“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müzakirəsi keçirildi
22 fevral 2023 19:23 (UTC +04:00)

“Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının müzakirəsi keçirildi

“TEAS Press” Nəşriyyat Evinin təşkilatçılığı ilə ADA Universitetində Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Xalq yazıçısı Elmira Axundovanın Ümummilli Lider haqqında yazdığı və Nəşriyyat Evinin ingilis dilinə tərcümə və nəşr etdiyi “Heydər Əliyev. Şəxsiyyət və zaman” üç cilddən ibarət kitabının müzakirəsi keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, jurnalistlər, elm və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

Elmira xanım qeyd edib ki, Ulu Öndərin öz xeyir-duası ilə yazmağa başladığı bu kitab üç hissədən:

“Şəxsiyyət və zaman” – “A Living History”, “Kreml beşilliyi” –”Five Years in the Kremlin” və “Qayıdış” – “Return” cildlərindən ibarətdir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin həyat yolundan və çoxşaxəli fəaliyyətindən, eləcə də, təqdim olunan kitabın əhəmiyyətindən danışıb.

Bildirib ki, Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. İndiyədək Ulu Öndərlə bağlı çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq.

Daha sonra Milli Məclisin deputatı Kamal Cəfərov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində apardığı böyük islahatlardan danışıb: " Nə qədər ki Azərbaycan var, ölkəmizin Ulu Öndər Heydər Əliyev yolu ilə inkişaf strategiyası da mövcud olacaq və biz respublikamızı uğurdan-uğura məhz bu yolla aparacağıq" -, deyə qeyd edib.

İctimai-siyasi xadim Həsən Həsənov isə Heydər Əliyev ilə bağlı xatirələrini tədbir iştirakçiları ilə bölüşüb.

Daha sonra deputatlar Jalə Əliyeva, Hicran Hüseynova və Səməd Seyidov çıxış edərək, Ümumimilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi üçün əvəzsiz xidmətlərindən danışıblar.

Kitabın müəllifi Xalq yazıçısı Elmira Axundova kitabın necə ərsəyə gəlməsindən danışarkən Heydər Əliyevin həyat və fəaliyyətindən gətirdiyi real faktlar əsasında Ulu Öndərin hər kəsə nümunə olacaq şəxsiyyətindən, həyat tərzindən, fenomenal dühasından, yüksək insani keyfiyyətlərindən ətraflı bəhs edib.

# 2490
avatar

Oxşar yazılar