Cütlüklər arasında baş verən ayrılıqların əksəriyyəti emosional impuls nəticəsində deyil, əksinə, tam şəkildə dərk edilmiş və yaxşı düşünülmüş addımlar olur.
Lent.az xəbər verir ki, bu nəticəyə 2025-ci ilin oktyabrında The Journal of General Psychology jurnalında dərc olunan yeni araşdırmanın müəllifləri gəliblər.
Onların sözlərinə görə, çox vaxt ayrılıq qərarı tədricən formalaşır və insanın öz hisslərini, inanclarını və sosial mühitini daxili şəkildə qiymətləndirməsi prosesindən keçir. Üstəlik, bu qiymətləndirmə tərəflərin ilk dəfə mövzunu müzakirə etməsindən xeyli əvvəl başlayır.
Araşdırmanın müəllifləri bu prosesin izahı üçün özlərinin inteqrativ nəzəri modelini hazırlayıblar. Onlar insan davranışı və münasibətlər sahəsində aparılmış onilliklərlə tədqiqatlara əsaslanaraq iki fundamental psixoloji nəzəriyyəni birləşdiriblər:
Şüurlu davranış nəzəriyyəsi – insanın seçiminin onun münasibətlərindən, sosial normalardan və vəziyyətə nəzarət hissindən asılı olduğunu bildirir.
Şəxslərarası davranış nəzəriyyəsi – bu modeli daha da genişləndirərək emosiyaları, vərdişləri və özünüidentifikasiya amilini əlavə edir.
Bu iki yanaşmanın inteqrasiyası nəticəsində tədqiqatçılar insanın niyə və necə ayrılıq qərarı verdiyini müəyyən edən daha geniş spektrli faktorları əhatə edə biliblər. Onlar qərarın formalaşmasına təsir edən dörd əsas faktor qruplarını müəyyənləşdiriblər. Məhz bu faktorların birləşməsi eyni vəziyyətin bir insanı getməyə, digərini isə qalmağa sövq etməsinin səbəblərini izah edir.
Alimlərin müəyyən etdiyi əsas səbəblər aşağıdakılardır:
Emosional təsirlər. İnsan ayrılıq zamanı və ya ondan sonra hansı hissləri yaşayacağını gözləyir – bu, əslində, emosional proqnozdur. O, şəxsi təcrübədən və münasibətə emosional sərmayənin dərinliyindən asılı olur.
Sosial təsirlər. Ətrafdakı insanların gözləntiləri, yaxınların fikirləri, mədəniyyətin sevgi, evlilik və öhdəliklərlə bağlı dəyərləri bu qrupa daxildir. Eyni zamanda, insanın özünü bu normalar içində necə gördüyü də mühüm rol oynayır.
Koqnitiv təsirlər. Ayrılıqdan sonrakı həyatla bağlı şəxsi inanclar və gözləntilərdir. İnsan özlüyündə riskləri və üstünlükləri qiymətləndirir: müstəqillik, tənha qalmaq qorxusu, azadlıq, dəyişikliklər, sabitlik və s.
Motivasion təsirlər. Bu faktor insanın ayrılıq niyyətinin nə dərəcədə konkret və formalaşmış olmasını əhatə edir. Ayrılıq barədə düşünmək bir şeydirsə, bunu real addımlara çevirmək başqa bir şeydir. Niyyət qeyri-müəyyən olduqda proses irəliləmir, lakin niyyət dəqiq və güclüdürsə, emosional və koqnitiv tərəddüdləri aşmaq daha asan olur.