Bakıda yaşayış binasında YANĞIN  - VİDEO
25 may 2023 13:27 (UTC +04:00)

Bakıda yaşayış binasında YANĞIN - VİDEO

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Nizami rayonu, Ə.Əzimzadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli çoxmənzilli yaşayış binasınn birinci mərtəbəsində yerləşən mənzildə baş verən yanğının genişlənmə riskinin yüksək olduğu, həmçinin ikinci mərtəbədə yerləşən mənzilə qatı tüstü dolması səbəbindən 3 nəfərin mənzili tərk edə bilməməsi və həyati təhlükə ilə üz-üzə qalması müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər operativ qaydada mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olub və biri azyaşlı olmaqla 3 nəfər vətəndaşı xilas ediblər. Eyni zamanda, yanğın genişlənməsinə, eləcə də qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 2 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120m² olan dördotaqlı mənzilin mətbəxinin və bir otağının yanar konstruksiyaları 15m² sahədə, sanitar qovşağının lambir materialdan ibarət tavanı 4m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin və otaqların divarları deformasiya edib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

# 2343
avatar

Oxşar yazılar