Dünya şöhrətli supermodellərin parlaq karyeralarının arxasında illərlə ictimaiyyətdən gizlədilən qalmaqallı məqamlar üzə çıxıb. Milyonluq müqavilələr, məşhurluq və dəbdəbəli həyatın kölgəsində qalan acı həqiqətlər modellərin öz etirafları ilə gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən məşhur supermodellərin həyatı ilə bağlı çoxlarının bilmədiyi 5 faktı təqdim edir.
1. Ac qalmaq gözəlliyin əsas şərti sayılırdı
Moda dünyasının ən narahatedici problemlərindən biri modellərin qidalanmasına qoyulan sərt məhdudiyyətlər olub. Məşhur supermodel Kristi Tarlinqton gənclik illərində bəzən bütün günü demək olar ki, yeməksiz keçirdiyini etiraf edib. Onun sözlərinə görə, həmin dövrdə bu davranış adi hal sayılırdı.
Naomi Kempbell də çəkiyə ciddi nəzarət və asılılıq problemləri yaşadığı dövrlərdən danışıb. Model Karre Otis isə xatirələrində sənayenin tələblərinə uyğunlaşmaq üçün sağlamlığını təhlükəyə atdığını bildirib.
O dövrdə bu cür davranışlar problem deyil, peşəkar intizam kimi qəbul edilirdi.
2. Fotoqraflarla münasibətlər iş çərçivəsindən çıxırdı
Moda sənayesində uzun illər susulan məsələlərdən biri də modellərlə fotoqraflar və prodüserlər arasındakı münasibətlər olub.
Supermodel Paulina Porizkova karyerasının əvvəlində şəxsi və peşəkar münasibətlər arasındakı sərhədlərin tez-tez pozulduğunu bildirib. Karre Otis isə aktyor Mikki Rurk ilə münasibətlərində zorakılığa məruz qaldığını açıqlayıb. Onların tanışlığı çəkiliş meydançasında başlayıb.
3. Milyonlar qazansalar da, pullarına nəzarət edə bilmirdilər
Supermodellərin böyük məbləğdə müqavilələr imzalaması heç də onların maliyyə baxımından müstəqil olması demək deyildi.
Cenis Dikinson karyerasının başlanğıcında nə qədər qazandığını və pullarının hara xərcləndiyini dəqiq bilmədiyini etiraf edib. Tayra Benks isə maliyyə savadlılığının gənc modellərin ən çox ehtiyac duyduğu biliklərdən biri olduğunu vurğulayıb. Bəzi hallarda model agentlikləri çəkilişlərlə yanaşı, modellərin gəlirlərinə də nəzarət edirdi. Nəticədə dünya şöhrəti qazanan qadınlar belə sabit maliyyə ehtiyatı olmadan yaşayırdılar.
4. Şöhrət qazandıqdan sonra da təzyiqlər bitmirdi
Modelin məşhurlaşması onun problemlərinin sona çatması demək deyil. Əksinə, xarici görünüşlə bağlı gözləntilər daha da artır.
Linda Yevangelista 2021-ci ildə kosmetik prosedurdan sonra görünüşündə yaranan dəyişikliklər barədə danışıb. Model həmin səbəbdən təxminən beş il ictimaiyyət qarşısına çıxmaqdan çəkindiyini bildirib. Bella Hadid isə karyerasının ən uğurlu dövründə belə özünü kifayət qədər gözəl hesab etmədiyini etiraf edib.
5. Psixoloji problemlər son ana qədər gizlədilirdi
Moda sənayesində uzun müddət psixoloji çətinliklər barədə danışmaq karyera üçün təhlükə hesab olunub.
90-cı illərin moda mühitində fəaliyyət göstərmiş dizayner Loren Skott maliyyə və şəxsi çətinliklərlə üzləşib. Onun həyatı 2014-cü ildə faciəvi şəkildə başa çatıb.
Keyt Mossun asılılıqla bağlı problemləri də müxtəlif dövrlərdə mətbuatın gündəminə gəlib. Moda dünyasında zəif görünmək qorxusu bir çox modelin yaşadığı çətinlikləri gizlətməsinə səbəb olub.
Beləliklə, 1980–1990-cı illərin supermodelləri təkcə gözəllik və uğurun deyil, həm də sərt qaydaların, psixoloji təzyiqlərin və şəxsi mübarizələrin simvoluna çevriliblər.