“Elçibəyin ailəsindən aldığım pulu özlərinə qaytardım” -  Xalq rəssamı
21 yanvar 2022 19:39 (UTC +04:00)

“Elçibəyin ailəsindən aldığım pulu özlərinə qaytardım” - Xalq rəssamı

Lent.az Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovun müsahibəsini APA-ya istinadla təqdim edir

Qar yağır...

 

Kimdənsə qaçırmış kimi üzümə açılan qapıdan ildırım sürətilə içəri keçirəm, elə fotoqrafımız Sabir də məndən geri qalmır. Xanlar müəllim bizi kandarda qarşılayır. Bizi görən kimi bayırda havanın necə olduğunu soruşur.

- Soyuqdur?

- Hə, soyuqdur, özü də çox soyuq. Amma sizin emalatxana da heç isti deyil, bütün emalatxanalar kimi.

- Əslində, mənim soyuqla heç aram yoxdur.

- Bilirəm, deyəsən, elə bu səbəbdən də Moskvada oxumağın dəb olduğu bir dövrdə Moskvada yox, Daşkənddə oxumusunuz.

- Hə, həm ona görə, həm ürəyim xəstə idi, həm də Moskvada oxumağa icazə vermədilər. Emalatxananın soyuqluğuna qalanda, başıma su tökülmür, ayağım suda deyil. Əynimi geyinirəm, vəssalam.

Heykəllərə isti olmaz deyə bilirəm, bəs, heykəltəraş emalatxanasında başqa nə olmaz?

- Məsələn, heykəltəraşlıq emalatxanasında işıq mütləq yuxarıdan düşməlidir. O vaxt buranı tikəndə də bu məqam nəzərə alınıb.

Belə qarlı-şaxtalı, özü də 20 Yanvar kimi əlamətdar bir gündə Xanlar müəllimlə görüşməyimizin bir neçə səbəbi var, lakin ən birincisi bu yaxınlarda onun müəllifi olduğu Tağıyev abidəsinin açılışının olmasıdır. Tağıyevin heykəlinin hazırlandığı o sehrli məkanı görmək üçün qara-şaxtaya baxmayaraq, bu gün fotoqrafımızla birgə burdayıq - soyuq, amma işıqlı məkanda.

- Bildiyim qədərilə bura Fuad Əbdürrəhmanovun emalatxanası olub. Nə əcəb buranı onun ailə üzvlərindən kiməsə yox, məhz, sizə veriblər?

- Fuad Əbdürrəhmanovun iki qızı var idi, biri cavan rəhmətə gedib, digər qızı da hazırda xaricdə olmalıdır. Yəni, onun heykəltəraş kimi davamçısı olmadı, həm də bura o vaxt Mədəniyyət Nazirliyinin nəzdində idi, sonradan mənə verdilər.

- Fuad Əbdürrəhmanovun əsərlərindən qalan var burda?

- Yox, hamısını aparıblar, çoxu muzeydədir.

Emalatxanada gəzişirəm, gözüm Tağıyevin balaca heykəlinə sataşır. Tağıyevin faytonda olan təsvirinə yaxınlaşıram.

- Xanlar müəllim, nə əcəb heykəlin bu variantını yox, digər variantını işləmisiniz?

Mən komissiyaya üç variant təqdim etmişdim, onlar hazırkı variantı seçdi.

- Seçim haqqı sizdə olsaydı, hansı variantın üstündə dayanardınız?

Mənə fərqi yoxdur (fikrə gedir). Bəlkə də atlı versiyanı...

- Komissiya yer darlığını nəzərə alıb hazırkı variantı seçdi?

- Əslində, bir neçə məkan variantı vardı. Nədənsə belə qərara gəliblər. İndiki yeri də yaxşıdır, məncə.

- Heykəldə təsbehin qırılmağını eşidəndə yəqin çox əsəbiləşmisiniz...

- Bu, vandalizmdir. Yazıq Tağıyev, heç 12 saat orda dayanmadı, mənə gecə saat ikidə zəng etdilər ki, səhərə qədər hazır olmalıdır. İnanın, səhərə qədər onunla məşğul olmuşuq. Səhəri diri açdıq (əsəbi halda əlavə edir). Sındıran adam deyir, mən təsbehi yoxlamaq istəyirdim. Gözünlə yoxla da, nə işin var onunla?!

Bəlkə heykəlin postamenti olsaydı...

- Bilirsiniz, heykəlin bu formada olmasının səbəbi odur ki, Tağıyev kasıb ailədə doğulub, sadə xalqın içindən çıxıb, həmişə də xalqın yanında olub. Ona görə bu heykəl yerdə qoyulsa, daha yaxşı olar. Avropada da bu cür, yerdən qoyulan heykəllər var, yəni bu təcrübə ilk dəfə bizdə deyil.

- Bura Avropa deyil axı...

- Təsbeh qırılandan sonra heykəlin ətrafını bağlamağı təklif edənlər oldu. O da alınmaz. Bir də görürsən emalatxanaya yad adam gəlir, əlinə keçəni götürüb baxır. Elə şey var ki, (əli ilə heykəllərdən birini qaldırır) belə dayanmalıdır. Baxdın, bəsdir də, daha niyə götürürsən? O qədər işim olub ki, baxmaq adı ilə sındırıblar.

- Rəssam İsaak Brodski Tağıyevin bir portretini çəkib. Həmin portretdə onun əlində qəzet, yoxsa əlcək olması bu günə qədər müzakirə mövzusudur. Bəlkə Siz öz obrazınızda bu variantlardan birinə müraciət edərdiniz? Niyə məhz təsbeh?

- Çıxın şəhərə, yaşlı kişilərin əksəriyyətinin əlində təsbeh var. Elə mənim özümün də təsbehim var. Bu, bizim qanımızdadır. İkinci bir tərəfdən əlcəklə göstərmək də yaxşı alınmayacaqdı. Qəzet isə olmazdı, bəlkə o heç hərf tanımırmış, belə baxanda, o həm mütərəqqi, həm də bisavad adam idi.

- Heykəli yaradanda əsas ilham mənbəyiniz nə olmuşdu?

- Tağıyev haqqında rəvayətlər.

- Axı Tağıyev haqqında ancaq yaxşı rəvayətlər danışmırlar?

- Hə. Oğlu ilə bacanaq olub və sair. Həyatdır da.

- Heykəli nə qədər vaxta işləmisiniz?

- Çox az vaxta işlədim. Təxminən səkkiz aya.

- Vaxt məhdud olduğu üçün?

- Yox, əgər mənə iki il də vaxt versəydilər, yenə bu cür işləyəcəkdim.

- Mirəli Mirqasımovdan Cəfər Cabbarlının heykəlinin niyə gecikdiyini soruşanda deyibmiş: “Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Heykəl isə xalqındır”.

- Axı, zaman o zaman deyil. İndi texnikalar da dəyişib, o vaxt taxta mişarla yonurdunsa, indi elektron mişar var. O vaxt 15 dəqiqəyə gördüyün işi indi iki dəqiqəyə görürsən.

Gördüyünüz işdən razısızınız?

- Razı qalmasaydım, görməzdim.

- Tağıyev çörək verən kişi olub deyirlər. Sizə nə verdi bu kişi?

- Kişi bu emalatxananı təmir etdi. (Əli ilə şüşələri göstərir, sanki mən emalatxananın əvvəlki halını görmüşəmmiş kimi dəyişikliyin önəmini izah etməyə çalışır) Şüşələr sınıq idi, dam başıma uçurdu, ancaq indi…(gülümsəyir)

- Yəni deyirsiniz ki, bu boyda kişi bircə emalatxananı təmir elədi?

Bu dəfə mən mənalı-mənalı gülümsəyirəm.

- Yox, bir yeddi-səkkiz ay çörək zad aldıq (gülür).

Emalatxananı gəzirəm, olduqca səliqəli qurulub. Gözüm sıra ilə düzülən samovarlara sataşır.

- Çayxorsunuz, Xanlar müəllim?

- Hə, gözləyin, indi sizə də çay verəcəyəm.

Yan otağa keçir, az sonra çay dolusu məcməyi ilə qayıdır. Özü stolun üstünü səliqəyə salıb, çayları düzür. Bundan sonra söhbətimizə çay içə-içə davam edirik.

- Haralısınız?

- Haralı... Bu, çox çətin sualdır. Atam Təbrizdən, anam Şuşadan, özüm də Bakıdan. Şuşa mənim üçün bir başqa doğmadır, səkkiz il hər yayı Şuşada keçirmişəm. Ancaq bu yay Şuşaya gedəndə gördüyüm mənzərə mənə çox ağır təsir bağışladı. Düzdür, qabaqlar Şuşaya çox getmişəm, orda mənim çox işlərim olub.

Söhbətin bu yerində həmmüəllifi olduğu “Güllələnmiş heykəllər” haqqında sual vermək istəyirəm, ancaq düşünürəm bu haqda çox danışıb, ona görə digər əsərlərindən söz salıram.

- O vaxt müharibə təzə başlayanda Laçında mənim bir heykəlimi ucaltmışdılar. Deməli, heykəldə bir güllə ilə vurulan ata ilə oğlu təsvir etmişdim.

- Həqiqətən olub belə bir hadisə?

- Hə, deməli, kişi qucağında uşaq güllədən qaçanda güllə birinci uşağı, sonra atanı öldürmüşdü. Ermənilər dağıtdı o heykəli.

- Dağıtmaq bir yana, ucaltmağa nə əcəb əngəl olmayıblar o vaxt?

- O vaxt heykəli qoyanda Mərkəzi Komitənin ikinci katibi mənə zəng vurub dedi ki, Laçına gedirik, sən də gəl. Atamgil məni getməyə qoymadı. Sonradan bildim ki, onların getdiyi vertolyota da güllə atıblar, düzdür, vurulmamışdı, amma pis günə düşmüşdü. Pis vaxtlar idi, çox pis vaxtlar...

Fikrə gedir. Araya sükut çökür. Sükutu pozmuram…

- Əlif (Milli Qəhrəman Əlif Hacıyev – A.S.) mənim emalatxanama gəlmişdi. Vəziyyətin qarışan vaxtı idi. Əlif dedi ki, gəlin bir heykəl hazırlayaq, ermənilər bizim necə həmrəy olduğumuzu görsünlər. Mən də belə bir şey eləmişdim: bir-birini qucaqlayan güləşçilər. Əlif də heykəli çox bəyənmişdi. Həmin il elə mən maşınla Şuşaya getmişdim. Ordan qayıdanda Xankəndi-Ağdam yolunda erməni cavanları bizim maşının dalına düşdülər. Mən də ailəmləydim. Ağdama çatanda öz cavanlarımızı görüb maşını saxladım, həmin cavanları köməyə çağırdım. Təkbaşına, ailə ilə nə edə bilərdim? Bizimkiləri görən kimi ermənilər qaçdılar. Bax belə bir hadisə başıma gəlmişdi.

Əlif çox maraqlı adam idi. Çox cüssəli deyildi, amma daxili gücünü görə bilirdim. Gör, necə oğlan idi ki, hamını çıxarıb aeroportu tək saxlamaq istəyirdi...

Bu gün Əlifin heykəlini işləsəniz, hansı materialdan hazırlayarsınız?

- Ancaq tuncdan. Onun daxili enerjisi tuncdadır.

- Ümumiyyətlə, hansı materialla işləmək Sizin üçün daha rahatdır?

- O işdən asılıdır. Sən işə başlayanda bilməlisən ki, bu, hansı materialdadır. Hər materialın öz dili var, mən qranitlə işləyəcəyəmsə, o zaman sal daş olmalıdır, işi tunca köçürəcəyəmsə, incəliklərə yol verilir. İstənilən halda heykəltəraş münasibəti ilk növbədə gildə bildirməlidir. Amma belə şeylər də olur ki, qranitdə işləmək üçün nəzərdə tutulan heykəl tuncda, yaxud da əksinə hazırlanır.

- Monumental heykəltəraşlıq, yoxsa dəzgah?

- Mənim şöbəm monumental heykəltəraşlıq olub, onu bitirmişəm. Mənim dəzgah heykəltəraşlığı işlərimdə də monumental cizgilər var.

- Monumental heykəltəraşlar memarlarla daha çox kontaktda olur. Necə yola gedirsiniz memarlarla?

- Memarlarla çox yaxşı yola gedirəm. Burda ancaq birlik olmalıdır. O öz emalatxanasında, mən öz emalatxanamda işləyim, belə olmaz. Gərək biz görüşək, mübahisə edək ki, nəsə alınsın. Heykəli sən harda görürsən məsələsi də önəmlidir.

- Dünya Rəssamlıq Akademiyasının heykəltəraşlıq bölməsinin vitse-prezidenti, həm də yeganə azərbaycanlı heykəltəraş üzvüsünüz.

- Mən həm də 30 ildən çoxdur ki, Rəssamlar İttifaqında Heykəltəraşlıq Cəmiyyətinin sədriyəm.

- Həm də Xalq rəssamısınız. Xalq rəssamı demişkən, niyə Xalq rəssamı fəxri adı olduğu halda xalq heykəltəraşı yoxdur?

- Heykəltəraş da onun içində gedir də.

- Mədəniyyət və İncəsənət Universitetində də heykəltəraşlıq fakültəsi yoxdur.

- Hə, yoxdur.

- Sizcə, olsa yaxşı olmaz?

- Axı orda baza yoxdur.

- Emalatxanada qalırsınız?

Aha, burda, yuxarıda ailəm yaşayır. Mənə prezident çox yaxşı ev vermişdi. Sadəcə, evdən emalatxanama gələnəcən fikir ağlımdan çıxırdı, ancaq burada ağlıma nə vaxt nə gəlsə, dərhal edə bilirəm. Ömər Eldarov da emalatxanada yaşayır, iki emalatxana o tərəfə onun emalatxanasıdır.

- Yoldaşınız rəssamdır?

- Hə, rəsm çəkir, onun işi çoxdur.

Emalatxananın ona aid hissəsini göstərir.

- Buranı şərik işlədirsiniz?

- Hə, şərik. Amma kirayə pulu vermir (gülür).

- Yəqin ki, bir çox heykəltəraş kimi işlədiyiniz işin ucaldılmasını görmək istəyirsiniz. Əsər ucaldılmayanda pis olmursunuz?

- Yox, heykəldir də, əmək sərf etmişəmsə, o mənim balamdır, qalır mənimlə.

- Onda bəs, Tağıyevin heykəli nəyiniz olur?

- O mənim böyük oğlumdur da. Onu evləndirdik getdi (gülür).

- Kimlərin qəbirüstü abidəsini işləmisiniz?

- Elçibəyin, Məmməd Arazın, Mikayıl Hüseynovun. Hətta deyim ki, Mikayıl Hüseynovun qəbirüstü abidəsinə görə ikinci dəfə “Humay” mükafatı aldım. O mükafatı iki dəfə alan yeganə adamam. Mənim əsas işlərimdən biri də xatirə lövhələridir, Bakıda Naxçıvanda və s.

- Elçibəyin abidəsini kim sifariş vermişdi?

- Ailəsi. Sonra dövlət öyrənəndə ki, ailəsi sifariş edib, məni dəvət etdilər, danışdıq və bütün xərci dövlət öz üzərinə götürdü. Ailəsindən aldığım məbləği özlərinə qaytardım. Mənim Fəxri Xiyabanda işlərim çoxdur.

- Çox sadə adamsınız amma.

- Fəhləyəm e, mən ayrı cür necə ola bilərəm? Kim əl ilə işləyirsə, o fəhlədir, kim beyinlə işləyirsə alimdir, düzdür, gələn burdan gəlir (beynini göstərir), amma yenə də əl əməyi...

- Bir çoxunun qəbirüstü abidəsini düzəltdiyiniz halda oğlunuzun heykəlini düzəltməmisiniz.

Susur...

- Ondan incik olduğunuz üçün?

Cavab vermir, lakin özümə də çətin olmasına baxmayaraq, mövzunu dəyişmirəm.

- Niyə intihar etmişdi? Səbəb bəlli oldumu?

- Problemlər vardı... Ailəli idi, uşağı vardı. İndi, maşallah, oğlu yeddinci sinifdə oxuyur. Bax o pianino, skripka onun oğlunundur. Arada mənim üçün ifa edir.

Oğlum çox yaxşı heykəltəraş idi, hətta bir dəfə ilin ən yaxşı heykəltəraşı nominasiyasında qalib olmuşdu. Qardaşım Zakir də heykəltəraşdır. Nə ona, nə də oğluma bu yolda kömək etmişəm, istəyirəm hər kəs öz yolu ilə getsin. Zakir neçə ilin heykəltəraşıdır. Bu illər ərzində Rəssamlar İttifaqında bir dəfə də olsun, ona ad verilməsi, irəli çəkilməsi barədə məsələ qoymamışam. Mən yad adamlara daha çox kömək edirəm, nəinki özümünkülərə.

- Bəs qardaşınız incimir?

- Hərdən inciyir, deyirəm, belə şeylər mənlik deyil, oğlum da həmçinin. Onun da çox maraqlı işləri var idi.

- Burda onun işlərindən var?

- Hə, var, bax o dəvə onun işidir. Elə qəbirüstü abidəsi üçün də həmin işi qoymuşam, öz əsərini.

- Görəsən, onun ruhu Sizdən incik deyil?

- İnciməz. Öz əsərini qoymuşam axı. Həm də mən orada elə-belə daş qoymamışam. Qəbirüstü abidənin kompozisiyası mənə aiddir.

- Nə var o kompozisiyada?

- Həyat daşıdır, üstdən bir kvadrat sındırıb girib daşın içərisinə. Sonra o sınıq yerdən Azərbaycanın milli ornamentləri gedir. O ornamentlər, əslində, göz yaşıdır.

- Kimin?

- Mənim... Əsərin öz fəlsəfəsi var. Ona üç metrlik heykəl hazırlasaydım, heç vaxt rahatlıq tapmazdım. Lakin balaca abidədə bütün hislərimi qoymuşam. Mən onun qəbirüstü abidəsi üçün çox şey edə bilərdim, ancaq bu abidə ilə... (Sözlər qırılır) Onu mən etmişəm, mən bilirəm, nə etmişəm... İlk adamsınız ki, bu abidəni niyə etdiyimi danışıram... İlk adamsınız... Bilmirəm bunu Sizə niyə danışdım...

 

 

# 2058
avatar

Oxşar yazılar