Sabah 20 ailə Talış kəndinə  köçürülür
15 mart 2023 15:27 (UTC +04:00)

Sabah 20 ailə Talış kəndinə köçürülür

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Lent.az-a verilən xəbərə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. Dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.

Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına geri alınmış doğma yurda qayıdışın böyük qürur hissi doğurduğunu bildiriblər. Talış kəndində yeni həyata başlayacaq keçmiş məcburi köçkünlərin burada yaradılan şəraitə, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.

Görüşdə Talış kəndinə köçürüləcək məcburi köçkünlərin məşğulluğu məsələsi də diqqət mərkəzində olub. Xüsusi nümayəndəliyin təşəbbüsü ilə işəgötürənlərlə işəgötürülənlər arasında məşğulluğun təmin edilməsi üzrə müvafiq sənədlər imzalanıb.

Tədbirdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Təhsil Nazirliyinin regional idarəsinin, TƏBİB-in və digər qurumların nümayəndələri, sahibkarlar iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Oxşar yazılar