Qənirə Paşayeva Qovlar şəhərində sakinlərin problemlərini dinləyib
13 fevral 2016 17:02 (UTC +04:00)

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərin problemlərini dinləyib

 

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində sakinlərin problemlərini dinləyib və həlli istiqamətində qurumlarla müzakirələr aparıb.

 

Lent.az-ın məlumatına görə, sakinləri qəbul edən millət vəkili Q.Paşayeva onların qayğı və problemləri ilə maraqlanıb.

 

Bir sıra seçicilərin deputatla görüşdə  ünvanlı  sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər əsasən  özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyacın olması ilə bağlı fikirlərini bildiriblər, müzakirələr aparıblar. Bir sıra sakinlər  banklarla bağlı yaranmış problemləri, kreditlərinin ödənməsində yaranan ciddi çətinliklər, kiçik bir kredit üzündən kəsilən ünvanlı sosial yardımının bərpası istiqamətində də millət vəkilinə müraciət edərək məsələnin həllində dəstək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva görüş zamanı bildirib ki, kredit götürdüyü üçün ünvanlı sosial yardımı kəsilən ailələrin problemi artıq dövlət səviyyəsində həllini tapıb və  onlar yenə də ünvanlı sosial yardımı ala biləcəklər. Millət vəkilinə müraciətlərin böyük bir hissəsi ünvanlı sosial yardım və iş yeri ilə kömək göstərilməsi ilə bağlı olub. Eyni zamanda məhkəmələr və məhkəmə qərarlarının icrasının ləngiməsi ilə də bağlı millət vəkilinə bir sıra müraciətlər olub. Özəlliklə bir sıra qadınlar boşanma zamanı övladlarına ayrılan alimenti aylarla ala bilməmələrindən və çox ağır vəziyyətdə yaşamalarından şikayətləniblər. Millət vəkili Q. Paşayeva müvafiq qurumlara müraciət edərək getdikcə daha da ciddi problem halını alan bu problemin həllində onları ciddi addımlar atmağa çağırıb. Sonsuzluqdan əziyyət çəkən bəzi ailələr millət vəkilindən tibbin yeniliklərindən yararlanmaqla övlad sahibi ola biləcəklərini deyərək bu sahədə tibb müəssisələrində əməliyyatların çox bahalığından şikayətləniblər və dəstək istəyiblər. Deputat bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə  bağlı qeydlər apararaq,  həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Bir çox xəstələrlə görüşən Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin  daha  yüksək səviyyəli  müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

 

# 151
avatar

Oxşar yazılar