Azərbaycanda “Texniki kartof” iddiaları - ARAŞDIRMA
12 yanvar 2026 13:57 (UTC +04:00)

Azərbaycanda “Texniki kartof” iddiaları - ARAŞDIRMA

0

Azərbaycanda kənd təsərrüfatında kartof istehsalı uzun illərdir strateji əhəmiyyət daşıyan sahələrdəndir. Kartof gündəlik istehlak səbətində əsas yer tutmaqla yanaşı, yüzlərlə fermer üçün mövsümi gəlir mənbəyi, dövlət üçün isə ərzaq təhlükəsizliyinin vacib komponentidir. Son illərdə istehsal həcmlərinin artması, ixrac göstəricilərinin genişlənməsi və subsidiya mexanizmlərinin tətbiqi kartofçuluqda müsbət dinamika yaratsa da, bazarın strukturunda qalıcı balansın formalaşmadığı açıq şəkildə görünür.

Azərbaycana idxal olunan kartofun keyfiyyəti ilə bağlı müzakirələr də az deyil. Ölkəyə gətirilən kartofun “texniki kartof” olması, keyfiyyətsiz məhsul kimi bazara çıxarılması və ya heyvan yemi məqsədilə istehsal olunmuş kartofun istehlaka yönəldilməsi barədə iddialar ictimai narahatlıq yaradır. Bu iddialar təkcə istehlakçı davranışına deyil, həm də daxili istehsalın iqtisadi əsaslarına, idxal siyasətinə və dövlət nəzarət mexanizmlərinə dair sualları da aktuallaşdırır.

Bir tərəfdən daxili istehsal mövsümi tələbatı qarşılaya bilir, digər tərəfdən isə saxlama imkanlarının məhdudluğu, maya dəyəri ilə bazar qiyməti arasındakı uyğunsuzluq, idxal təzyiqi və toxumçuluq problemləri bu sahəni riskli biznesə çevirir. Nəticədə, istehsalın davamlılığı təmin olunmur, bazar dövri olaraq xarici təklifdən asılı vəziyyətə düşür. Mövcud vəziyyət kartof bazarına yalnız istehsal həcmləri prizmasından deyil, həm də iqtisadi səmərəlilik, infrastruktur, keyfiyyətə nəzarət və tənzimləmə mexanizmləri kontekstində yanaşmağın zəruriliyini ortaya qoyur.

Kartof növləri və istehsalda əsas rayonlar

Kartofçuluq sahəsindəki problemlərlə bağlı Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev “APA-Economics”ə açıqlamasında bildirib ki, ölkəmizdə istehlak olunan kartofun böyük hissəsi fevral ayının sonu, mart ayının əvvəli əkilir və iyun ayının sonundan yetişməyə başlayır:

“Avqustun ortasına qədər kartof yığılır. Kartof istehsal edilən əsas ərazilərimiz Tovuz, Qazax, Ağstafa, Şəmkir, İsmayıllı kimi dağətəyi rayonlardır. Söhbət sənaye üsulu ilə əkilən kartofdan gedir, dəmyə şəraitində əkiləndən yox. Bu, il boyu dükan və bazarlarda istehlak etdiyimiz yerli kartofdur. Azərbaycanda kartof istehsalının 90–95%-ni sənaye üsulu ilə istehsal təşkil edir.

Ölkədə ikinci əsas istehsal olunan kartof payızlıq kartofdur. Bu kartof payızın sonunda əkilir, martın sonundan çıxmağa başlayır. Belə kartof növü adətən cənub rayonlarında olur və faraş kartof adlanır. Faraş kartof daxili bazarda da satılır, amma əsasən ixrac olunan və saxlanılmayan kartofdur. Yəni bu kartof yetişdisə, 15 gün ərzində istehlak olunmalıdır. Bir də saxlanılan kartof var. Yəni o anbarlarda saxlanılır və ilboyu istehlak olunur”.

Daxili istehsalı artırmaq cəhdləri

B.Quliyev Azərbaycanda bir neçə il öncə daxili istehsalın artırılması istiqamətində atılan addımlara toxunub:

“Təxminən 2015–2016-cı illərdə ölkədə belə bir çağırış var idi ki, xaricdən idxal olunan məhsullara diqqət yetirək və onların yerli istehsalına başlayaq. Bütün səviyyələrdə danışılırdı ki, idxalın qarşısı daxili istehsalla alınmalıdır. O vaxt kartof istehsalçıları da bu çağırışa qoşuldular. Amma kartofun özünü istehsal etmək 40–45 qəpiyə başa gəlir. Yəni fevral ayında toxumları səpirsən, ona qulluq edirsən, sonra yığırsan və yekunda maya dəyəri 35-45 qəpik arası dəyişir. Bundan sonra həmin kartof 15 gün ərzində ya istehlak olunmalıdır, ya da aparılıb anbarlara qoyulmalıdır. İşin maraqlı tərəfi burada başlayır. Kartofu anbara qoymaq üçün kartof saxlama anbarı tikilməlidir. Müasir tipli və 8-9 ay ərzində kartofu saxlaya bilən belə anbarın tikilməsi min ton üçün təxminən 1 milyon manata başa gəlir. Bu, o deməkdir ki, siz anbara min ton kartof qoyub sonra onu çıxaranda yatırım etdiyiniz 1 milyon manatı geri götürmək üçün azı 4 il gözləməlisiniz. Dörd ilə o vəsaitin geri dönməsi üçün hər min ton kartofa görə 250 min manat mənfəət əldə etməlisiniz. Yəni kartof anbara daxil olub çıxarıldısa, gərək 25-30 qəpik baha satılsın.

B.Quliyev bu cəhdlərin lazımi nəticəni vermədiyini deyib:

“İş adamları həmin anbarları tikdilər. Avqust ayında kartofu yığdılar, sonra anbara qoydular ki, il ərzində satsınlar. Amma o kartofun qiyməti heç vaxt qalxmırdı. Çünki İranda kartof bizdən bir az gec, yəni sentyabr-oktyabr aylarında yetişir. Onlar məhsulu anbara qoymurlar. İranda kartofun maya dəyəri 35–45 qəpiyə başa gəlir. Bu zaman onlar elə sahədən məhsulu maşınlara yükləyirlər və təqribən 800 manat xərc edərək sərhəddi keçib Azərbaycana gətirirlər. Həmin kartof ölkəmizdə satılır və qiyməti də həmişə Azərbaycan istehsalçısının istədiyi “45 qəpik + 25 qəpik” səviyyəsindən aşağı olur.

Daxili istehsalı qorumaq üçün bir neçə dəfə təkliflərlə çıxış edirdik ki, əgər istəyiriksə Azərbaycanda kartof istehsal olunsun, saxlanılsın və qış aylarında ölkədə öz yerli kartofumuz satılsın, onda mövsümi olaraq daxili istehsalı qorumalıyıq. Daxildə kartof varkən, xaricdən gətirməməliyik. Lakin hər zaman cavab alırdıq ki, bu, kartofun qiymətini qaldıracaq. Yaxud cavab alırdıq ki, bu, mümkün deyil, çünki dövlətlərarası sazişlər var”.

“Anbar tikintisi davamlı olmadı”

Müsahibimiz qeyd edib ki, uzun illər bu biznes mənfəət gətirmədiyinə görə inkişaf etmədi, yəni digər anbarlar tikilmədi:

“Nə tikildisə, zərərlə işlədi. Səmərəlilik olmadığına görə kartof saxlama anbarına sərmayə qoymaq sərf eləmir. Buna baxmayaraq, daxili istehsalın qorunması mexanizmləri tətbiq olunmadı. Cəmi bir dəfə tətbiq olundu, o da Prezident İlham Əliyevin qərarı ilə, 2017-ci ildə. O zaman, səhv etmirəmsə, İrandan idxal olunan kartofa 3 aylıq rüsum tətbiq edildi. Bu addım, doğrudan da daxili istehsalı qorudu. Daxildə istehsal olunan kartofların hamısı orta-yüksək qiymətə, yəni 80 qəpiyə satıldı. Amma qiymətlər kəskin yüksəlmədi. Çünki məhsul 80 qəpiyə satılırsa və mənfəət gətirirsə, istehsal artır. İstehsal artanda da təklif tələbi üstələyir və qiymətlər həmişə normal qalır.

Növbəti mərhələdə bir neçə böyük istehsalçı bu işdən çəkildi. Çünki sərf etmir. Sən istehsal etdiyin məhsulu saxlayıb satmalısan. Yəni avqust ayında istehsal edilən məhsulun yayda 15 gün saxlama müddəti var. Biz ya il ərzində istehlak olunan həcmi istehsal etməliyik ki, bu da 200 min tona yaxın kartof deməkdir, ya da ənənəvi həcmdə istehsal etdiyimiz kartofu 15 gün ərzində satmalıyıq. Ondan sonra da kartof qurtarır və xaricdən gətirilir. Xaricdən də gələndə onun gətirildiyi ölkədə qiymətinin dəyişməsindən və təklifindən asılı oluruq. Onun gətirildiyi ölkədə təklif azdırsa, burada tələb çoxdursa, qiymət qalxacaq”.

“Texniki kartof" iddialarına cavab

B.Quliyev xaricdən Azərbaycana gətirilən kartofun “texniki kartof” olması və ya istehsal olunarkən heyvan yemi üçün nəzərdə tutulması barədə iddialara da münasibət bildirib:

“Texniki kartof deyilən anlayış yoxdur. Çipsi istehsalı üçün olan kartof var, süfrəlik kartof var, salatlıq kartof var və sairə. Bir neçə sort var. Heyvandarlıq təsərrüfatı üçün kartof istehsal olunmur, belə bir kartof mövcud deyil. Bir də faraş kartof var. Bu, saxlanılmır, qabığı soyulan kartofdur.

Azərbaycana xaricdən keyfiyyətsiz kartof gətirilə bilər. Əvvəllər də gətirilirdi. Xəstə kartof da olurdu. Sonra həmin bitki mənşəli xəstəliklər ölkədə yayıla bilirdi. Amma bunun qarşısını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) alır. AQTA məhsulu yoxlayır, bəzən geri qaytarır. O cəhətdən bu dəqiqə nəzarət var. Mən İrandan Azərbaycana texniki kartof gətirilməsi barədə deyilən iddialara inanmıram. Keyfiyyətsiz kartof gələ bilər, onun da qarşısını AQTA alır. Hər bir idxal olunan məhsuldan nümunələr götürülür, partiyalara baxış keçirilir, ondan sonra onun Azərbaycanda dövriyyəsinə və gömrük işlərinə icazə verilir”.

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov deyib ki, Azərbaycanda kartof erkən yazda yetişdirilir, həm daxili bazarda satılır, həm də ixrac olunur:

“Texniki kartof idxalına inanmıram”

“İlin elə dövrü var ki, həmin vaxt kartof istehsalı müəyyən qədər az olduğu üçün çatışmazlıq yaranır. Bəzən regionlarda soyutma sistemləri kartofun 3-4 ay saxlanılması üçün texniki tələblərə cavab vermir. Ona görə də idxal zərurəti yaranır. Nəticədə Azərbaycana qonşu dövlətlərdən müəyyən dövrlərdə kartof idxal olunur. AQTA kartof idxal olunan zaman ona idxal icazəsi verir. Bu icazə veriləndə kartofun Azərbaycandakı standartlara uyğunluğu yoxlanılır. İrandan idxal olunan kartofun texniki kartof olmasına inanmıram. Bu, ağlabatan deyil. Texniki kartofu yetişdirən ölkələrin özlərinin ona kifayət qədər tələbatı olduğu üçün həmin kartofu ixrac etmək o qədər də məqsədəuyğun olmur.

Yaxşı olardı ki, aidiyyəti qurumlar ölkənin kartofa olan tələbatını dəqiq hesablasınlar və istehsalı da ona uyğun planlaşdırsınlar. Regionlarda kartof istehsalı iqlimə uyğun olaraq planlaşdırılmalı və soyuducu sistemlərə mütləq baxış keçirilməlidir. Məsələn, kartofun 3-4 ay saxlanılması üçün müəyyən temperatur rejimi var və soyuducu sistemlər ona uyğunlaşdırılmalıdır. Anbarlar və soyuducu sistem olmalıdır. Çox yaxşı olardı ki, biz öz istehsalımızı tələbatımız qədər həyata keçirək və idxal etməyək. Torpağımız var, insan resursumuz var, toxumçuluğu yaratmaq üçün kifayət qədər baza var. Ən azı yaxşı keyfiyyətli, yüksək reproduksiyalı toxumları idxal edib yetişdirmək olar”.

Problemlərin səbəbləri

X.Məmmədov daxili tələbatı ödəmək üçün kartof istehsalımızın kifayət qədər olmadığını deyib:

“Eyni zamanda, ənənəvi kartof istehsalçılarının bir qisminin maliyyə vəsaitinə əlçatanlığı yoxdur. Bəzi istehsalçıların isə torpağı var, istehsal edir, amma məhsuldarlıq aşağıdır. Bu gün Azərbaycanda kartofda orta məhsuldarlıq 15–17 tondur. Amma dünyada artıq 50–60 tondan aşağı məhsuldarlıq az sayılır. Problemin birinci səbəbi toxumdur. Məhsuldarlığın 40%-ni yaxşı toxumlar təmin edir, yəni reproduksiyası yüksək toxumlar. İkinci əsas səbəb aqrotexniki qaydalara düzgün riayət olunmamasıdır. Yəni müasir elmin təsdiq etdiyi və müasir dünyada mövcud olan maye gübrələrdən istifadə olunmur. Daha çox azotlu gübrələrdən istifadə edilir. Bu da məhsulu uzun müddət saxlamağa imkan vermir.

Azərbaycan kartof toxumunu əsasən idxal edir, yəni Rusiyadan və Türkiyədən idxal edirik. Əvvəllər Avropa ölkələrindən də toxum gətirilirdi. Toxumçuluq sahəsində idxaldan asılılığı aradan qaldırmaq üçün özümüz toxum yetişdirməliyik. Bunun üçün də hər cür şərait var. Bu resursları düzgün birləşdirib toxum yetişdirməliyik ki, yerli istehsalçılar da onu götürüb kartof və ya başqa məhsullar istehsal etsinlər. Deməli, kartofa tələbat var ki, idxal var. İdxal isə onu göstərir ki, istehsal tələbatı təmin etmir”.

“Soyuducu sistemlər vacibdir”

X.Məmmədovun sözlərinə görə, Azərbaycanda kartofu uzun müddət saxlamaq olmur:

“Çünki lazımi saxlama şəraiti olmalıdır. Kartofu 3-4 ay saxlamaq üçün soyuducu sistemlər vacibdir. Mövcud soyuducu sistemlər monitorinqdən keçirilməlidir. Məsələn, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən ərazilərində olan soyuducu sistemlər monitorinq olunmalıdır. Çünki kartof ən çox bu bölgələrimizdə istehsal olunur. Kartofu orada 3-4 ay saxlamaq üçün şəraitin olub-olmamasına baxılmalıdır. Yoxdursa, onu texniki cəhətdən uyğunlaşdırmaq lazımdır. Varsa, onda Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları istehsalçıları birləşdirib həmin soyuducu sistemlərin işləmə prosesini tənzimləməlidir”.

“Azərbaycan Prezidentinin bu sahəyə dəstəyi yüksək səviyyədədir. Azərbaycan dünyada kənd təsərrüfatını ən çox subsidiyalaşdıran dövlətlərdən biridir. Amma subsidiya alan təsərrüfat subyektləri aldıqları subsidiyaya görə məhsul ortaya qoyurmu? Yəni bizim xərclədiyimiz 1 manat subsidiya nə qədər məhsul yaradır? Bu, ciddi məsələdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması yüksək səviyyədədir. Bəs subsidiyadan istifadə qaydaları? Bax, bu mübahisəli məsələdir”, - deyə X.Məmmədov vurğulayıb.

Rəsmi statistika

Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada bildirilib ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 924,6 min ton kartof istehsal olunub:

“Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur. Ötən ilin 11 ayı ərzində ölkədən kartofun ixrac həcmi 71,1 min ton olub. İxracın dəyər həcmi 28,3 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracda miqdara görə artım 47,3%, ixracda məbləğə görə artım isə 38,1% olub.

Ölkəmizdə kartof əkinləri subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, əvvəlki ildə olduğu kimi, 2026-cı təsərrüfat ilində də müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə kartof əkinləri üzrə fermerlərə hər hektara görə 360 manat subsidiya ödəniləcək. Müasir suvarma sistemləri ilə təchiz olunmamış sahələrdə kartof əkinləri üzrə isə fermerlərə 300 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Bundan başqa, təkrar kartof əkinlərinə görə fermerlərə əlavə olaraq 120 AZN/hektar təkrar əkin subsidiyasının ödənilməsi qərara alınıb”.

İdxalda təhlükəsizlik tədbirləri

AQTA-dan verilən açıqlamada qeyd edilib ki, ötən il ərzində ölkəmizə Türkiyə, Gürcüstan, Pakistan, Rusiya və digər ölkələrlə yanaşı, İrandan da ərzaqlıq kartof idxal olunub:

“Bütün qida məhsullarında olduğu kimi, kartof məhsulu da qida sahəsində qüvvədə olan normativ aktların tələblərinə cavab verdiyi halda idxal sağlamlıq aktı ilə təmin olunur və dövriyyəsinə icazə verilir.

İdxal olunan kartof məhsuluna fiziki nəzarət zamanı aparılan risk qiymətləndirilməsinə uyğun olaraq çirkləndiricilərin (ağır metallar, nitratlar), pestisid qalıqlarının, GMO göstəricilərinin, habelə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu yoxlanılır”.

Yekun nəticə

Mövcud mənzərə göstərir ki, Azərbaycanda kartof istehsalı həcmi baxımından potensiala malik olsa da, iqtisadi davamlılıq baxımından struktur problemlərlə üz-üzədir. Saxlama infrastrukturu, toxumçuluq bazası, məhsuldarlıq və mövsümi tənzimləmə mexanizmləri bir-birindən ayrı deyil, kompleks şəkildə idarə olunmalıdır.

Əgər daxili tələbat dəqiq hesablanar, istehsal regionlar üzrə iqlimə uyğun planlaşdırılar, saxlama və soyutma sistemləri modernləşdirilər və subsidiya mexanizmləri məhsul nəticəsinə bağlanarsa, kartofçuluq həm fermer, həm biznes, həm də istehlakçı üçün daha stabil sahəyə çevrilə bilər. Əks halda bazar hər il eyni dövri asılılıq və qiymət dalğalanmaları ilə qarşılaşmağa davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar