Saç tökülməsinə  səbəb olan   dəbli  saç düzümü
20 noyabr 2026 17:52 (UTC +04:00)

Saç tökülməsinə səbəb olan dəbli saç düzümü

0

Son illər qadınlar arasında populyarlıq qazanan bəzi saç düzümləri gözəl görünüş yaratsa da, saçların sağlamlığı üçün ciddi təhlükə törədə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, saçların həddindən artıq sıx yığılması onların nazilməsinə və hətta müəyyən nahiyələrdə tökülməsinə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə saçların geriyə doğru hamar daranaraq sıx at quyruğu formasında yığılması riskli hesab olunur. Bu saç düzümü dəbli görünüşü, səliqəli forması və uzun müddət qalıcı olması səbəbindən geniş yayılıb. Xüsusilə fotosessiyalar və müxtəlif tədbirlər üçün seçilən bu üslubun arxasında ciddi problemlər gizlənə bilər.

Sıx yığılmış saçlar niyə təhlükəlidir?

Mütəxəssislərin sözlərinə görə, belə saç düzümlərinin əsas təhlükəsi saç tellərinin daim dartılmasıdır. Xüsusilə alın və gicgah nahiyəsində yerləşən saç kökləri bu təsirə daha həssasdır. Saçların uzun müddət güclü şəkildə dartılması follikulların zədələnməsinə səbəb ola bilər. Nəticədə traksion alopesiya adlanan saç tökülməsi meydana çıxa bilər.

Traksion alopesiya saç köklərinin davamlı mexaniki dartılması nəticəsində yaranan saç tökülməsi növüdür. Problem daha çox alın və gicgah nahiyələrində müşahidə olunur. Bu zaman saçlar tədricən seyrəkləşir və bəzi hallarda müəyyən sahələrdə keçəlləşmə yaranır.

Mütəxəssislər bildirirlər ki, bu problem bir gün ərzində inkişaf etmir. Adətən saçların uzun müddət və müntəzəm şəkildə sıx yığılması nəticəsində meydana çıxır. Yəni bir dəfə belə saç düzümü etdirmək dərhal saç tökülməsinə səbəb olmaya bilər. Lakin bu vərdişin davamlı təkrarlanması saç köklərinin zədələnməsi riskini artırır.

Saçlar başqa hansı səbəblərdən nazilir və tökülür?

Saçların nazilməsi və tökülməsi yalnız yanlış saç düzümü ilə əlaqəli deyil. Bu problem hormonal dəyişikliklər, orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığı və həyat tərzi ilə də bağlı ola bilər. Mütəxəssislər saç tökülməsinə təsir göstərə bilən amillər arasında güclü stressi, keçirilmiş xəstəlikləri, GLP-1 qrupuna aid preparatların istifadəsi fonunda çəki itkisini, dərman vasitələrinin dəyişdirilməsini və xroniki yuxusuzluğu qeyd edirlər. Bu amillər saçların təbii böyümə dövrünə təsir göstərərək onların zəifləməsinə və tökülməsinə səbəb ola bilər.

Saçları zədələmədən necə yığmaq olar?

Mütəxəssislər dəbli saç düzümlərindən tamamilə imtina etməyin vacib olmadığını bildirirlər. Əsas məsələ saçları düzgün yığmaq və onların köklərinə həddindən artıq təzyiq göstərməməkdir. İlk növbədə saçları çox sıx bağlamaq tövsiyə edilmir. Saçların yüngül və sərbəst şəkildə yığılması follikullara düşən yükü azalda bilər. Bundan başqa, saçları uzun müddət eyni vəziyyətdə saxlamaq düzgün deyil.

Gün ərzində saç düzümünü dəyişmək və saçları müəyyən müddət açıq saxlamaq faydalı ola bilər. Xüsusilə saç düzümü zamanı baş dərisində ağrı, dartılma, sancma və ya qıcıqlanma hiss edilərsə, saçları dərhal açmaq lazımdır. Mütəxəssislər vurğulayırlar ki, gözəllik naminə saçların sağlamlığını riskə atmaq düzgün deyil.

Saçların davamlı şəkildə dartılması nəticəsində yaranan tökülmə erkən mərhələdə qarşısı alındıqda bərpa oluna bilər. Lakin follikullar uzun müddət zədələnərsə, saç itkisi qalıcı xarakter ala bilər. Buna görə də saçların alın və gicgah nahiyələrində seyrəkləşməsi müşahidə olunarsa, dermatoloqa müraciət etmək tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar