa ilə fil türmədən qaçırmış, həyəcan siqnalı çalınıb, qarışqa filə deyib ki, sən qaç, məni gördülər. Hahahah. (İlahi, bu lətifələri mən ötən həftə bir müsahibənin girişində yazmışdım!!! yoxsa...? – müəllif)
- Sumqayıta getməliyəm, 20 qəpiyin olmaz üstündə?
- Sumqayıt avtobusları 50 qəpikdi axı. Lazımdısa, daha çox verim.
- Görürəm, yaxşı oğlana oxşayırsan, onda getməzdən qabaq mənə bir dənə 100 qramlıq araq al dəə. Bir az da “lyubitelski” kolbasa alarsan.
Bəli, siz tale ulduzu qəfildən sönən bir cinin hekayəsi ilə tanış oldunuz. Azərbaycan teleməkanı neçə-neçə belə dəyərli cinlərin talelərini qaraldıb, görəsən? Allah özü bütün cinlərə kömək olsun. Amin!
P.S. Bu yazı Lent.az-ın yeni başladığı “Anti-şou” adlı layihə çərçivəsində yazılmışdır. Bundan sonra bu layihədə Azərbaycan teleməkanında yayımlanan bir sıra verilişlərdə zərər çəkən şəxslərin dərdlərini dinləyəcək, bu proqramların onların həyatlarında necə mənfi izlər buraxdığını sərgiləyəcəyik. Layihədə oxuduğunuz və oxuyacağınız bütün şəxs və qurumlar tamamən xəyal məhsuludur.
P.P.S. Yaxşı cin çıxardan tanışı olan varsa, rica olunur, redaksiya ilə əlaqə saxlasın. Müsahibədəki cinin mənə girmədiyinə əmin olmaq istəyirəm.