Əllərini, ayaqlarını itirmiş Qarabağ döyüşçüsü dilənir
12 aprel 2013 16:52 (UTC +04:00)

Əllərini, ayaqlarını itirmiş Qarabağ döyüşçüsü dilənir

0

“Sabunçunun icra başçısının qəbuluna da düşə bilmirəm ki, sözümü deyim”

Qarabağ müharibəsi başlayanda hər bir azərbaycanlı sonunu düşünmədən, yalnız Vətənini, ailəsini erməni vəhşilərindən qorumaq üçün, “olum, ya ölüm” düşüncəsi ilə silaha sarılıb döyüşlərə can atırdı. Qarabağ müharibəsinin döyüş iştirakçıları arasında gənc döyüşçülərin sayının da kifayət qədər  olduğunu görürük. Vətənimizin belə mərd oğulları bu döyüş barəsində, habelə özü haqqında danışdıqca sanki insanın gözləri qarşısında bir film canlanır. Əfsus ki, bir çox hallarda belə filmlər heç də gözlədiyin müsbət sonluqla bitmir. Qarabağ müharibəsinin iştirakçısı Elnur Əfəndiyevin “filmi” məhz belə olub...

O, 14 yaşında Qarabağa yollanaraq, düşmənə qarşı döyüşdə qəhrəmancasına iştirak edib. Təəssüf ki, E.Əfəndiyev döyüşlərdən birində ağır yaralanaraq əlini və ayaqlarını itirib. Hazırda I qrup Qarabağ əlilidir.

1976-cı il fevralın 14-də Ağsu rayonu Kalva kəndində dünyaya gələn E.Əfəndiyev orta məktəbdə əla qiymətlərlə oxuyub, təsadüfi hallarda dərslərdən 4  alırmış: “8-ci sinfə qədər Kalvadakı orta məktəbimizdə oxumuşam. Həmin il, yəni 1991-ci ildə müharibə artıq başlamışdı, mən martın 19-da müharibəyə getmək üçün evdən qaçaraq, birbaş Bakıya gəldim. Bakıya gələn kimi dəmiryol vağzalından qatara bilet alaraq, birbaş  Ağdama getdim. Ağdama gəldiyim gün “Passaj”ı ermənilər vurmuşdu. Camaat arasında çaxnaşma düşsə də, taksilər işləyirdi. Taksi sürücülərinin birindən soruşdum ki, Qatır Məmmədin dəstəsi haradadır. Dedilər ki, Əhmədavar kəndində Qaraağaclıq deyilən yerdədir. Həmin yer Ağdamdan Əsgərana gedən yolun çıxışında yerləşirdi. Eləcə də burada “19-cu post” deyilən məhşur post vardı. Taksi məni həmin yerə gətirdi və dəstəni tapdım. Həmin gündən qoşuldum buradakı döyüşçülərə. Rəhmətlik bəy (Qatır Məmməd-Yaqub Rzayev) məni götürmürdü ki, uşaqsan, qayıt geri. Dedi ki, valideynlərin səni axtaracaq. Mən də dedim ki, valideynlərim axtaran idisə, bura niyə gəlirdim? Döyüşməyə gəlmişəm, mənə tüfəng, avtomat verin. O vaxt mənə qoşalülə tüfəngi verdilər. Avtomat hamıya çatmırdı, könüllülərə rayonlardan yığılan təklülə, qoşalülə tüfənglər verilmişdi. Tüfəngim tək-tək atdığından hər zaman üstümdə 5-6 ədəd F-1 qumbarası gəzdirirdim. Bir neçə müddət burada döyüşdüm. Sonralar Qatır Məmməd xəstələndi, dəstəyə gəlib-gedə bilmirdi və dəstə yavaş-yavaş dağılmağa başladı. Elə oldu ki, o, dəstəyə heç gəlmədi və sonra da həbs olundu. Bu dəstə dağılandan sonra Yevlaxa gəldim. Sürət Hüseynov yun zavodunda dəstə toplayırdı və mən də onlara qoşuldum. Bu dəstədə 1 il ərzində döyüşdüm. 1993-cü il yanvarın 20-si tezdən Ağdamdan Yeni Qaralar istiqamətində Fərrux dağı ilə üzbəüz ən hündür zirvəni almaq üçün hücuma keçdik. Sübh 6-da artıq biz həmin yüksəklikdə olan postu almışdıq və erməniləri məhv etmişdik. Gəncədən Afiq adlı oğlan vardı, minaatanla necə vurmuşdusa, 4 erməni yerində qalmışdı. Hardasa bir saatdan sonra ermənilər bizim postu götürməyimizdən xəbər tutdular. Həmin yüksəklikdən Əsgəran istiqamətində də meşə və talalar vardı. Bir də gördük ki, ermənilər zirehli texnika ilə yüksəkliyə doğru hərəkət edir. Bizdə isə bir bölükdən cəmi 15-16 nəfər qalmışdı. Ermənilər yüksəkliyə tərəf  artilleriyadan atəş açmağa başladılar. Bizim isə ən böyük silahımız PK pulemyotu və minaatan idi. Həm də bura əlavə silah gətirmək də mümkün deyildi, çünki yüksəkliyi almaq üçün 2 gün əvvəl Yeni Qaralar kəndində gəlmişdik və hamı yorğun düşmüşdü. Ermənilər tanklardan yüksəkliyə atəş aça-aça irəliləyirdilər, biz isə onların qarşısını ala bilmirdik. Döyüşün bu məqamında hiss etdim ki, sol tərəfim ayaqdan isinməyə başladı. Həmin vaxt maskalanmaq üçün ağ maskalatlar geyinmişdik. Bir anlığa gördüm ki, üstüm qıpqırmızı qanın içindədir. Qəlpənin biri belimdən aşağı nahiyədə ətimə girmişdi, başqa bir qəlpə isə ayağımı topuqdan yuxarı kəsmişdi. Həmin vaxt elə vəziyyət yaranmışdı, özümdən xəbərim yox idi, ancaq onu bildim ki, məni nə isə vurdu. Ayağa qalxmaq istədim, lakin gördüm mümkün deyil, ayaqqabı qatlanıb ayağımın altında qalıb. Döyüş yoldaşlarım köməyimə çatdılar və məni qurtarmaq üçün dağdan aşağı yuvarladılar. Dağdan üzü aşağı yuvarlanaraq meşənin içərisində tikanlı kolların arasına girdim. Kolluğa düşməyimlə huşumu necə itirmişəmsə, elə ordaca qalmışam. Bir də onda ayıldım ki, alatorandır, ya axşamdır, ya da sübh tezdən, dəqiq bilmirdim. Sən demə 21-i səhər tezdən açılır. Hərəkət etmək istədim, amma ayaqlarım buddan aşağı, qollarım isə çiyinlərimdən aşağı işləmirdi. Əl-ayağımı don vurub. Elə yaxşı ki, don vurub, yoxsa qanaxmadan ölə bilərdim. Güc-bəla ilə yumalana-yumalana özümü birtəhər çıxarıb, atdım Qar-qar çayının qırağına. Allahın sevimli bəndəsiyəm ki, çayın qırağına 1-2 km sürünə-sürünə gələnə kimi minalanmış ərazini keçmişəm, mənə heç nə olmayıb... Buradan qurtardıqdan sonra “Evoğlu” hospitalına düşdüm, ordan da Gəncə hospitalına göndərdilər, burada yer olmadı və məni göndərdilər Abbas Səhhət adına xəstəxanaya. Yaralı çox olduğundan xəstəxananın 3-cü mərtəbəsini hospital etmişdilər. Burada müalicə aldım və sağalıb çıxanda, artıq batalyonumuz dağılmışdı. Qayıtdım evimizə, sonradan donvurmalar özünü göstərməyə başladı və əlimi itirdim. Sonradan sağ ayağımı da itirdim. İndi nə əllərim var, nə ayağım. Ümidim yaxşı insanlara qalıb,  onların köməkliyi ilə yaşayıram. Bir haşiyəyə çıxım ki, 1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə imtahan verdim və birbaşa II kursa qəbul etdilər. O vaxt imtahan götürən müəllimlər gördülər ki, mənim savadımla bərabər döyüş təcrübəm də var. Amma bir müddətdən sonra raport yazdım və yenidən döyüşə getdim, yaralandım,  təhsilm də yarmçıq qaldı. Müəllimlərim mənim bu vəziyyətimi görəndə ağlayırlar ki, sənin kimi savadlı bir uşaq indi taleyin ağır sınağı ilə üz-üzə qalıb”.

Bütün bunların müqabilində cəmi 120 manat pensiya aldığını deyən E.Əfəndiyev bundan başqa heç bir maddi gəlirinin olmadığını bildirib. O, məsələ ilə bağlı müvafiq dövlət qurumlarının hamısına müraciət etdiyini, ancaq nəticəsiz qaldığını deyib: “Heç kim mənə köməklik göstərmir. Düzdür, hamısı söz verir, amma konkret əmələ gələndə heç bir iş görülmür. Əsas problemim maddi vəziyyətimin yaxşı olmamasıdır. Əgər köməklik göstərilsə, öz problemlərimi özüm həll edərəm. Belə deyək, 10 min manatım olsa, kirayədən çıxaram. Yaxşı insanlardan biri Binəqədidə mənə 2 sot torpaq hədiyyə edib, orada özümə bir otaq tikərəm və yaşayaram. Özümə iş taparam, pul qazanaram. İndi axşama qədər boş-bekar otururam. Hərdən yolun kənarına çıxaraq kimlərinsə mənə 5-3 manat pul köməkliyi etməsini gözləyirəm ki,  gedim çörək alım. Bu mənə, Qarabağ müharibəsi veteranına, əlilinə yaraşarmı? Hazırda yaşadığım həyat mənim düşüncə tərzimlə tərs mütənasibdir. Hər ay 500-600 manat aptekə pul verirəm. Dərmanları almağa belə köməklik göstərmirlər. İnanın dəstək versələr, təsərrüfat da qura bilərəm, bunun üçün yaşadığım Kalva kəndində xeyli imkanlar var. Böyük otlaq sahələrimiz, həyətdə tövlələrimiz var. Ailə üzvlərimin köməkliyi ilə özüm üçün, eləcə də onlar üçün nə isə bir iş görə bilərəm. Rayondakı evimizi girov da qoyuram, amma  banklar mənə pul vermir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə pul götürmək istəyirdim. Lakin dedilər get, filan sənədi gətir, filan işi gör. Bilmirəm ki, mənim əlil olmağım onları qorxudur və ya başqa səbəb var.

37 yaşım var, nə ailə həyatı qurmuşam, nə də normal yaşayış şəraitim var. Mən də istəyirəm ki, ata olum,  övladım olsun. İndi mən əlil əsgər oldum, amma istərdim ki, övladım Vətənimə layiq olsun. Onu hərbçi ruhunda böyüdüm. Ailəm, övladım olmadığından kiçik qardaşıma mehrimi salmışam, ona övladım kimi baxıram. Bəlkə ailə qura bilmədim, övladım olmadı, ən azından kiçik qardaşıma illərdir verdiyim əziyyətin qarşılığında istəyirəm nə isə edim”.

E.Əfəndiyev Prezident Administrasiyasına müraciət etdiyini dedi: “Oradan Sabunçu rayon icra başçısına tapşırdılar ki, köməklik etsin, amma bu da nəticəsiz qaldı. Böyük problemim qaldı bir qıraqda, mənə ərzaq yardımı etdilər. Bu da cəmi bir dəfə oldu, nə bayramlarda, nə də adi günlərdə belə heç bir köməklik göstərməyiblər. Heç Sabunçunun icra başçısının qəbuluna da düşə bilmirəm ki, sözümü deyim”.

E.Əfəndiyev  dövlət orqanlarından incik düşdüyünü də gizlətməyib: “İnanın, adamı o qədər get-gələ salır, süründürürlər ki, ikinci dəfə ora getmək istəmirsən. Adama sual verərlər ki, sənədi siz düzəldirsiz, mən sənəd daşıyan vəziyyətdəyəm? Nə əllərim var, nə ayaqlarım, ürəkdən, ciyərdən əməliyyat olunmuşam. 11 il ərzində dəfələrlə əməliyyat keçirmişəm. Axı mən niyə yol qırağında dilənməliyəm? Dost-tanışlar harada olduğumu soruşanda deməyə utanıram. Mən də bu Vətənin övladıyam. Haydı deyəndə hayınıza gəldim. İndi də mənim hayıma gəlsinlər!”.

 

Bəxtiyar MƏMMƏDLİ
“525-ci qəzet”,

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3004

Oxşar yazılar