Moskvada azərbaycanlı qadın iki körpəsilə saxlanılıb
03 iyun 2009 15:15 (UTC +04:00)

Moskvada azərbaycanlı qadın iki körpəsilə saxlanılıb

Sevinci Həmidovanın Rusiyadan çıxarılması haqqında məhkəmə qərarının icrası dayandırılıb

Bu günlərdə himayəsində azyaşlı iki uşağı olan Azərbaycan vətəndaşı Sevinc Həmidovanın Moskvada qeydiyyatı olmadığından saxlanması barədə Rusiya Federasiyasının (RF) İnsan Hüquqları üzrə Müvəkkili Aparatından Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombdusman) məlumat daxil olub. Ombudsman Aparatının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onun azyaşlı uşaqlarından birinin xəstəxanada, digərinin isə uşaq evində olduğu bildirilib. Bununla əlaqədar E.Süleymanovanın tapşırığına əsasən, Aparatın əməkdaşı Z.Əliyev Rusiya Federal Ombudsmanının nümayəndəsi ilə birlikdə RF Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar üçün Moskva şəhərində saxlama mərkəzində saxlanılan S.Həmidova ilə görüşüb, onun saxlanma şəraiti və problemləri ilə maraqlanıb. Azərbaycan Ombudsmanının nümayəndəsi soydaşımızın saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olarkən müəssisənin rəisi, milis podpolkovniki O.A.Barışev onun barəsində müvafiq məhkəmə qərarının olduğunu bildirib.

Yetkinlik yaşına çatmayan iki övladı hazırda Azərbaycanda yaşayan S.Həmidova Moskvadakı iki azyaşlı uşağı ilə birlikdə vətənə dönməsi üçün Azərbaycanın Rusiya Federasiyasında səfirliyi tərəfindən “Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə” ilə təmin edilməsində yardımçı olmağı xahiş edib və bununla əlaqədar Müvəkkilə ərizə yazıb. Səfirliklə əlaqə saxlanılıb və həmin gün S.Həmidova müvafiq şəhadətnamə ilə təmin olub. Eyni zamanda RF və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkillərinin müraciətləri nəzərə alınaraq, S.Həmidovanın Rusiya ərazisindən çıxarılması haqqında Moskva şəhər Perov Məhkəməsinin qərarının icrası dayandırılıb.

S.Həmidova ilə söhbət zamanı o, mərkəzdə saxlanma şəraitindən, ən başlıcası isə burada ona qarşı rəftardan şikayətinin olmadığını, işgəncə və ya ləyaqəti alçaldan hərəkətlərə yol verilmədiyini bildirib.

Müvəkkil həmçinin S.Həmidovanın uşaqları ilə birlikdə mümkün qədər tez vətənə dönməsində yardımçı olmaq xahişi ilə RF İnsan Hüquqları üzrə Müvəkkili V.Lukinə məktubla müraciət edib.

Pərvin ABBASOV
# 661

Oxşar yazılar