Sərnişindaşıma tariflərinin qaldırılması təklifi həqiqətən də nəqliyyat şirkətlərindən gəlib, amma...
Son bir həftədə şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması ən çox müzakirə olunan mövzudur. Aidiyyəti dövlət strukturlarının intensiv müzakirə və yazışmaları belə deməyə əsas verir ki, Nəqliyyat Nazirliyi tariflərin qaldırılmasında israrlıdır, Tarif Şurası isə nazirliyin bu təkliflərinə “yox” cavabı verir.
Əslində hər şey ondan başladı ki, Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət etdi. Tarif Şurası isə aprelin 26-da keçirilən iclasında nazirliyin bu təklifini müzakirə etsə də, əvvəlki tarifləri qüvvədə saxladı. Başqa sözlə, Tarif Şurası Nəqliyyat Nazirliyinin avtobuslarda sərnişindaşıma tariflərinin qaldırılmasına dair təkliflərinə “yox” dedi.
Cəmi bir neçə gün sonra, aprelin 30-da nəqliyyat naziri Ziya Məmmədov avtobuslarda gediş haqqının qaldırılması üçün yenidən Tarif Şurasına müraciət etdiklərini açıqladı. Ertəsi gün, mayın 1-də nazirliyin mətbuat katibliyinin rəisi Namiq Həsənov şəhərdaxili və şəhərlərarası avtobuslarda gediş haqqının artırılmasında israrlı olduqlarını açıqladı: “Nəqliyyat Nazirliyi Tarif Şurasına avtobuslarda sərnişindaşıma tariflərinin artırılması təklifini edəcək. Bura sərbəst bazardır və burada sahibkarların istəkləri nazirlik tərəfindən Tarif Şurasına çatdırılır. Biz təklifimizi edəcəyik, son söz Tarif Şurasınındır”.
Mayın 2-də isə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında bildirdi ki, artıq ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı hökumətə müraciət edilib. Müraciətdə konkret təkliflərin olduğunu deyən nazir müavininin sözlərinə görə, yeni tariflərdə artım çox cüzi olacaq: “Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarda gediş haqqı 0,2 manatdır. Yeni tariflər isə 0,3 manat səviyyəsində olmayacaq, aşağı olacaq”.
Tarif Şurasına göndərilən müraciətdə söhbətin hansı “konkret təkliflərdən” getdiyinə gəlincə, Musa Pənahov bu məsələyə aydınlıq gətirməkdən imtina etdi.
Qərardan sonrakı israrlı bəyanat
Beləliklə, Nəqliyyat Nazirliyinin rəhbərliyinin açıqlamalarından belə məlum olur ki, bu qurum sərnişindaşıma xidmətləri üzrə tariflərin qaldırılmasında israrlıdır. Belə ki, Tarif Şurasının aprelin 26-da keçirilən iclasında əvvəlki tarifləri qüvvədə saxladıqdan sonra nazirlik gediş haqqının artırılması üçün yenidən hökumətə müraciət etdi. Tarif Şurası isə aprelin 26-da keçirilən iclasdakı “yox” qərarını matın 4-də yenidən mətbuatda yaymaqla nazirliyin israrlı istəyinə növbəti dəfə cavab verdi.
Xatırladaq ki, Nəqliyyat Nazirliyinin rəhbərliyinin Tarif Şurasının aprelin 26-da elan etdiyi qərardan sonra da gediş haqqının artırılacağına dair israrlı bəyanatlarına baxmayaraq, qarşı tərəf tariflərin qaldırılması üçün ikinci dəfə hökumətə müraciət edildiyini təsdiqləmir. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Lent.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Tarif Şurasına təkrar müraciət etmədiyini deyib: "Aprelin 26-da elan etdiyi qərardan sonra Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına rəsmi müraciət olunmayıb”
Bəs, Nəqliyyat Nazirliyi birdən-birə niyə tarifləri qaldırmaq fikrinə düşüb? Nazirlik avtobuslarda gediş haqqının artırılması təkliflərini nə ilə əsaslandırır və bu əsaslandırmalar nə dərəcədə tutarlıdır?
Bəri başdan deyək ki, Nəqliyyat Nazirliyi tariflərin artırılmasını mövcud qiymətlərin sərnişindaşıma xidməti göstərən firma və şirkətlərin xərclərini ödəməməsi ilə əlaqələndirir. İstər nəqliyyat naziri Ziya Məmmədov, istərsə də onun müavini Musa Pənahov mətbuata açıqlamalarında hazırkı tariflərin sərnişindaşıma ilə məşğul olan şirkətləri qane etmədiyini söyləyiblər: “Sərnişindaşıma xidməti göstərən şirkətlərin hamısı özəl firmalardır. Bu şirkətlər bizə müraciət edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır”.
Vahid kart sisteminə keçidin yaratdığı problem
Bu məsələdə bir mühüm nüans sərnişindaşıma xidməti göstərən şirkətlərin əksəriyyətinin sıradan şəxslərə məxsus olmadığı hamıya bəllidir. Lent.az-ın apardığı araşdırmalarda məlum olub ki, sərnişindaşıma tariflərinin qaldırılması təklifi həqiqətən də nəqliyyat şirkətlərindən gəlib. Ancaq bu, hazırkı tariflərin şirkətləri qane etməməsindən deyil, avtobuslarda gediş haqqı ödənişlərinin vahid kart sisteminə keçidi ilə bağlı narahatlıqlardan doğan problem kimi ortaya çıxıb. Belə ki, Nəqliyyat Nazirliyi hələ ilin əvvəlində mayın 1-dən Bakıda sərnişindaşıma xidməti göstərən avtobuslarda kartla ödəniş sisteminin tətbiqinə başlanacağını elan etmişdi. Vahid kartla ödəmə sisteminin tətbiqi ilə paralel avtobus sürücülərinin məvacibinin də konkret maaş sistemi əsasında verilməsi nəzərdə tutulurdu. Ancaq bu prosesə hazırlıq mərhələsinin son məqamlarında məlum olub ki, sərnişindaşıma xidməti göstərən firma və şirkətlərin bir çoxu, fiziki şəxslər, eləcə də sürücülər arasında maaş sisteminin tətbiqi məsələsində narazılıq var. Belə ki, avtobus sürücüləri sərnişindaşıma xidməti göstərən firma və şirkətlərin onlara təklif etdiyi əməkhaqqının məbləği ilə razılaşmayıb. Uzun müzakirələrdən sonra nəqliyyat şirkətləri kartla ödəniş sisteminin tətbiqinə bir şərtlə razı olublar ki, ya Nəqliyyat Nazirliyi sürücülərin maaşının bir hissəsini öz üzərinə götürməli, ya da gediş haqqı tarifləri artırılmalıdır. Bundan sonra Nəqliyyat Nazirliyi ikinci variantı daha məqbul və real hesab etdiyindən bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Belə ki, yeni ödəniş sisteminə keçidlə əlaqədar sərnişindaşıma xərclərinin artdığı əsas gətirilərək firma və şirkətlərdən tariflərin qaldırılmasının zəruriliyinə dair müraciətlər toplanıb. Sonda isə nazirlik firma və şirkətlərin bu müraciətləri əsasında sərnişindaşıma tariflərinin qaldırılmasını nəzərdə tutan təkliflərini Tarif Şurasına ünvanlayıb. Ancaq Tarif Şurası aprelin 26-da keçirilən iclasında əvvəlki tarifləri qüvvədə saxlayıb. Qərara əsasən, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb. Belə ki, məsafədən asılı olmayaraq, şəhərdaxili, eləcə də şəhərətrafı və qəsəbələrarası marşrutlarda 1-15 kilometr məsafədə gediş haqqı tarifləri 20 qəpik, şəhərətrafı və qəsəbələrarası marşrutlarda 15-25 kilometr üçün 25 qəpik, 25-30 kilometr üçün 30 qəpik, 30-40 kilometr üçün 35 qəpik, 40-45 kilometr üçün 50 qəpik, 45-50 kilometr üçün 70 qəpik, 50 kilometrdən yuxarı məsafə üçün isə 80 qəpik məbləğində müəyyən edilib.
Nəqliyyat şirkətləri və sürücülər nəyi gözləyirmiş?
Mövzu ilə bağlı rəyini öyrəndiyimiz nəqliyyat şirkətlərinin rəsmiləri və sürücülər sərnişindaşıma tariflərinin dəyişib-dəyişməməsinin onlar üçün vaz keçilməz şərt olmadığını bildirirlər. Amma onu da gizlətmirlər ki, mayın 1-dən tətbiq edilməli olan kartla ödəniş sisteminə keçidin yubanmasına səbəb məhz tariflərin qaldırılacağına dair gözləntilər idi. 5 saylı avtobusun Ramiz adlı sürücüsü bildirir ki, gediş haqqı tariflərinin qaldırılması şirkət rəhbərliyi ilə sürücülər arasında maaş məsələsində müəyyən razılaşmaya imkan yarada bilərdi. Hazırda sürücü kimi aylıq qazancının 1000 manat civarında olduğunu deyən Ramiz bildirir ki, nəqliyyatda vahid kart sisteminin tətbiqindən sonra onlara 400-500 manat maaş veriləcəyi gözlənilir. Ancaq onun sözlərinə görə, bu qədər maaş sürücüləri qane edə bilməz: “Şirkətdə bizə konkret söz deməyiblər. Ancaq ordan-burdan eşitmişik ki, bizə 400-500 manat maaş verəcəklər. Şəxsən mən bu maaşa işləmərəm. Maaş sisteminin tətbiqindən sonra aylıq əməkhaqqı heç olmasa 700-800 manat olmalıdır ki, sürücülər də qayda-qanunla yüksək səviyyəli xidmət göstərə bilsin. Bunu rəhbərliyə də demişik. İndi onlar da Nəqliyyat Nazirliyi ilə məsləhətləşmələr aparırlar. Yəqin yekun qərarı bizə deyəcəklər. Sərf eləsə qalıb işləyəcəyik, sərf eləməsə, sürücülərin çoxu işdən çıxacaq”.
“Transgeyt” MMC-yə məxsus 86 saylı avtobusun sürücüsü Sahib Əliyev isə deyir ki, gediş haqqının artırılmasının sürücülərə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, sərnişindaşıma xidmətindən yığılan vəsait onsuz da, şirkətlərin hesabına toplanır. Sürücünün qazancı isə yanacaq xərci və gündəlik plan ödəndikdən sonra qalan vəsaitdən ibarətdir: “Bu xərcləri ödədikdən sonra özümüzə orta hesabla 30-35 manat qalır. Amma bəzən heç 10 manat da apara bilmirik. Gündəlik planı isə ödəməliyik, lap cibindən ödəməli olsan da, verməlisən”.
Sabir Əliyev deyir ki, əslində həm kartla ödəniş, həm də maaş sisteminin tətbiqi onlar üçün əlverişli ola bilər. Bir şərtlə ki, sürücülərə verilən əməkhaqqının məbləği onları qane edəcək səviyyədə olsun: “Bütün günü işləyirik, ayda 1000-1200 manat qazancımız olur. Amma indi deyirlər ki, kartla ödəmə sisteminin tətbiqindən sonra sürücülərin maaşı yarıya qədər azalacaq. Belə çıxır ki, biz öz qazancımızı da şirkətə ödəyəcəyik. Bu şərtlərlə təbii ki, heç kəs işləməz”.
“Transgeyt” hazırkı tariflərdən narazı deyil
O ki, qaldı Nəqliyyat Nazirliyinin bəyan etdiyi kimi, mövcud tariflərin sərnişindaşıma xərclərini ödəməməsinə, sürücülər bu iddiaları qətiyyətlə təkzib edir. Sabir Əliyev deyir ki, hər gün işçisi olduğu şirkətə 150 manat məbləğində plan ödəyir. Bu isə ay ərzində 4500 manat deməkdir: “Təkcə bir sürücü şirkətə bu qədər pul ödəyir. Üstəlik yanacaq xərcini özümüz ödəyirik, avtobusun bir yeri qırılanda öz cibimizin pulu ilə düzəldirik. Ona görə də Nəqliyyat Nazirliyi firmaların yox, sürücülərin qeydinə qalmalıdır. Camaata xidmət göstərən sürücülərdir, sərnişinlərin məsuliyyətini biz çəkirik. Bir qəza baş verəndə sürücünü sorğu-suala çəkirlər, firmaları yox”.
“Bakı Sərnişin Nəqliyyatı” MMC-də də maaş sisteminin tətbiqinin prosedur qaydaları barədə xəbərsizdirlər. Bu qurumda bildirirlər ki, həmin məsələ Nəqliyyat Nazirliyinin səlahiyyətinə daxil olduğundan maaş sisteminə keçid qaydaları da aidiyyatı üzrə müəyyən edilməlidir.
Ölkənin ən iri nəqliyyat şirkətlərindən olan “Transgeyt” MMC-də isə bildirirlər ki, bu qurum hazırkı sərnişindaşıma tariflərindən narazı deyil. Şirkətin özünü təqdim etmək istəməyən əməkdaşı Lent.az-a bildirib ki, qurumum sabit gəliri var və bütün marşrutlarda çalışan sürücülərə normal əməkhaqqı ödəmək imkanına malikdir: “Biz yaxın vaxtlarda maaş sisteminə keçəcəyik və bütün sürücülərimiz əmək müqaviləsi əsasında işləyəcək. Hazırda bizdə heç bir maliyyə sıxıntısı yoxdur, istər gediş haqqının kartla ödənişi sistemi, istərsə də sürücülərin maaş əsasında işə qəbulu “Transgeyt” üçün problem deyil. Nəqliyyat Nazirliyində hansı qərarı versələr, o cür də işləyəcəyik”.