Daha bir marşrut xətti "BakuBus"a verildi
15 mart 2023 11:17 (UTC +04:00)

Daha bir marşrut xətti "BakuBus"a verildi

Bakıda marşrut xəttində nöqsanlar aşkarlanıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, “Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində “Monella” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. 

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. Martın 16-dan bu xətt üzrə daşımalar "BakuBus"  MMC istismarında olan ortatutumlu avtobuslarla keçiriləcək. 

Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.

# 4656
avatar

Oxşar yazılar