Rusiyanın Bryansk vilayətində verdiyi hədiyyələri sevgilisindən geri almaq istəyən 30 yaşlı kişiyə hökm oxunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, ayrılıqdan əsəbiləşən kişi sevgilisinə aldığı bütün hədiyyələrin qiymətini hesablayıb. Onun fikrincə, xərclərin ümumi məbləği 33 min rubl təşkil edib.
İvan adlı həmin şəxs keçmiş sevgilisinə özünəməxsus bir bank hesabı təqdim edərək bütün pulların geri qaytarılmasını tələb edib. Təzyiq vasitəsi kimi o, şantajdan istifadə edib və qız pulu ödəməkdən imtina edəcəyi təqdirdə kompromat xarakterli materialları internetdə yayacağı ilə hədələyib. Hədələrə baxmayaraq, qız onun tələblərinə boyun əyməyib və pulu qaytarmayıb. Bundan sonra kişi hədəsini həyata keçirib və şəxsi məlumatları yayıb.
Lakin bu “cəza tədbiri” elə onun özünə qarşı çevrilib. Səbir kasası dolan qız hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi açılıb.
Araşdırma nəticəsində İvan təqsirli bilinib. Məhkəmə onu bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Bundan əlavə, zərərçəkmişin xeyrinə mənəvi zərərin ödənilməsi də ondan tutulub. Kompensasiyanın məbləği 100 min rubl təşkil edib ki, bu da onun geri almağa çalışdığı məbləğdən üç dəfədən çoxdur.