Son günlər müəllimlərin əmək haqqının dərs saatına görə yox, iş saatına görə müəyyənləşəcəyi ilə bağlı müzakirələr müəllimlər tərəfindən böyük etirazla qarşılandı. Nazirin 8 saat çalışan müəllimlərin maaşları yüksək olacaq deməsinə rəğmən, böyük bir müəllim ordusu 9-6 rejimində çalışmağın çətin olduğunu, günortaya qədər dərs keçib, evə getməyi, repetitorluqla məşğul olmağı daha qazanclı və faydalı olduğunu bildirirlər.
Bəs görəsən, hər kəs kimi müəllimlərin də 8 saat işləməsinin hansı çatışmayan tərəfi var? Onların etirazının kökündə nə dayanır?
Təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov Lent.az-a açıqlamasında bildirib ki, müəllimlərin 8 saatlıq iş rejimi ilə bağlı mübahisə emosional yanaşmadan daha çox sistemin uzun illər formalaşdırdığı vərdişlərdən qaynaqlanır:

“Məsələ əslində “8 saat pisdir, ya yaxşıdır?” sualı deyil; məsələ budur ki, Azərbaycanın mövcud məktəb strukturu, dərs yükü bölgüsü, sinif sıxlığı, müəllim otaqları, metodik resurslar və inzibati mexanizmlər 8 saatlıq modelə hazır olub-olmaması ilə bağlıdır. Müəllimin narahatlığı modelə qarşı yox, infrastruktur boşluqlarına qarşıdır.
Apardığım təhlillər onu göstərir ki, Azərbaycan məktəblərində illərdən bəri əməkhaqqı mexanizmi “stavka-dərs saatı” üzərində qurulduğuna görə, müəllimin fəaliyyəti dərs keçmək üzərinə cəmlənib və metodik hazırlıq, fərdi iş, tədris resursu hazırlamaq kimi vacib komponentlər sistemdən faktiki olaraq itirilib. “Təhsil Haqqında Qanun”un 13-cü maddəsi dövlətin müəllim üçün “iş şəraiti yaratmaq” öhdəliyini göstərir, lakin illərdir bir çox məktəbdə müəllim otaqları, iş yerləri, kompüter, printer infrastrukturu, metodik resurslar ya yoxdur, ya da çox məhduddur. Bu şəraitdə müəllim 8 saat məktəbdə qalmaq tələbini avtomatik olaraq “yüklənmə və nəzarət” kimi qəbul edir.

Apardığım müqayisələr göstərir ki, Finlandiya, Estoniya, Sinqapur kimi ən yüksək nəticələr göstərən ölkələrdə müəllimlərin gündəlik iş rejimi 7–8 saatdır. Amma fərq ondadır ki, bu ölkələrdə iş saatının yalnız 3–4 saatı dərs, qalan vaxtı isə məhz məktəbdə yaradılmış xüsusi müəllim otaqlarında metodik hazırlıq, resurs hazırlamaq, şagirdlərlə fərdi iş, valideynlərlə görüş, layihə fəaliyyəti üçün ayrılır. Yəni saat çox deyil, şərait fərqlidir. Bizdə isə müəllim 8 saat məktəbdə qalmağa məcbur edilsə, bəzən kompüter belə tapa bilmir, bu isə narazılığı artırır.
Statistik təhlil də göstərir ki, 2024-cü ilin monitorinqinə əsasən, ölkə üzrə məktəblərdə bir müəllimə düşən iş masası sayı cəmi 0,37-dir. Yəni 10 müəllimdən 6-sının faktiki iş yeri yoxdur. Şəhər mərkəzlərində vəziyyət daha qənaətbəxş olsa da, region və kənd məktəblərində bu rəqəm daha aşağıdır. Sinif sıxlığı isə orta hesabla 32–35 nəfərdir və belə şəraitdə müəllimin dərs yükü zamanı psixoloji və fiziki yorğunluğu yetərincə yüksək olur. Bu iki amilin vəhdəti müəllimdə “məktəbdə 8 saat qalmaq” tələbini daha ağır göstərir”.
Ekspert qeyd edib ki, 8 saatlıq iş rejimi müəllim üçün mahiyyətcə pis deyil, əksinə, dünya təcrübəsinə görə bu, peşəkar müəllim modelinin əsas komponentidir:
“Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi yeni iş modeli ilə yanaşı infrastrukturun yenilənməsi, müəllim iş yerlərinin standartlaşdırılması, müəllimlər otaqlarının sayının artırılması, kompüter və internet təminatının genişləndirilməsi kimi çox ciddi addımlar atır. Nazirlik düzgün olaraq əvvəl modeli elan edib, sonra hazırlıq prosesinə start verib. Bu yanaşma rasional və uzunmüddətli nəticə yönümlü siyasətdir, çünki əvvəlcə məntiqi model təqdim olunur, ardınca planlı şəkildə şərait qurulur. Bu, bir çox ölkədə tətbiq edilən ən geniş yayılmış islahat metodudur.
Dəyişəcək olan odur ki, yeni iş modeli müəllimin fəaliyyətini yalnız “dərs saatı toplamaq”dan çıxarıb peşəkar iş rejiminə keçirəcək. Müəllim şagirdlərlə fərdi işləmək, layihə hazırlamaq, özünü hazırlamaq, resurs yaratmaq üçün real zaman əldə edəcək. Bu isə təhsilin keyfiyyətinə birbaşa müsbət təsir edən mexanizmdir.
Dəyişməsi vacib olan tərəf isə məktəblərin infrastrukturu və idarəetmə mədəniyyətidir. Əgər müəllim üçün real iş mühiti yaradılarsa, masası, kompüteri, iş otağı, fasilə yeri, metodik dəstək mexanizmi olarsa, müəllim 8 saatlıq iş rejimini normal, hətta faydalı qəbul edəcək. Problem iş saatı deyil; problem 8 saatlıq iş rejimini daşıya biləcək şəraitin hələ tam formalaşmamasıdır.
Hesab edirəm ki, 8 saatlıq iş rejimi müəllim üçün mahiyyətcə pis deyil; əksinə, dünya təcrübəsinə görə bu, peşəkar müəllim modelinin əsas komponentidir. Sadəcə olaraq Azərbaycan təhsil sistemi uzun illər “dərs saatı” mexanizmi üzərində qurulduğuna görə keçid mərhələsi müəyyən emosional narahatlıq yaradır. Bu islahat Elm və Təhsil Nazirliyinin ən rasional addımlarından biridir və düzgün icra edildiyi halda təhsilin keyfiyyətini ciddi şəkildə yüksəldəcək”,-deyə o, fikrini yekunlaşdırıb”.
Bəs görəsən, Milli Məclisdə müzakirə olunan bu məsələyə müvafiq komitənin üzvləri necə baxır?
Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov isə Lent.az-a açıqlamasında qeyd edib ki, modelə bir tərəfli yanaşma doğru deyil, bunun həm müsbət, həm də mənfi tərəfləri var:

“Son illərdə təhsil sistemində aparılan islahatların əsas istiqamətlərindən biri müəllim əməyinin təşkil formalarının dəyişdirilməsi, daha müasir və səmərəli modelə keçididir. Ən çox müzakirə olunan yeniliklərdən biri isə müəllimlərin uzun illərdir tətbiq edilən “dərs saatı”na əsaslanan əmək modelindən çıxaraq “günlük iş rejimi”nə, yəni tam iş saatı ilə işləməsinə keçid məsələsidir.
Bu dəyişiklik müəllimin yalnız dərs saatına görə yox, bütövlükdə iş gününə görə qiymətləndirilməsi, maaş sisteminin dəyişməsi, işin mahiyyətinin yenidən formalaşması kimi mühüm nəticələr doğurur. Sözgedən model həm üstünlüklərə, həm də çətinliklərə malikdir.
Yeni modelin müsbət cəhətləri
Müəllimin əməyinin daha ədalətli qiymətləndirilməsi
Saat hesabı sistemində müəllim yalnız sinifdə keçdiyi dərsə görə əmək haqqı alırdı. Lakin müəllimin real iş yükü təkcə dərslə məhdudlaşmır: hazırlıq, yoxlama, metodik iş, valideynlərlə ünsiyyət, fərdi dərslər və s. Yeni modeldə bu fəaliyyətlərin hamısı “iş vaxtı”nın tərkib hissəsi hesab olunur ki, bu da əməyin daha ədalətli qiymətləndirilməsinə səbəb olur.
Yüksək məvacib və stabil gəlir
Tam iş rejiminə keçən müəllimlərin maaşının artacağı gözlənilir. Çünki yeni modeldə sabit əmək haqqı sistemi tətbiq olunur, dərs saatlarının artıb-azalması maaşa ciddi təsir etmir. Bu isə peşəyə marağı artırır, xüsusilə gənc müəllimlərin cəlb olunması baxımından müsbət addımdır.
Müəllim üçün daha peşəkar mühit yaradılması
Müəllimin məktəbdə bütün gün olması, dərs planlaşdırmasını, kollektivdə metodik iş aparmağı, təcrübə paylaşımını,şagirdlərlə fərdi və əlavə məşğuliyyəti asanlaşdırır. Bu isə tədrisin keyfiyyətini yüksəldə bilər.
Təhsil müəssisəsində müəllim resurslarının daha effektiv idarə olunması
Məktəb rəhbərliyi müəllimlərin iş vaxtını daha səmərəli planlaşdıra bilər. Məsələn, dərsdənkənar məşğələlər, kiçik qruplar üçün hazırlıq, zəif şagirdlərlə fərdi iş, olimpiada hazırlığı yeni rejimdə məktəb daxilində optimal şəkildə bölüşdürülə bilər.
“Hazırlıq” dərslərinin azalmasına səbəb ola bilər
Tam iş rejiminə keçən müəllimlərdə əlavə qazanc üçün repetitorluğa ehtiyac nisbi olaraq azalır. Bu isə məktəb təhsilinin keyfiyyətini artırmağa yönəldilmiş məqsədlərdən biridir.
Yeni modelin mənfi cəhətləri və çətinlikləri

Müəllimlərin şəxsi vaxtının məhdudlaşması
Saat hesablı sistemdə müəllim dərslərini bitirdikdən sonra boş vaxtını sərbəst planlaşdıra bilirdi. Günlük rejimdə isə müəllim günün böyük hissəsini məktəbdə keçirməli olacaq. Bu ailəli və uşaqlı müəllimlər, paralel iş yeri olanlar, uzun məsafədən gələn müəllimlər üçün əlavə çətinlik yarada bilər.
Bütün məktəblərin infrastruktur baxımından hazır olmaması
Gündəlik iş rejimi tələb edir ki, müəllim otaqları geniş və rahat olsun, internet və kompüter təminatı gücləndirilsin, müəllimlər üçün iş guşələri yaradılsın.
Bir çox məktəbdə bu şərait hələlik tam uyğun deyil. Bu çatışmazlıqlar aradan qaldırılmadan tam iş rejiminə keçid narazılıqlar yarada bilər.
İş yükünün artması riski
Müəllimin məktəbdə bütün gün olması bəzən əlavə funksiyaların yüklənməsi ilə nəticələnə bilər: artıq hesabatların verilməsi, formal toplantıların çoxalması, lazımsız inzibati tapşırıqlar.
Bu isə müəllim peşəsinin mahiyyətini zəiflədə bilər.

Digər gəlir mənbələrinin itirilməsi
Bəzi müəllimlər saat hesablı sistemdə paralel olaraq, hazırlıq dərsləri,repetitorluq, əlavə layihələrdə iş kimi gəlir mənbələrinə malik idilər. Tam iş rejimi onlara bu fəaliyyətləri məhdudlaşdıra bilər. Bu da ümumi gəlirin azalmasına səbəb ola bilər.
Psixoloji adaptasiya çətinliyi
Uzun illər saatlıq rejimdə işləyən müəllimlərin birdən-birə “ofis rejimi”nə keçməsi psixoloji narahatlıq yarada bilər. Təhsil sahəsində hər islahatın uğuru üçün adaptasiya dövrü çox vacibdir.
Müəllimlərin saat rejimindən günlük iş rejiminə keçməsi Azərbaycan təhsilində mühüm və strateji islahat addımıdır. Bu islahat: müəllimin əməyinin dəyərini artırmaq, tədrisin keyfiyyətini yüksəltmək, müəllim peşəsinə nüfuz vermək məqsədi daşıyır. Bununla belə, real tətbiqdə ciddi hazırlıq, infrastrukturun yenilənməsi, məktəb rəhbərliyinin və müəllimlərin adaptasiyası tələb olunur.
Düzgün planlaşdırıldığı halda bu model təhsilin keyfiyyətində müsbət dönüş yarada bilər. Lakin hazırlıqsız, sürətli tətbiq olunsa, həm müəllimlərin məmnuniyyətsizliyini, həm də qarşıdurmaları artıra bilər”
Bəs iqtisadi baxımdan məsələyə yanaşma necədir?
İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, 8 saatlıq iş rejiminə keçidin müəllimlər üçün faydasından çox ziyanı var:

“Bu sisteminin o müəllim üçün faydası çox olar ki, sözün həqiqi mənasında həmin şəxs günortadan sonra evə gedəndə darıxsın, iş tapmasın, məşğuliyyətsiz olsun, onun üçün evdə ya, məktəbdə olmağın fərqi olmasın.
Bu gün Azərbaycanda müəllimin orta aylıq əmək haqqı ölkədəki orta aylıq əmək haqqından aşağıdır. Bir qisim müəllimin əmək haqqını artırmaq olar, lakin əsas sual odur ki, müəllimlərin bugünkü sistemlə aldığı toplam əmək haqqı nə qədər artacaq? Sistem dəyişəndə 5-10 nəfərin maaşı arta bilər, amma ümumi müəllim ordusunun maaşlarında vəziyyət necə dəyişəcək? 150 minə yaxın müəllimin 10 mini axşama kimi könüllü işləyib, yerdə qalanı 8 saat işləmirsə, bu zaman 8 saat işləməyənlərin əmək haqqı azalaraq, digər 10 min müəllimin maaşı artacaq?
8 saatlıq iş rejimində çalışan müəllimlərin əmək haqqı artacaq dedikdə, bu, nəyin hesabına olacaq? Yarım gün çalışan müəllimlərinin maaşının azalması hesabınamı artacaq? Yoxsa əvvəlki qayda ilə işləyən müəllimlərin əmək haqqı azalmayacaq, sadəcə 8 saat işləyənlərinkimi artacaq? Bu məsələ də müəmmalı qalır”.
Bu qərar özəl təhsil müəssisələrinin sayını artıracaq

İqtisadçı qeyd edib ki, repetitorların sayı azalmayacaq:
“Repetitorluğun azalacağını düşünmək olmaz. Əksinə, uşaq hazırlaşdırmaq özəl istiqamətlərə daşınacaq, fərdi kurslar açılacaq. Müəllimliyə qəbul imtahanında keçid balları kəskin azalacaq, pedaqoji heyət birmənalı olaraq bu qərardan narazı qalacaq. Bu qayda tətbiq olunsa, 15 ildən sonra heç bir müəllim işsiz qalmayacaq, əksinə məktəblər müəllim axtaracaqlar.
Ən pisi isə odur ki kişi müəllimlər məktəbdən daha da uzaqlaşacaq.

Azərbaycandakı 150 minə yaxın müəllimin cəmi 19 min 936 nəfəri kişidir. Bu, çox kiçik hissədir. Əgər iş saatlarının artırılması baş verərsə, o zaman kişi müəllimlərin sayı daha da azalacaq. Bu isə təkcə statistika yox, daha ciddi itki olacaq. Çünki kişi müəllimlər oğlan şagirdlər üçün davranış, dürüstlük, məsuliyyət, ata modelidir. Onlara nümunədir. Kişilər məktəbdə intizamın, obyektivliyin formalaşmasında güclü isdinad nöqtəsi kimi iştirak edirlər. Etiraf edək ki, yuxarı siniflərdə kişi müəllimlər oğlan uşaqlarının “ipini daha çox yığa bilirlər”, eyni zamanda vətənpərvərlik hissinin formalaşmasında da kişilərin böyük rolu var.
Kişi müəllimlər məktəbdən getdikcə, şagirdlərin ideal kişi obrazı boş qalır, nümunə götürəcək kişi fiquru olmur. Belə olduqda, həmin şagirdin də heç vaxt məktəbdə çalışmaq arzusu olmayacaq. Bu proses, öz-özünü azaldır. Nəticədə, sükutla böyüyən sosial boşluq yaranır. Bu boşluğu gələcək nəsil hiss edəcək.
Bir psixoloqun yazısını oxudum. Qeyd edir ki, oğlan uşaqları qadın müəllimin oturuşuna baxıb, ayaqlarını qadınlar kimi qoyur. Amma kişini görsələr, o formada davranarlar.
Bəzi ailələr var ki, orada ailə başçısı – ata yoxdur, oğlan uşağının görə biləcəyi ata yoxdur. Onlar məktəbdə də qadınların içərisində olanda 15-20 il sonra nə baş verəcək? Birmənalı olaraq, 8 saatlıq iş modelinin tərəfdarı deyiləm, çünki onun dərinlikdə görünməyən, sadaladığım və ondan daha çox zərərləri var”.
Bəs görəsən, xarici ölkələrdə müəllimlərin iş qrafiki necə qurulub?
ABŞ-da yaşayan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, burada müəllimlərin əmək haqları məktəbdə olduqları saata uyğun olaraq hesablanır və aylıq 160 saata uyğun maaş alırlar:

“Postsovet ölkələrində müəllimlər dərs saatları müddətində məktəbdə qalırlar. Lakin inkişaf etmiş ölkələrin əksəriyyətində orta məktəb müəllimləri 8 saatlıq iş rejimində çalışırlar. Həmin müəllimlərin isə məktəbdə iş şəraiti fərqlidir. Onlarım ayrıca sanitar qovşaqları, çay-kofe içmələri, fasilələrdə dincəlməkləri üçün yerləri var. Biz Azərbaycan məktəblərində bu sistemini təmin etmək üçün ilk növbədə, müəllim üçün ofis, ya da özünə aid sinif, həmin sinifdə kompüter və internet, kompüterin bağlı olduğu mərkəzi bir printer təmin etməliyik. Bundan əlavə müəllimin 30-60 dəqiqəlik günorta fasiləsi olmalıdır. Müəllimlər otağında çay-kofe üçün şərait, oturmaq üçün kifayət qədər məkan və mebel olmalıdır. Yeməkxanada, bufetdə müəllimlər üçün arakəsmə ilə ayrılmış yer olmalıdır ki, müəllim evindən gətirdiyi naharını rahat yeyə bilsin. Dərs saatları 18-25 saat arası olmalı və qalan saatları məktəbdə digər pedaqoji proseslərə xərcləməlidir. Yalnız bunları təmin etdikdən sonra onları 8 saatlıq iş rejiminə keçirmək daha uyğun addım olar. Əks halda müəllimlərə əziyyət olacaq.

Amerikada mənim çalışdığım yerdə müəllimlərin 23-25 və 30 saat dərs yükləri var. Burada hər kəsin öz sinfi var. Azərbaycandan fərqli olaraq, müəllimlər yox, şagirdlər sinif dəyişirlər. Müəllim 8 saat məktəbdə olursa, onun 5 saatını dərs keçir, 1 saatını nahar edir, 2 saatını ya iclas edir, ya dincəlir, dərsə hazırlaşır, imtahan yoxlayır, valideynə “e-mail” yazır, ondan gələn mesajları cavablandırır və s. Biz bunu təmin etməliyik ki, müəllim 8 saat müddətində rahat olsun.

ABŞ-da maaşlar müəllimin məktəbdə olduğu saatlara görə hesablanır. Məsələn 1 ayı 4 həftədən hesablasaq, 4x5x8=160 saat müəllimin məktəbdə olduğunu hesablayırıq. Burada 1 saat dərs 30 dollardır, yəni 160x30=4800 dollar müəllim maaş alır. Biz bu sistemi qurmalıyıq, yoxsa müəllimin 8 saat dərsdə olub, 1 həftə işlədiyi maaşı alsa, bu düzgün deyil. Ümumilikdə müəllim sayı azalacaq, amma keyfiyyətli və məvacibi yüksək olan müəllimlər məktəbdə qalacaqlar”,-deyə Q.Məhərrəmov fikrini yekunlaşdırıb.