“Məni həyəcanla qarşılayıb, yataq otağına çəkdi...” – Bulud Qaranın gündəliyi – XXI BÖLÜM
01 avqust 2019 20:15 (UTC +04:00)

“Məni həyəcanla qarşılayıb, yataq otağına çəkdi...” – Bulud Qaranın gündəliyiXXI BÖLÜM

 

Əvvəli: https://lent.az/news/321349

 

21-ci hissə

 

Uşaqlıq və onun tablosu

 

Tofiqə tabe olub, susdum. Lakin Sehrbazın heç bir çərçivəyə sığmayan tərbiyəsizliyi əsəblərimi tarıma çəkmişdi. Hiss etdim ki, gicgahlarımda damarlarım partlamaq istəyirmiş kimi çırpınır.

 

- Aç bunu, - Sehrbaz telefonu mənə uzatdı və dərhal da geriyə çəkdi, - yox, yaxşısı budur, kodu de, özüm açım.

 

- Nə kodu? – hirsimdən nə edəcəyimi bilməyərək, sanki söz xətrinə soruşdum.

 

- Şifrəni deyirəm, telefonun bağlıdır.

 

- Siz lap ağ elədiniz! – qəzəblə ona baxdım, - özünüzü kim hesab edirsiz? Dərəbəylikdi? Bu nə meydan oxumaqdı hamıya, hə?

 

- Ssss, yaaxşı, yaxşı, - sopsoyuq baxışlarla məni süzüb, telefonu özümə qaytardı, - al, özün aç.

 

- Açmıram! – telefonumu alıb, dərhal cibimə soxuşdurdum.

 

- Onda and iç ki, onun içində heç bir kişinin arvadının şəkli yoxdur.

 

- Siz dəli olmusuz? Nə şəkil? Nə arvad?

 

- Video da olar.

 

- Bura bax, bilmirəm sehrbazsan, nə hoqqabazsan, amma hamını özün kimi... – dişlərimi sıxıb “şərəfsiz” deməkdən özümü zorla saxladım, - bilmə, yaxşı?

 

- Saxla maşını! – Sehrbaz əmr etdi.

 

Sükan arxasında oturan və yanındakı oğlan düşüb maşının hər iki tərəfindəki qapıların qarşısında arxaları maşına olaraq dayandılar. Sehrbaz özünü prosesə nəzarət edirmiş kimi göstərə-göstərə qaşlarını çatıb Tofiqə baxdı. Tofiq dərhal maşından düşdü və oğlanlardan aralanıb maşının qabaq tərəfində dayanaraq ətrafa baxa-baxa siqaret yandırdı. Mən oturacağın Tofiq çıxandan sonra boşalan hissəsinə keçdim. Tərs-tərs Sehrbaza baxdım.

 

- Buyur, eşidirəm!

 

- Buyur yox, buyurun!

 

- Buyur, - dedim.

 

- Ax, ax, ax... – Sehrbaz başını bulayıb gülümsədi, - görünür, biz səninlə tanış deyilik, yoxsa məni tanıyan adam mənimlə belə tonda danışmağa cürət eləməzdi.

 

- Mən səni tanımıram, tanımaq da istəmirəm. Sadəcə, mənə bir şey maraqlıdır, sən ümumiyyətlə, nə istəyirsən? Niyə hər dəfə bir oyun qurub hoqqa çıxardırsan?

 

- Doğrudan bilmirsən?

 

- Bil-mii-rəm!

 

- Elə isə qulaqlarını yaxşı-yaxşı aç və eşit, cavan oğlan! – Sehrbaz qəddini dikəldib, sərt baxışlarını gözlərimin içinə dikdi, - sən Sənubər adlı pasientini bizimlə bir yerdə görməmisən, biz də səni qətiyyən tanımırıq. Yəni mən və mənim üç mühafizəçilərimi nəzərdə tuturam.

 

- Həə, başa düşdüm, bilmədiyim nələrsə var və onlar əlahəzrət Sehrbazı... üzr istəyirəm, hoqqabazı qorxudub, yuxusunu ərşə çəkib.

 

- Qulaq as, düdük! – o, mənim boğazımdan yapışıb sıxmağa başladı, hiss etdim ki, boğulmağa başlayıram.

 

- Sən... – birtəhər özümü onun əllərindən xilas eləyə bildim və qapını açmağa çalışdım - neynirsən, dəli olmusan?

 

- Mən sənə xəbərdarlıq elədim, ardını özün fikirləş, qərar ver. Sabah həftənin birinci günüdür, səni bölməyə-filana çağırsalar, ağzına sahib çıxasan, eşidirsən? Yoxsa...

 

- Sən mənə heç nə eləyə bilməzsən! Bölməyə isə çağırsalar, gedərəm də, sənə qarşı ifadə verərəm də!

 

- Özün bil. Məndən demək. Gedərsən, lap yaxşı, özündən başqa sənin nağıllarına heç kim inanmaz da. Kim vardı orda? Sən? Sənubər? Qalanı da biz, - o, nəzərləri ilə maşının qapılarında pusqu quran mühafizəçilərini göstərdi.

 

Düz deyirdi. Sənubər artıq həyatda yox idi. Videoda isə mənim evim, interyerim, divanımda üç kişi ilə çılpaq halda olan pasientim vardı. Mənim heç bir şahidim yox idi ki, Sehrbazı ələ vermək bir tərəfə dursun, öz karyeramı və imicimi qoruyum.

 

- İndi isə get evə, divanın örtüyünü dəyişirsən, oboyu sökürsən, nə qələt eləyirsənsə elə, bir gün vaxtın var! – bir dəstə yüzlüyü oturacağın üstünə atdı, - bu da sənə xərclik.

 

- Sən... – qəzəbdən nə edəcəyimi bilməyərək, gah pullara, gah onun üzünə baxdım.

 

- Bir dəqiqə! Səsini çıxarma!

 

Ona zəng gəlirdi və görünür, nömrəni tanımadığı üçün bir qədər təəccüblə baxıb, telefonu açdı. Dərhal da zəng kəsildi deyə, özü yığmağa başladı. Lakin qarşı tərəf cavab vermədi. Sehrbaz hirslə telefonu qapayıb cibinə qoymaq istəyəndə isə mesaj cingiltisi maşına yayıldı. Sehrbaz mesajı açıb baxdı. Birdən rəngi qaraldı, qaşlarını çatıb bir əli ilə boğazını sıxa-sıxa ovuşdurmağa başladı. Telefonu tutduğu əli boşalıb kənara düşdü.

 

- Nə oldu? Eyy! – mən həyəcanla onun çiynindən tutub silkələdim, xırıltı ilə nəsə deməyə çalışdığını gördüm, amma heç nə anlamadım. O, əlini uzadıb oturacağa düşmüş telefonu götürməyə çalışırdı, lakin qıc olmuşdu və bunu edə bilmirdi. Birdən gözüm telefonun ekranında tərpənən videoya sataşdı. Aman! Bu ki mənim evimdə çəkilən və Sənubərin həyatına son verən həmin o dəhşətli videonun başqa versiyası idi?! Bu videoda mən də görünürdüm, Sehrbaz da, Sənubər də, onun üstünə cummuş qoluzorlu oğlanlar da...

 

Telefonu götürmək istəyirdim ki, qapılar açıldı və mühafizəçilər məni çölə itələyib, Sehrbazı özünə gətirməyə tələsdilər.

 

Beş dəqiqədən sonra o artıq ayılmışdı, evə gedib şəxsi həkimini görmək istədiyini deyirdi. Mühafizəçilər məni və Tofiqi göstərib bizimlə nə etmək lazım olduğunu soruşanda isə əlini yelləyib “cəhənnəm olsunlar” dedi. Və onlar uzaqlaşandan sonra biz ikimiz, şəhərdən kənarda, çöllükdən və trasdan başqa heç nə olmayan yerdə olduğumuzun fərqinə vardıq.

 

Bir azdan isə ilk qarşımıza çıxan marşrut avtobusu ilə şəhərə tərəf qayıtmaqda idik. Tofiq nə baş verdiyini anlamırdı. Mən də ona heç bir söz demədim. Tofiq dedi ki, Sehrbaz epileptikdir, hərdən belə tutmaları olurmuş.

 

Mən isə başımı avtobusun pəncərəsinə söykəyib, bir az bundan əvvəl Sehrbazın telefonunun ekranında gördüyüm videonu düşünürdüm. Düşündükcə də gülümsəyirdim...

 

***

 

Gülnar bizdə idi. Məni görən kimi həyəcanla qarşılayıb, yataq otağına çəkdi. Anam və Sevda təəccüblə, bir qədər də narazı baxışlarla bizə baxdılar.

 

- Kim idi onlar? Sən hara getmişdin?

 

- Kimi deyirsən?

 

- Maşındakı adamları deyirəm!

 

- Tofiq idi, təcili onun müdiri ilə görüşmək lazım oldu...

 

- Bilirəm o müdir nə müdirdi, - Gülnar əsəbi halda otaqda var-gəl edirdi, - Sənubəri də aparmışdılar onlar.

 

- Nə? – heyrətdən ağzım əyildi.

 

- Eşitdiyin! – Gülnar taxtın üstündə oturdu, - iki dəfə aparıblar, hədə-qorxu gəliblər, başqa da bilmirəm daha nələr...

 

- Nə danışırsan...

 

- Yazıq Sənubər, - Gülnar ağlamsındı, - bədbəxt, axmaq qız...elə də uşaq kimi saf idi ki, adama hər şeyi danışırdı. Kimə gəldi e özü də.

 

- Necə yəni? Məni nəzərdə tutursan? Mənim pasientim idi də.

 

- Sənə vurulmuşdu, ölürdü səninçün, o heç, - Gülnar başıyla divarı göstərdi, - bu təzə qonşu gəlin yoxdumu?

 

- Qonşu gəlin?

 

- Hə də, o qocaların evinə köçən.

 

- Və?

 

- Vəsi odur ki, Sənubər dadanmışdı onun evinə, deyirdi sənin yanına gəlibmiş, evdə olmamısan, o gəlin çıxıb onu evə çağırıb, su, sakitləşdirici-filan...sonra da rəfiqə olmuşdular guya.

 

- Qəribədir, mən o gəlini heç vaxt görməmişəm.

 

- Mən də. Amma sabah gəlib məxsusi onun yanına gedəcəyəm, indi deyəsən evdə yoxdur, bayaq üç dəfə qapısını döymüşəm, açmayıb.

 

- Siz neynirsiz orda? – anam səbrini basa bilməyib qapını açaraq içəri boylandı.

 

- Heç, söhbət vardı.

 

Gülnar sağollaşıb, getdi.

 

Anam təəccüblə onun dalınca baxıb, mənim qolumu sıxdı və pıçıldadı:

 

- Buna nə olub? Niyə ağlamışdı?

 

- Rəfiqəsi ölüb də.

 

- Həə... – anam qolumu buraxıb sonra nə fikirləşdisə, təzədən pıçıldadı, - bax haa, birdən aranızda nəsə olar, bilmərik. Sevda da yazıqdı, gözləri qapıda qalmışdı siz içəridə olanda.

 

- Əşi! - əlimi yelləyib, hamam otağına keçdim.

 

- Al bu dəsmalı, - anam başını içəri soxdu, - Gülnara da tapşır, özünü abırlı aparsın, gah Sevdaya acıqla baxır, gah qonşu gəlinin evinə hücum eləyir. Elə bil arvadın-zadındı, qızıb bu qız nədi!

 

- Ay ana, nə danışırsan sən? Ayıb deyil?

 

- Ayıb odur ki, Gülnar özünü elə aparır. Özü də bu qonşu yad ha deyil, öz kəndçimizdi də, Süleymanın qızı, yadında, yapışırdın ona qopmurdun, hamı deyirdi adaxlanacaq bunlar axırda.

 

- Kim? Səma? Ana, Səmayəni deyirsən?

 

- Hə, hə, daha suyu çox axıtma, tez elə,  – anam məni vanna otağına itələyib, qapını örtdü.

 

Su.

 

Soyuq, təmiz, axar su başımdan ayaqlarıma kimi süzülüb axdıqca son zamanların bütün ağırlıqlarını üstümdən də, içimdən də yuyub aparırdı.

 

Özümü bir anlıq uşaqlıq illərimdəki kimi, kəndimizin bir tərəfindən axan çayda təsəvvür etdim. Biz uşaqlarla yığışıb axarın qarşısını köhnə dəmir darvaza tayı ilə tutmuşduq və bu da balaca bir şəlalə yaratmışdı. Hər gün o balaca şəlalənin buz kimi suyunda yuyunub-təmizlənib evlərimizə dağılışardıq... Mən həmişə Səmayəni ötürərdim, o da həmişə deyərdi ki, mənim adım Səmayə deyil, Səmadır.

 

- Yalan demə, nənənin adını sənə qoyublar, Səmayədir, - deyib acıqlanardım...

 

İndi su, anamın verdiyi xəbər məni özümdən alıb aparmışdı. İşə bir bax, gör mən kiminlə qonşu imişəm...

 

Amma yox, fikirlər insanı tərk etmir, suyun gətirdiyi rahatlıq nə qədər gözəl olsa da, saniyələr boyunca çəkdi, vəssalam. Sehrbaz, onun hədə-qorxuları, Sənubər, onun ölümü, Leyla, onun ərindən dəhşətli intiqamı bir-bir gözlərimin qabağında düzülməyə başladı yenə.

 

Yemək belə yemədən, anamın bütün etirazlarına baxmayaraq, evdən çıxıb emalatxanama tələsdim.

 

Burada ya Leylanı görəcəkdim, ya da Leyladan bir işarə, əmin idim.

 

Dəhlizdən içəri keçdiyim zaman rəng qoxusuna qarışmış xəfif tanış qoxu başımı gicəlləndirdi. Otağa göz gəzdirib divanda oturdum.

 

Burada mən sevdiyim qadınla qovuşmuşdum. Sonra da o qadını gecənin bir aləmində şəhərin ortasında tək buraxıb getmişdim.

 

Hər yeri yoxladım, bəlkə bir məktub yazıb saxlayıb, bəlkə bir işarə... amma heç nə yox idi.

 

Birdən gözüm molbertdəki tabloya sataşdı. Kəndimizin ən mənzərəli yerini çəkdiyim həmin o yarımçıq rəsm idi. Mən bunu molbertə yerləşdirməmişdim... və bu rəsmdə bu balaca oğlan, bu çəlimsiz balaca qız yox idi, bu çiçəklər də...

 

Həmin anlarda ildırım sürəti ilə emalatxanadan çıxıb həyətə necə düşdüm, maşınıma minib evimə tərəf necə sürdüm, bilmədim.

 

Bir də ayıldım ki, öz qapımın qarşısındayam və qonşu qapının zəngini aramsız, səbirsiz basıram...

 

Saydım, düz 38 saniyədən sonra qapı açıldı və mən özümü içəri atdım.

 

Elə dəhlizdəcə bir-birimizə sarıldıq...

 

Bu o idi.

 

Mənim dəlisov, gözəl, ağıllı sevgilim... Leyla.

 

(Davam edir)

# 2084
avatar

Bulud Qara

Oxşar yazılar