Böyük Çin səddi  dağılır   - Turistlərə ciddi  xəbərdarlıq
20 noyabr 2026 18:07 (UTC +04:00)

Böyük Çin səddi dağılır - Turistlərə ciddi xəbərdarlıq

0

Dünyanın ən möhtəşəm memarlıq abidələrindən biri hesab olunan Böyük Çin səddi tədricən dağılır. Qədim müdafiə qurğusunun bərpa edilməmiş hissələri təhlükəli vəziyyətdədir və turistlər üçün ciddi risk yarada bilər.

Lent.az xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq, Böyük Çin səddinin əhəmiyyətli hissəsi baxımsız vəziyyətdə qalır. Turistlərin ziyarətinə isə yalnız bərpa edilmiş kiçik ərazilər açıqdır. Böyük Çin səddi əslində vahid tikili deyil. O, müxtəlif tarixi dövrlərdə inşa edilmiş mürəkkəb müdafiə istehkamları sistemindən ibarətdir. Bu gün görünən istehkamların böyük hissəsi Min sülaləsinin hakimiyyəti dövründə, 1368-1644-cü illərdə tikilib.

İmperiyanın müdafiə sisteminin zəifləməsindən sonra sədd tədricən hərbi əhəmiyyətini itirib. İstehkamlar lazımi qaydada qorunmayıb, yerli sakinlər isə bəzi ərazilərdə divarların daş və kərpiclərindən tikinti materialı kimi istifadə ediblər. Böyük Çin səddi hazırda UNESCO-nun Ümumdünya İrs Siyahısında olsa da, onun böyük hissəsi dağılmaq təhlükəsi ilə üz-üzədir. Ümumi uzunluğunun yalnız çox kiçik bir hissəsi bərpa edilərək ziyarətçilərin istifadəsinə verilib.

Səddin yalnız kiçik hissəsi bərpa olunub

Böyük Çin səddində ilk genişmiqyaslı bərpa işləri 1950-ci illərin ortalarında Badalin ərazisində başlayıb. Daha sonra, 1987-ci ildə bərpa işləri davam etdirilib. Ümumilikdə səddin 8 kilometrdən çox hissəsi və 20-dən artıq müşahidə qülləsi bərpa olunub. Bununla belə, digər ərazilərin əksəriyyəti hələ də təbii aşınma və turist axınının yaratdığı təsirlərdən zərər görür.

Tarixi abidənin qorunmasına Çinin Dövlət Mədəni İrs İdarəsi cavabdehdir. Mütəxəssislər istehkamların təmiri zamanı ənənəvi tikinti materiallarından istifadə edirlər. Bununla yanaşı, səddin vəziyyətini izləmək üçün müasir məsafədən müşahidə texnologiyalarından da yararlanılır.

Turistlər üçün hansı ərazilər təhlükəlidir?

“Lonely Planet”nəşri Böyük Çin səddini ziyarət etmək istəyən turistlərə Mutyanyuy və Cinşanlin ərazilərini seçməyi tövsiyə edir. Mutyanyuy məşhur Badalin hissəsi ilə müqayisədə daha az izdihamlıdır. Cinşanlin isə piyada gəzintilərini sevən turistlər üçün əlverişlidir. Burada səddin bərpa edilməmiş hissələrini də görmək mümkündür. Lakin tərk edilmiş ərazilərə səfər etmək təhlükəli ola bilər. Xüsusilə Cyankou hissəsində tikililərin dayanıqsız vəziyyətdə olması turistlərin həyatı və sağlamlığı üçün risk yaradır. Dağılmış pilləkənlər, aşınmış daşlar və qeyri-sabit divarlar hərəkəti çətinləşdirə bilər. Buna görə də turistlərə təhlükəsizlik qaydalarına əməl etmək və icazə verilməyən ərazilərə daxil olmamaq tövsiyə olunur.

Böyük Çin səddini ziyarət etmək üçün ən yaxşı vaxt

Mütəxəssislər Böyük Çin səddinə səyahət üçün ən münasib dövrün yaz və payız ayları olduğunu bildirirlər. Bu fəsillərdə hava şəraiti uzunmüddətli piyada gəzintiləri üçün daha əlverişli olur. Turistlərə rahat ayaqqabı geyinmək, özləri ilə kifayət qədər su götürmək və hava şəraitinə uyğun geyim seçmək məsləhət görülür. Böyük Çin səddi dünyanın ən məşhur tarixi abidələrindən biri olaraq qalır. Lakin onun böyük hissəsinin tədricən dağılması bu nadir memarlıq irsinin qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar