Məktublar sonsuz ola bilər. Hər halda barmaqlarımız, beynimiz tükənənə qədər yaza bilərik. Hələ tükənmiş saymazdım özümü, istənilən halda nöqtə qoyulmalıdı, sayı üç də olsa nöqtə mütləq qoyulmalıdı. Hiss edirəm, beynimi dincə qoymalıyam, bilmirəm, bəlkə bizə beyin kimi gələn əslində heç beyin deyil, bəlkə ürəkdi, bəlkə ruhdu, ancaq bir şey var ki, o dincəlməlidi. Əllə tutulmayan, gözlə görülməyən nəyimsə yorulub.
Harasa getməli olduğunuzu düşündüyünüz anlar olur yəqin. Harasa getmək lazımdı, getmək lazımdı, hara? Bəlkə də bizdə ona görə alınmır ki, kimisə tapsaq da haranısa tapa bilmirik.
Bəlkə də biz ona görə ayrılırıq ki, əslində adam yox, məkan o deyil.
Ayrıca bir cümlə kimi belə eləmək olar: “adam bəlkə də odu, ama məkan o deyil”.
Getdiyin yol hər şeydən ulu olmasa, əngəlləri aşa bilmirsən.
Hardasa qırılır, yolun yarımçıq qalır, nakam yolçuya çevrilirsən.
Mənim baş aldığım yol deyildi yazı, ancaq gedib çıxdığım məkan oldu.
İndi hardayam, haralıyam?
İndi ölçüsüz, sərhədsiz bir yerdəyəm.
Hətta mənə elə gəlir, ədəbiyyat və yazı ayrı-ayrı şeylərdi.
Çünki ədəbiyyatın da ölçüləri var, kriteriləri var, amma yazının yoxdu.
Yazı öz-özlüyündə ölçüsüzlükdü, bitməzlikdi.
Yazı mənim sənə demək istədiklərimdi, deyib bitirə bilmədiklərimdi.
Yazı söz deyil, yazı düşüncədi, duyğudu, yazı qavram yox, qavramaqdı, anlam yox anlamaqdı.
Yazı anlayışsızlıqdı. Ədəbiyyatdı anlam.
Yazı heç vaxt anlama çevrilməyəcək. Çevrilsə, bitəcək. Bitsə, əziz oxucum, sənə deməyə söz olmayacaq.
Sonuncu məktubumu yazıram...bu sonuncu fikrim deyil, bu bir anlayışsızlığı qapayıb başqasına yol açmaqdı. Yazı halın özü deyil, haldan-hala düşməkdi.
Qısaca, yazı yaranan yox, yaradılışdı. Heç bitməz bir prosesdi.
Yazı törənən deyil, törəmənin özüdü.
Bilmirəm bu qəliz, qarışıq şeylərlə gözünü, beynini yoruram, ya yox. Ancaq məni anladığına əminəm.
Çünki biz səninlə eyni dalğadayıq.
Biz səninlə eyni qatdayıq.
Biz səninlə dalğasızlıqdayıq.
Biz səninlə ədəbiyyatda yox, yazıdayıq.
İtirəndən sonra axtardığın nədisə əzizlik anlayışı odu.
Çox şey itirdim, sənin kimi təbii.
Heç bilmirəm, biz əslində itiririk, yoxsa qazanırıq?
Bilmirəm, indi dediyim bu fikrin qarşılığını necə ifadə etmək olar. Bəlkə belə: biz ən çox nəyə seviniriksə, deməli, yeganə qazancımız odu.
Ən çox nəyin xiffətini çəkiriksə, deməli, yeganə itkimiz odu.
Yazılarımdan bilirsən yəqin, mən ən çox nənəm üçün darıxıram. Hətta bu darıxmaq deyil, ən çox nənəm yoxdu...
Bəlkə belə - bircə onu itirmişəm...ya belə : “tək itkim...”
Yeni şeirlər kitabımı onun xatirəsinə həsr etdim. Bu günlərdə qəbrinə kitab apardım.
Hiss etdiklərini dilə gətirə bilmirsənsə, çox gerçək hisslər yaşayırsan deməli.
Gerçəklik reallığın altında qalır həmişə. Sənə məktub yazdığım yerdə qızım gəlib əlimdən tutur və dartıb aparır ki, ona cizgi filmi qoyum baxsın. Bu, reallıqdı. Əslində isə mən yazının üstündən qalxmaq istəmirəm. Gördüyümüz yox, görmək istədiyimiz işlərdi gerçəklik. Yaşadığımız yox, yaşamaq istədiklərimizdi həyat.
Sən mənim nənəmə münasibətimi də ailə-məişət zəminində qəbul eləmə.
Bu, bir insanı özləməkdi, bir insan əskik olmaqdı.
O adamın ki yerini kimsə tuta bilmir, o boşluğun yanında ömrü boyu addımlamaq çətinliyidi.
Bir insan ki sənin hər kəsinə çevrilə bilir, onu itirəndə hər kəssiz qalırsan.
Bunu izah eləmək olmur. Hər şeyi izah eləməyə ehtiyac yoxdu. Kimsə sənin izah etmədiklərini bilirsə, o adamnan bərk-bərk yapış. Ciddi deyirəm, məsləhət kimi çıxmasın, düşüncəmi al.
Günəşin təbəssümü altında rəqs etmək... indi ən doğrusu budu.
Təbiətdən kənara çıxma.
Günəşdisə günəş, qardısa qar, küləkdisə külək...
Dərddisə dərd, sevincdisə sevinc...
Mübarizə təbii olmayan hadisələrə qarşıdı.
Təpki süni olaya qarşı yaranır.
Fikir ver, gerçək hisslər, münasibətlər yaşamayanda bədən özündən kənara itələyir onu.
Beynində baş verənlərlə ürəyində baş verənlər o qədər fərqlidi ki...
Beyindən ürəyə enəndə, əslində özünə enəndə rahatlanırsan. Çünki orda təbiət olduğu kimi qalıb. Orda dekor ağaclar, broyler məhsullar, uydurma obrazlar yoxdu. Gerçəklik ordadı...
Yalan nə deyim, mən az-az enirəm ora.
Qorxuram, gerçək(lər)dən qorxuram.
Enəndə görürəm ki, beynimdə çox şey var, amma ürəyimdə az.
Enəndə görürəm ki, beynim qaranlıqdı, amma ürəyim işıqlı.
Enəndə görürəm ki, beynim çirklidi, amma ürəyim tərtəmiz.
Enəndə görürəm ki, beynim tutqundu, ürəyim aydın.
Enəndə görürəm ki, beynimdə kimi sevdiyimi bilmirəm, ama ürəyimdə bilirəm.
Görürəm ki, beynimdə yaşamaq olmur, amma ürəkdə sakitcə...
Beynimdə xəstəyəm, ürəyimdə həkim.
Beynimdə Aysel Əlizadəyəm, ürəyimdə Aysel...
Beynimdə onun sevgilisiyəm, ürəyimdə onun...
Beynimdə ədəbiyyatdı, ürəyimdə yazı...
Ehh, bitməz bu siyahi...
Eko Orxan Pamukla ruhsal, yaradıcı yaxınlığını müsahibəsində bu cür izah edib: “O da mənim kimi zaman-zaman post-modern olduğu üçün təqdir edilən, zaman-zaman da mənim kimi eyni gerçəkçilikdə suçlanan biridi. Post-modern olmaq nə deməkdi, mən də tam anlaya bilmirəm...” Post-modern olmaq nə deməkdi? Postmodernizmdə ən önəmli ad bunu deyirsə, deməli yazıçı özünü janrologiyaya həsr eləmir. Sənətkar çərçivə yox, rəsmin özünü yaradır. İstənilən gözəl rəsm əsəri çərçivəyə salınanda effektli və daha şık görünür. Əslində çərçivənin əsərlə heç bir əlaqəsi yoxdu. Bu kənardı, haşiyədi, cızıqdı. Ancaq rəsm çəkənlərlə yanaşı bir də çərçivə düzəldənlər var, onları inkar etmək olmaz. Bu da onların işidi. Əsəri götürsən, çərçivə boş qalar, onu eyni ölçülü istənilən rəsmə geydirmək olar. Çərçivə sənəti rəssamlıqdan sonra yaranıb. Adamlar olub, rəsmə baxıb düşünüblər: “bunun yaraşıqlı kənarları olsa, daha cazibədar görünər, daha çox diqqət çəkər”… İntəhası bu o demək deyil ki, çərçivəsiz əsər əsər deyil.
Eyni fikri Afaq Məsud da deyib: “Bəzən mənə elə gəlir nəsə, ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil”. Bu, Ekonun “deyirlər postmoderndi” fikri ilə eyniköklüdü. İkisi də bir şeydən danışır əslində.
Yazıçı ədəbiyyatla məşğul olmur. Yazı ayrıca sahədi. Yox, yazı sahəsizlikdi, ədəbiyyatdı sahə.
Yaza-yaza dünyanın iç və çöl üzünü gəzib gəlirsən, ancaq bu halqa eyni uca birləşmir, yanınan ötüb yenidən dövrə vurur. Yazı heç vaxt halqa ola bilmir.
Biləndə ki burdan o tərəf hasarlanıb, alt-üst olursan. Bəlkə ona görə ayrılırıq ki, çevrə çəkirik ətrafımıza, hasarlayırıq əhatəmizi. Bəlkə ona görə ayrılırq ki, içimizdə bu hasarı aşmaq istəyi yaranır sonradan. Geri qayıtmırıq, çünki qarşıda yeni hasarlar var. Aşa-aşa yaşayırıq. Hardasan sualına belə bir cavab yazmısızmı: “sevdalardayam...” Sevgi sərhədsizliyində... Əks halda savaşlar, ayrılıqlar olmazdı. Yazı ona görə sərhədsizdi ki, biz beynimizlə ruhumuzla görmədiyimiz qalaktikaları da gəzə bilirik. Biz ruhumuzla hər yerdən keçə bilirik. Ona görə xoşbəxt ola bilmirsən ki, xoşbəxtlik cərəyanı gəlib sənin mühitindən keçəndə hasara dəyir.
Mənim ölkəmdə adamlar hasarlarını çox hündür edir, yola çox yaxın salır.
Sənin yoluna da çıxır onun hasarı, sənə də əngəl yaradır.
Heç bilmirsən özü bu hasarın içində rahatdımı, yaxşıdımı.
Məncə, adamlar hasarla öz miskinliklərini, bədbəxtliklərini gizləyirlər.
Heç kim xoşbəxt həyatına hasar çəkməz. Çəksə də o hündürlükdə olmaz.
Olsa da daşdan olmaz.
Sənə demək istədiklərim bitmir. Səni tez-tez yazıya-görüşə dəvət edirəm. Səninlə sahəsizlikdə, hasarsız, sərhədsiz dünyada görüşmək xoşuma gəlir. Gözlərini hiss edirəm.
Gözlərini qoru, mənim oxucum... sənə hələ yazacam...