Dünyada dörd günlük  iş həftəsinə keçən ilk ölkə - Nəticələr TƏƏCCÜBLƏNDİRİCİDİR
20 may 2026 15:21 (UTC +04:00)

Dünyada dörd günlük iş həftəsinə keçən ilk ölkə - Nəticələr TƏƏCCÜBLƏNDİRİCİDİR

0

İslandiya dünyada faktiki olaraq dörd günlük iş həftəsinə keçən ilk ölkə kimi tarixə düşüb. Üstəlik, ölkə iş saatlarının azaldılmasının iqtisadiyyata zərər vurduğu barədə geniş yayılmış fikri də təkzib edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, rəsmi statistikaya görə, İslandiya iqtisadiyyatı geriləmək əvəzinə 2025-ci ildə 1,3 faiz böyüyüb.

2026-cı ildə isə iqtisadi artımın 3 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda işsizlik səviyyəsi Avropanın ən aşağı göstəricilərindən biri olaraq qalır.

"Eurostat"ın məlumatlarına əsasən, İslandiyanın 2025-ci ildəki iqtisadi artım tempi Almaniya, İsveç, Norveç, Fransa və İtaliya kimi daha böyük iqtisadiyyatları geridə qoyub.

Yeni modelin tətbiqindən əvvəl Britaniyanın Autonomy təşkilatı və İslandiyanın Alda tərəfindən geniş araşdırmalar aparılıb.

Tədqiqatların nəticələrinə görə, iş həftəsinin qısaldılmasından sonra stress və peşəkar tükənmişlik əhəmiyyətli dərəcədə azalıb, işçilərin psixi və fiziki sağlamlıq göstəriciləri yaxşılaşıb, insanlar ailə və şəxsi həyat üçün daha çox vaxt əldə edib, əmək məhsuldarlığı artıb, çünki işçilər daha dincəlmiş və diqqətli olublar.

Dünyanın ən böyük eksperimentlərindən biri

Yeni sistemə keçid 2015-2019-cu illərdə Reykjavik şəhər rəhbərliyi və İslandiya hökuməti tərəfindən həyata keçirilən iki böyük pilot layihə ilə başlayıb. Eksperimentdə 2500-dən çox insan, yəni ölkə əhalisinin təxminən 1 faizi iştirak edib. Layihəyə yalnız ofis əməkdaşları deyil, həmçinin uşaq bağçaları, məktəblər, xəstəxanalar, sosial xidmətlər və polis strukturları da daxil edilib.

Əsas model həftəlik iş vaxtının maaş azaldılmadan 40 saatdan 35-36 saata endirilməsini nəzərdə tuturdu. Bunun üçün şirkətlər və dövlət qurumları iş proseslərini optimallaşdırıb, lazımsız iclasları və əlavə tapşırıqları azaldıblar.

Araşdırma göstərib ki, işin effektivliyi işlənilən saat sayından deyil, diqqət və düzgün təşkilatdan asılıdır.

Qeyd olunur ki, İslandiyanın uğuru xüsusilə Generation Z arasında dəyişən iş yanaşmaları ilə üst-üstə düşür. Gənclər artıq fasiləsiz işləmə mədəniyyətindən uzaqlaşaraq daha çevik və balanslı iş şəraiti tələb edirlər.

“Z nəsli üçün iş artıq həyatın əsas məqsədi deyil, şəxsi rifah və psixi sağlamlıqla balanslaşdırılmalı olan həyatın bir hissəsidir”, - materialda bildirilir.

İslandiyanın uğurlu təcrübəsi artıq digər ölkələrin əmək bazarına da təsir göstərməyə başlayıb. Həmkarlar ittifaqları və hökumətlər Böyük Britaniya, İspaniya, Yeni Zelandiya və digər ölkələrdə oxşar təşəbbüslərin irəli sürülməsi üçün bu modelin nəticələrindən istifadə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar