"İş o yerə çatıb ki, narkotacirlər polisə silah çəkir" -  DİN rəsmisi
10 avqust 2021 11:51 (UTC +04:00)

"İş o yerə çatıb ki, narkotacirlər polisə silah çəkir" - DİN rəsmisi

"Artıq narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar polis əməkdaşlarına silah çəkirlər".

Lent.az-ın məlumatına görə, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “ARB24” kanalında yayımlanan “Gündəm” proqramına müsahibəsi zamanı deyib.

O bildirib ki, hazırda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çox güclü aparılır:

Elşad Hacıyev

“Narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirləri Daxili İşlər Nazirliyi və onun hər bir əməkdaşı üçün önəmli olan məsələdir. Son zamanlar narkotacirlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Aparılan mübarizə tədbirləri nəinki dövlət səviyyəsində yüksək qiymətləndirilir, cəmiyyət arasında da böyük razılıqla qarşılanır. Narkotik satanlar isə bundan narahatdır. Artıq iş o yerə çatıb ki, narkotik satışı ilə məşğul olanlar polisə silah çəkirlər. Ötən ayın sonu baş verən hadisədə polis əməkdaşı həyatını itirdi, artıq o bizim sıralarımızda yoxdur”.

Elşad Hacıyev həmçinin narkobaronlara güzəşt edilməsi barədə yayılan iddialara da cavab verib: “Narkotiklərlə bağlı heç kəsə güzəşt yoxdur. Kimsə deyə bilməz ki, polis kimisə narkotikə görə tutub sonra azadlığa buraxıb. Belə iddialar həmişə olub və olacaq. Narkobaronlarla bağlı sözügedən iddia isə diletant yanaşmadır. İşin içindən xəbəri olmayanlar bu cür iddia irəli sürürlər. Nəzərinizə çatdırım ki, hər gün narkotik satanların tutulması ilə bağlı rəsmi məlumatlarımız olur. Ancaq heç birində saxlanılan şəxslərin narkotacir, yaxud narkobaron olduğunu yazmırıq. Saxlanılar şəxsin böyük həcmdə narkotiklə tutulması, daha geniş satış həyata keçirməsi ilə bağlı fərq qoyulmur. Həmin şəxsin istintaqı bitməmiş heç bir məlumat vermirik. Onu deyə bilərəm ki, saxlanılan şəxslər arasında belələri çoxdur”.

# 2136
avatar

Mehman Nəbiyev

Oxşar yazılar