"Yeni Klinika"ya baş həkim TƏYİN OLUNDU -  FOTO
15 iyul 2022 11:33 (UTC +04:00)

"Yeni Klinika"ya baş həkim TƏYİN OLUNDU - FOTO

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, bundan sonra tibb müəssisəsinin direktoru vəzifəsinin icrasını da tanınmış anestezioloq Cavid Paşayev icra edəcək. 

C.Paşayev təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.

Vüqar Qurbanov yeni baş həkimi kollektivə təqdim edib. Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Cavid Paşayevin səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərdiyini və “Yeni klinika”nın müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib. 

Məlumat üçün qeyd edək ki, Cavid Paşayev Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 

O, əmək fəaliyyətinə 2005-2007-ci illər ərzində Kliniki Tibbi Mərkəzdə başlayıb. 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb. 

Daha sonra fəaliyyətini Azərbaycan Tibb Universitetinin Anestezilogiya - reanimasiya şöbəsinin müdiri kimi davam etdirib.

Xatırladaq ki, klinikanın əvvəlki baş həkimi vaksin saxtakarlığına görə həbs olunub.

Cavid Paşayev

# 3147
avatar

Aytəkin Cəlali

Oxşar yazılar