Bəy toyu günü İrana qaçdı, gəlin isə özünə saxta bəy tutdu
13 aprel 2011 18:02 (UTC +04:00)

Bəy toyu günü İrana qaçdı, gəlin isə özünə saxta bəy tutdu

0
Bakıda keçirilən toy mərasimi zamanı maraqlı olay baş verib. Sabunçu rayonunda yerləşən “Arzu” şadlıq sarayında baş tutan mərasimdən sonra bəylə gəlin restoranı “limuzin”lə deyil, polis avtomaşını ilə tərk etməli olub.

Maştağa qəsəbə sakini Vüsalə Novruzova ilə Gədəbəy rayon sakini Bəhruz Alməmmədovun toy mərasimi ilk baxışdan digər toylardan seçilməyib. Avtomobilindən düşən cütlük şadlıq sarayına balaca mələklərin müşayiəti daxil olub, qonaqların ətrafında şampan içib, lirik mahnı sədaları ətrafında rəqs etməyə başlayıb.

Mikrofon qarşısına çıxan qonaqlar bəylə gəlini təbrik edib, onlara oğullu uşaqlı olmağı və qoşa qarımağı arzulayıblar. Sonra qonaqlar milli və xarici musiqi sədaları altından dayanmadan rəqs ediblər.

Şən keçən toy mərasimindən şübhələnən şadlıq sarayının inzibatçısı olub. Mərasimin başlanmasından bir neçə saat keçməsinə baxmayaraq yüz nəfərlik qonaq üçün sifariş verilən toya cəmi 15 nəfərin gəlməsi inzibatçını narahat edib. Hər ehtimala qarşı o mühafizəçilərdən bəylə gəlini nəzarətdə saxlamağı tapşırıb. Özü isə iş otağına keçərək Sabunçu rayon polis idarəsi ilə əlaqə saxlayıb. İşin üstü toyun sonuna yaxın inzibatçı bəylə gəlinə yaxınlaşıb 100 nəfərlik sifarişin pulunu istəyəndə açılıb. Vüsalə Novruzova qonaqlarımız gəlmədi ziyana düşmüşük pulumuz yoxdu deyəndə söhbətə Sabunçu rayon polis idarəsinin əməliyyatçıları qarışmalı olub.

Araşdırmalar zamanı məlum olub ki, gəlin Vüsalə Novruzova iki uşaq anasıdır, bəy rolunu oynayan Bəhruz Alməmmədovu isə Gədəbəydə hamilə vəziyyətdə olan arvadı gözləyir. Vüsalənin sözlərinə inansaq, əslində o başqa bir oğlanla ailə qurmalı olub.

Novruzovanın dediklərindən belə çıxıb ki, Həşim adlı oğlanın valideynləri onun iki uşaq anası ilə ailə qurmasını eşidəndə oğullarını təcili olaraq İrana yollayıblar. Həşim toy günü təyin edilib dəvətnamələr paylanandan sonra yoxa çıxıb. Qohum qardaş arasında biabır olmamaq üçün Vüsalə özünə təzə bəy tapmaq qərarına gəlib. Toyda bəy rolunu oynayan Gədəbəy rayon sakini Bəhruz Alməmmədovu Vüsaləyə Günel adlı rəfiqəsi təklif edib.

Gədəbəyin Pirbulaq kəndindən gələn Bəhruz isə polisə deyib ki bəy oturmağa razılıq verəndə başına belə iş gələcəyini ağlına gətirməyib. Özünün dediyinə görə ortalıqda maddi maraq olmayıb. Sadəcə olaraq, pis vəziyyətə düşən rəfiqəsinin rəfiqəsinə kömək etmək istəyib. Bəhruzun bəy rolunun təmənnasız oynamasını gəlində təsdiqləyib.

Bəy, əsl bəy olmadığını əsas gətirərək, şadlıq sarayına ödənilməli pulu ödəməkdən imtina edib. Toyuna gələn qonaqları pul salmamaqda günahlandıran gəlin isə pulum yoxdur deyib. Polisdən isə bildiriblər ki, yaxın zamanlarda pul ödənilməsə “bəy”lə “gəlin”in əməli dələduzluq kimi qiymətləndirilə bilər.

Hazırda Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır. Araşdırmaların sonunda hər iki şəxsin barəsində nəticə əldə olunacaq.

(yazı bizimyol.az saytından götürülüb)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1537

Oxşar yazılar