Xüsusi karantin rejimindən stabil mərhələyə keçiləcək - AÇIQLAMA
05 may 2023 21:33 (UTC +04:00)

Xüsusi karantin rejimindən stabil mərhələyə keçiləcək - AÇIQLAMA

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib.

Lent.az xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan Ofisi məlumatı yayıb.

İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.

Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

Dr. Qebreyesus eyni zamanda bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.

Qeyd edək ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında (2005) ictimai səhiyyədə beynəlxalq fövqəladə hal “xəstəliyi digər ölkələrə yayma riski daşıyan və potensial olaraq əlaqələndirilmiş beynəlxalq cavab tədbirləri tələb edən fövqəladə hadisə” kimi müəyyən edilmişdir. Bu, hadisənin ciddi, qəfil, qeyri-adi və ya gözlənilməz hal kimi səciyyələndirilməsi deməkdir və bu təqdirdə xəstəlik təsirə məruz qalan dövlətin sərhədindən kənarda ictimai sağlamlıq üçün təhlükə doğurduğuna görə təcili beynəlxalq tədbirlər görülməsi tələb olunur.

# 3204
avatar

Oxşar yazılar