Arvadınız sizdən 5 qat çox  qazanırsa, evliliyi necə xilas etmək  olar?
05 fevral 2026 16:17 (UTC +04:00)

Arvadınız sizdən 5 qat çox qazanırsa, evliliyi necə xilas etmək olar?

0

ABŞ-in məşhur maliyyə məsləhətçisi Brayan Peyc arvadın ərdən bir neçə dəfə çox qazandığı ailələrdə münasibətləri qorumağın əsas yolundan danışıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, müasir dövrdə ailə daxilində gəlir bölgüsü əvvəlki illərlə müqayisədə xeyli dəyişib və bu artıq nadir hal sayılmır.

Peyc qeyd edib ki, onun həyat yoldaşı özündən təxminən beş dəfə çox qazanır. Ekspertin sözlərinə görə, 1970-ci illərdə kişilər əsas qazanc gətirən tərəf kimi çıxış edirdisə, hazırda iki gəlirli ailələr norma halını alıb və qadınların partnyorlarından daha çox qazanması getdikcə geniş yayılır.

Məsləhətçi vurğulayıb ki, hər ailənin maliyyə reallığı fərqlidir və bir ailə üçün uyğun olan sistem digəri üçün işləməyə bilər. Bununla belə, onun fikrincə, münasibətləri gücləndirən əsas vərdiş pulların birgə idarə olunmasıdır. O bildirib ki, ailə büdcəsini ortaq hesablar üzərindən idarə etmək tərəfdaşlar arasında etibarı və birlik hissini artırır.

Ekspertin sözlərinə görə, maliyyəyə evlilik kimi ümumi məsuliyyət və ortaq layihə kimi yanaşmaq lazımdır. Bu halda kimin hansı xərci ödədiyini hesablamaq ehtiyacı yaranmır. Araşdırmalar da göstərir ki, birgə bank hesablarından istifadə edən cütlüklər münasibətlərindən daha çox məmnun qalırlar.

Brayan Peyc diqqətə çatdırıb ki, ev işləri və uşaqlara baxım kimi ödənişsiz əmək də ailə üçün böyük dəyər daşıyır və gəlirlə ölçülməməlidir. O həmçinin qeyd edib ki, qadınlar əksər hallarda daha çox qazansalar belə, ailə və ev işlərinə daha çox vaxt ayırırlar. Bu isə istirahət imkanlarının azalmasına və narazılığın artmasına səbəb ola bilər.

Ekspert əlavə edib ki, insanların pula münasibəti keçmiş təcrübə, ailə ənənələri və psixoloji faktorlarla formalaşır. Buna görə də bütün cütlüklər üçün vahid və düzgün maliyyə modeli mövcud deyil. Gəlirlərdə baş verən dəyişikliklər isə açıq şəkildə müzakirə olunmalı və ailənin maliyyə sistemi zaman-zaman yenilənməlidir.

Məsləhətçi yekun olaraq bildirib ki, gəlirlər və karyeralar dəyişə bilər, lakin nikahı qoruyan əsas amil tərəfdaşların bir-birinin töhfəsini, maaşın məbləğindən asılı olmayaraq, dəyərli hesab etməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar