Z nəslinin kişiləri düşünür ki, qadınlar ərlərinə itaət  etməlidirlər
17 mart 2026 14:00 (UTC +04:00)

Z nəslinin kişiləri düşünür ki, qadınlar ərlərinə itaət etməlidirlər

0

Z nəsli kişilərinin bir hissəsi münasibətlərdə kifayət qədər ənənəvi baxışlara sahibdir. Yeni beynəlxalq araşdırmaya görə, gənc kişilərin bir qismi hesab edir ki, qadın ailədə kişiyə tabe olmalı və mühüm qərarların qəbulunda ona güzəşt etməlidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, Z nəsli kişilərinin 31 faizi “arvad həmişə ərinə qulaq asmalıdır” fikri ilə razılaşır, 33 faizi isə ailədə son sözün kişiyə məxsus olmalı olduğunu düşünür.

Araşdırma ABŞ, Böyük Britaniya, Braziliya və Hindistan daxil olmaqla 29 ölkədən təxminən 23 min nəfəri əhatə edib. Alimlər müxtəlif nəsillərin, “baby boomer”lər, X nəsli, milleniallar və Z nəslinin baxışlarını müqayisə edərək gender rollarına münasibətin necə dəyişdiyini araşdırıblar.

Maraqlıdır ki, 30 yaşdan yuxarı insanlar belə fikirləri daha çox köhnəlmiş hesab edir və onları dəstəkləmir. Buna baxmayaraq, 18-29 yaş arası gənc kişilər münasibətlərdə rol bölgüsünə daha konservativ yanaşma nümayiş etdirirlər.

Tədqiqatçılar bunu qismən internetdə yayılmış “red pill” mədəniyyəti ilə əlaqələndirirlər. Bu icmalar feminist ideyalara qarşı çıxır və kişilərin dominant rolunu dəstəkləyən ənənəvi baxışları təbliğ edir.

Sorğu gənc kişilər arasında digər maraqlı fikirləri də ortaya çıxarıb. Məsələn, Z nəslinə aid kişilərin 21 faizi hesab edir ki, “əsl qadın” intim münasibətlərdə ilk təşəbbüsü göstərməməlidir. Eyni nəsildən olan qadınların isə yalnız 12 faizi bu fikirlə razıdır.

Bununla yanaşı, gənc kişilərin baxışları müəyyən qədər ziddiyyətli görünür. Bir tərəfdən onlar qadının roluna dair ənənəvi düşüncələri bölüşürlər, digər tərəfdən isə respondentlərin 41 faizi uğurlu karyeraya sahib qadınların kişilər üçün daha cəlbedici olduğunu düşünür.

Ipsos-un rəhbəri Kelli Biverin sözlərinə görə, araşdırmanın nəticələri müasir və ənənəvi baxışların mürəkkəb şəkildə qarışdığını göstərir. Onun fikrincə, bu vəziyyət cəmiyyətdə gender normalarının necə dəyişməsi barədə vacib müzakirələrə səbəb olur.

Sorğu həmçinin gənc kişilərin özlərinə qarşı sərt gözləntilər qoyduğunu da göstərib. Belə ki, respondentlərin 30 faizi hesab edir ki, kişilər dostlarına “səni sevirəm” deməməlidir. Digər 43 faiz isə düşünür ki, gənc kişilər təbiətlərindən asılı olmayaraq fiziki cəhətdən güclü görünməlidirlər.

Bundan əlavə, Z nəslinə aid kişilərin 21 faizi hesab edir ki, uşaqlara baxım prosesində aktiv iştirak etmək kişini daha az “kişiyə xas” göstərir. Eyni nəsildən olan qadınlar arasında isə bu fikri dəstəkləyənlərin payı cəmi 14 faizdir.

Tədqiqatçıların sözlərinə görə, bütün bunlara baxmayaraq, dünyada insanların böyük əksəriyyəti gender bərabərliyi ideyasını, xüsusilə də ailə daxilində, dəstəkləyir. Lakin sosial gözləntilər və mədəni normalar bəzən insanları daha ənənəvi rollara uyğun davranmağa məcbur edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar