Köhnə smartfon sadəcə çəkməcədə unudulmuş bir cihaz deyil, həm də potensial problemlər mənbəyidir. Bir çox texnologiya həvəskarları üçün köhnə cihazları toplamaq qürur mənbəyidir və onların tez-tez köhnə smartfonlardan ibarət kolleksiyası olur.
Digərləri isə köhnə telefonları “birdən lazım olar” deyə saxlayır və ya orada gələcəkdə lazım ola biləcək vacib məlumatların olduğunu düşünür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istifadə etmədiyimiz köhnə smartfon çəkməcədə qalırsa, o həm fiziki, həm də rəqəmsal baxımdan təhlükə yarada bilər.
Köhnə smartfonların əsas problemi litium-ion batareyalardır. Zaman keçdikcə onlar deqradasiyaya uğrayır, sabitliyini itirir və potensial təhlükəyə çevrilir. Nadir hallarda bu, telefonun həddindən artıq qızmasına, batareyanın öz-özünə alışmasına, yanğına və ya hətta kiçik partlayışa səbəb ola bilər.
Əgər siz yenə də köhnə smartfonları saxlayırsınızsa, onları sərin və quru yerdə saxlamaq, batareyanı vaxtaşırı təxminən 50%-ə qədər doldurmaq və tam boşalmasına imkan verməmək lazımdır. Əgər cihazda çıxarıla bilən batareya varsa, onu çıxarmaq daha məqsədəuyğundur.
Həmçinin yadda saxlamaq vacibdir ki, litium-ion batareyaları adi zibilə atmaq olmaz – onları xüsusi təkrar emal məntəqələrinə və ya elektronika qəbul edən mağazalara təhvil vermək lazımdır.

Fiziki risklərlə yanaşı, rəqəmsal təhlükələr də mövcuddur. Köhnə smartfonlarda sizin bütün məlumatlarınız – şəkillər, mesajlar və hesab məlumatları qalır. Əgər siz zavod ayarlarına sıfırlama etməmisinizsə, cihazınızda üçüncü şəxslərin əldə etməməli olduğu çoxlu şəxsi məlumat qala bilər.
Problem həm də ondadır ki, köhnə telefonlar zamanla təhlükəsizlik yeniləmələri almağı dayandırır. Bu səbəbdən onlar sındırılma və digər kiberhücumlara daha həssas olur. Hətta telefon sadəcə sönülü vəziyyətdə qalsa belə, onun oğurlanması və məlumatlara giriş riski tam istisna edilə bilməz.
Buna görə də ekspertlər köhnə cihazları vaxtaşırı yoxlamağı, yeniləmələri quraşdırmağı, dəstək dayandırılıbsa vacib məlumatları köçürməyi və tam sıfırlama etməyi tövsiyə edir. Həmçinin belə telefonları zəruri olmadıqda ev Wi-Fi şəbəkəsinə qoşmamaq daha yaxşıdır ki, əlavə risk yaranmasın.