Mütəxəssislər xəbərdarlıq edirlər ki, cütlüklər arasında yaş fərqi 10–20 il olduqda bu, möhkəm və stabil münasibətlərin qurulmasında ciddi çətinliklər yarada bilər. Xüsusilə də onlardan birinin 30, digərinin isə artıq 40 və ya 50 yaşında olduğu münasibətlərdə bu problem daha qabarıq şəkildə özünü göstərir.
Lent.az xəbər verir ki, psixoloqların fikrincə, bu yaş mərhələlərində insanların həyat prioritetləri çox zaman üst-üstə düşmür.
Gənc tərəfdaş hələ özünü tapmağa, inkişaf etməyə, yeni təəssüratlar qazanmağa can atır. Daha yaşlı tərəfdaş isə sabitliyə, sakitliyə və ölçülü həyata üstünlük verir. Həyatın bu fərqli mərhələlərinin toqquşması münasibətlərdə anlaşılmazlıq və gərginlik yaradır.
Böyük yaş fərqi münasibətlərdə harmoniyaya nə mane olur?
Fərqli maraqlar və həyat tərzi - Yaş fərqi adətən maraqların da fərqli olması deməkdir. Tərəfdaşlardan biri səyahət etmək, dostlarla görüşmək və yeniliklər sınamaq istəyərkən, digəri evdə sakit axşamlara üstünlük verə bilər. Bu fərqli həyat ritmləri zamanla narazılıq və mübahisələrə səbəb olur.
Enerji səviyyələrinin uyğun gəlməməsi - Yaş artdıqca fiziki dözümlülük və enerji də dəyişir. Daha yaşlı tərəfdaş tez-tez istirahətə ehtiyac duyur, sağlamlığına diqqət edir və yüngül rejimi seçir. Gənc tərəfdaş isə enerjili, aktiv və hərəkətli həyat istəyir. Bu ziddiyyətlər qarşılıqlı iradlara çevrilə bilər.
Gələcəklə bağlı fərqli gözləntilər - Bir çox hallarda gənc tərəfdaş ailə qurmaq, övlad sahibi olmaq və uzunmüddətli planlar qurmaq arzusunda olur. Yaşlı tərəfdaş isə artıq bu mərhələni geridə qoymuş, böyümüş uşaqları olan və ya yenidən valideyn məsuliyyəti götürmək istəməyən biri ola bilər. Məqsədlərin uyğun gəlməməsi münasibətlər üçün ciddi sınağa çevrilir.
Yetkinlik və sosial mövqe fərqi - Yaş fərqi tez-tez həyat təcrübəsi və sosial status fərqi ilə müşayiət olunur. Gənc tərəfdaş hələ formalaşma mərhələsində ola bilər, yaşlı tərəfdaş isə artıq özünü təsdiqləmiş, sabit mövqeyə malikdir. Xüsusilə kişi gənc, qadın isə daha yüksək mövqedə olduqda bu balanssızlıq daxili narahatlığa səbəb ola bilər.
Psixoloqlar vurğulayırlar ki, yaş fərqi münasibətlər üçün avtomatik hökm deyil. Lakin fərq nə qədər böyükdürsə, qarşılıqlı anlayış, hörmət və münasibət üzərində işləmək bir o qədər vacibdir. Əks halda harmoniya çətin əldə olunur və münasibətlərin uzunömürlü olması sual altında qalır.