Şəhidin atası: "Tək oğlum idi, deyirdi, əmimin qisasını almışam"
14 fevral 2016 00:57 (UTC +04:00)

Şəhidin atası: "Tək oğlum idi, deyirdi, əmimin qisasını almışam"

Azərbaycan ordusu daha bir şəhid verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhid olan Goranboyun Əhmədabad kənd sakini Elmir Zeynalovdur. 1994-cü ildə anadan olan Elmir Zeynalov orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Qulluğu başa vurduqdan sonra torpaqlarımızı qorumaq üçün yenidən ön cəbhəyə yollanıb.

 

Elmir Zeynalovun atası Sərxan Zeynalov oğlunun şəhid olması ilə fəxr etdiyini deyib: "Mən fəxr edirəm ki mənim oğlum ölkəmdə şəhid olub. Allah ona qəni-qəni rəhmət eləsin. Vətənimizin başı saq olsun. Deyirdi ki, ata, hamı məni çox istəyir, hamı mənimlə fəxr edir. Danışanda sevinirdi. Deyirdi ata, əmimin qisasını aldığıma görə mənə fəxri fərman verdilər. Hər dəfə deyib-gülürdük. Deyirdi ata, mən sənlə ata-bala kimi yox, elə bilirəm qardaşıq".

 

Elmir Zeynalov ailənin tək oğlan övladı olub. Əmisi 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduqdan sonra düşməndən intiqam alma arzusu ilə yaşayıb. Elmiri tanıyanların dediklərinə görə o hərbi hissədən məzuniyyətə buraxıldıqda belə evə getmək istəməyib.

 

Bacısı Şəfiqə Zeynalova da qardaşının Vətən uğrunda döyüşlərdə şəhid olmasından fəxarət hissi duyduğunu deyib: "Fəxr edirəm ki, qardaşım bugünkü gündə şəhid olub. Qardaşım torpağımızı azad eləmək istəyirdi".

 

Sinif yoldaşları da Elmiri cəsur və vətənpərvər biri kimi xatırlayırlar. Onunla illərlə bir parta arxasında oturmuş Elnur Məmmədov Elmirin mehriban bir insan olduğunu deyib:

 

"Onunla illərlə bir partada oturmuşuq. O mehriban və yaxşı bir sinif yoldaşı kimi yaddaşlarımızda qaldı. Əmisi şəhid olduqdan sonra onun kimi vətənpərvərlik ruhunda böyüyürdü. Və daim qisas almaq haqqında düşünürdü. Mən fəxr edirəm ki, elə sinif yoldaşım olub".

 

Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kəndində, şəhid əmisi İman Zeynalovun məzarının yanında dəfn olunub. Mərasimində Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak edib. Komandirləri Elmir Zeynalovun nümunəvi və fərqlənən hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər. Daha sonra yaylım atəş açılaraq hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himinin sədaları altında torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin!

# 307
avatar

Oxşar yazılar