Alimlər ilk dəfə olaraq ana şimpanzelərin balalarına qarışqa ovlamağı, meyvələri sındırmağı və yosun toplamağı necə öyrətdiyini gizli kameralar vasitəsilə qeydə alıblar. Şimpanzelər heyvanlar aləmində alətlərdən istifadə etmələri ilə məşhurdur. Bu davranışı ilk dəfə məşhur primatoloq Ceyn Qudoll elmi şəkildə təsvir edib. Lakin şimpanzelərin bu mühüm bacarıqları bir-birinə necə ötürdüyü indiyədək tam aydın deyildi.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni araşdırma bu prosesin necə baş verdiyini daha yaxından göstərib.
Alimlər şimpanzelərin hansı alətlərdən hansı vəziyyətdə istifadə etməyi balalarına necə öyrətdiyini araşdırmaq üçün Dindefelo savannasının 14 müxtəlif nöqtəsində quraşdırılmış kamera-tələlərin görüntülərini təhlil ediblər.
Barselona Universitetindən araşdırmanın aparıcı müəllifi Andreu Sançes-Mexias bildirib ki, şimpanzelər yosun, qarışqa və termit toplamaq üçün istifadə etdikləri alətləri bir-birlərinə ötürməklə yanaşı, baobab meyvələrini də paylaşırlar.
Bu meyvələri açmaq üçün şimpanzelər onları daş və ya taxta səthlərə vururlar. Alimlərin fikrincə, həm alətlərin, həm də meyvələrin balalara verilməsi bir növ təlim formasıdır. Ana şimpanzelər bununla balalarının alətlərlə düzgün işləmə bacarığını inkişaf etdirməsinə kömək edə bilərlər.
15 saatlıq görüntülərdə 33 maraqlı hadisə
Kamera-tələlər ümumilikdə təxminən 15 saatlıq görüntü qeydə alıb. Videolarda şimpanzelərin alətləri bir-birinə ötürdüyü 33 hadisə müəyyənləşdirilib.
Bunlardan 19-u qarışqa əldə etmə, 10-u yosun toplama, 4-ü isə termitlərlə qidalanma zamanı baş verib.
Bundan başqa, alimlər şimpanzelərin baobab meyvələrini vuraraq sındırmasını göstərən təxminən 30 dəqiqəlik ayrıca görüntü əldə ediblər.
Bu davranış “protoalət istifadəsi” adlandırılır. Səbəb isə şimpanzelərin meyvəni sındırmaq üçün istifadə etdikləri daşları əvvəlcədən dəyişdirməməsi və ya xüsusi forma verməməsidir.
Ana balasına qarışqa ovlamağı göstərib
Ən diqqətçəkən görüntülərdən birində yetkin dişi şimpanze balası ilə birlikdə qarışqa yuvasına yaxınlaşıb.
Ana əvvəlcə aləti qarışqa yuvasına salıb. Daha sonra həmin aləti orada saxlayaraq balasını özünə yaxınlaşdırıb və onu alətin yanına gətirib.
Bala isə aləti götürərək qarışqa yuvasından çıxarıb və üzərindəki qarışqanı yeyib.
Alimlərin fikrincə, bu davranış ananın balasına qida əldə etmək üsulunu məqsədli şəkildə göstərdiyinə işarə edə bilər.
Daha təcrübəli şimpanze balaya kömək edib
Başqa bir görüntüdə isə balaca şimpanze daha yaşlı bir şimpanzenin baobab meyvəsini daş səthə vuraraq sındırmasına baxıb.
Bala meyvəni tutduğu halda daha təcrübəli şimpanze onu daş səthə vurub. Araşdırmaçılar bunu da bilik və bacarıqların nəsildən-nəslə ötürülməsinin nümunələrindən biri hesab edirlər.
Alimlər bildirirlər ki, belə öyrətmə davranışı şimpanzelərin gələcək nəsillərinin qida əldə etmək və həyatda qalmaq üçün vacib bacarıqları mənimsəməsində mühüm rol oynaya bilər.