Radiasiyalı Yaponiya: Azərbaycan bu ölkədən nələr alır? – ARAYIŞ
24 mart 2011 17:05 (UTC +04:00)

Radiasiyalı Yaponiya: Azərbaycan bu ölkədən nələr alır? – ARAYIŞ

11 mart zəlzələsindən sonra Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb. Artıq yapon hökuməti ölkə vətəndaşlarına qida məhsullarını qapalı şəraitdə saxlamaları barədə xəbərdarlıq edib. Bu ölkədə, həmçinin məhsulların açıq havada alış-verişi də qadağan edilib.


Lent.az Yaponiyada radiasiyanın təhlükəli həddə çatması barədə xəbərlərin Azərbaycanda da narahatlıqla izləndiyini nəzərə alaraq, gündoğardan ölkəmizə hansı məhsulların idxal olunduğu barədə kiçik arayış hazırlayıb. Rəsmi məlumatlardan məlum olur ki, Yaponiyadan Azərbaycana heç bir ərzaq məhsulu idxal olunmur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanın əsas idxal-ixrac əməliyyatlarında tərəfdaş olduğu ölkələr arasında Yaponiyanın adı yoxdur. 2011-ci ilin yanvar ayında ölkənin xarici ticarət əməliyyatlarının çox hissəsi (84,2 faizi) İtaliya, ABŞ, Fransa, Rusiya, Malayziya, Ukrayna, Bolqarıstan, Türkiyə, İsrail, Tailand, Çin və Almaniya ilə aparılıb.


Komitənin məlumatlarından görünür ki, Yaponiyadan Azərbaycana yalnız maşınlar, nəqliyyat vasitələri, dəmir və polad idxal olunur. 2008-ci ildə gündoğar ölkədən Azərbaycana 8 milyard yapon yeni dəyərində həmin növdən olan məhsullar gətirilib. 2009-cu ildə isə Azərbaycan Yaponiyadan 46 ədəd avtobus, 77 buldozer, ekskavator və digər yol-tikinti maşınları, 1029,2 ton qara metallardan qazıma borusuı, 3368,9 ton qara metallardan digər borular və 5521 ədəd rezin şin alıb. Bu məhsulların ümumi dəyəri isə 28 808,1 min dollar təşkil edib.


Yeri gəlmişkən, Azərbaycan Yaponiyaya yalnız neft və neft məhsulları satır. 2008-ci ildə Azərbaycandan bu ölkəyə 5,4 milyard yapon yeni məbləğində neft və neft məhsulları idxal olunub.


Bununla belə, Yaponiya ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlıq təkcə məhsul idxal-ixracı ilə məhdudlaşmır. Belə ki, Yaponiya Azərbaycanda sosial infrastrukturların yenidən qurulmasına da müxtəlif layihələr çərçivəsində maliyyə dəstəyi verir. Bu ölkənin Azərbaycana ayırdığı Rəsmi İnkişaf Yardımı iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə ümumi məbləği 1 milyard dolları üstələyir.


Xatırladaq ki, martın 11-də Yaponiyada baş verən 9 bal gücündə dağıdıcı zəlzələ qurbanlarının sayı artmaqda davam edir. Dəhşətli zəlzələ adanı 2,4 metr sürüşdürərək Yerin öz oxu ətrafından çıxmasına səbəb olub. Son məlumata görə, zəlzələ və sunami nəticəsində həlak olanların sayı 24 min nəfəri ötüb. Zəlzələnin ziyan vurduğu nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb. “Fukuşima-1" nüvə reaktorunun 30 kilometrlik məsafəsində yaşayanlara evlərindən çıxmamağa göstəriş verilib.


Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Yaponiyada baş verən radiasiya təhlükəsinin Azərbaycana gəlməsi ehtimalının olmadığını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda radiasiya fonu 6,5-8 mikrorentgen/saat arasındadır. Bu isə normadan iki dəfə aşağıdır.


Adil Qəribov deyib ki, Azərbaycan ərazisində radiasiya fonunu yoxlamaq üçün 6 daimi nəzarət stansiyası işləyir. Hazırda bu stansiyaların son göstəricilərində heç bir dəyişiklik yoxdur.


Yaponiyadan Azərbaycana gətiriləcək məhsullar üzərində nəzarətə gəlincə, bundan sonra həmin məhsullar xüsusi cihazlar vasitəsilə sərhəd keçid məntəqələrində yoxlanılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar