Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq etməkdə və sağlamlığa qəsdən zərər vurmaqda təqsirləndirilən Cahid Rasulov və Əli Abbasovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid X.Q hadisədən əvvəl təqsirləndirilən şəxsləri tanımadığını bildirib:
"İşdə idim. Axşamtərəfi saat 7-nin yarısı olardı. Qardaşım Röyaldan zəng gəldi ki, telefonu oğurlanıb. Qardaşım sonradan danışırdı ki, parkda çiyin-çiyinə dəyiblər. Bundan sonra aralarında mübahisə yaranıb, dalaşmağa başlayıblar, Röyal yerə dəyib. Yerdən durandan sonra telefonunun yoxa çıxdığını görüb. Qardaşımın sosial şəbəkə hesablarının şifrə və kodları məndə var idi. Gördüm ki, telefonda internet açıqdır. Yazdım ki, "Telefonların sahibində olmadığını bilirəm. Qaytarın ki, sonra başınız ağrımasın". Telefonu hara gətirəcəklərsə, konum da göndərdim ki, flan yerə gətirin. Mən gələndə onlar yox idi. Telefonları gizlətdikləri yerdən tapıb götürdüm".
Təqsirləndirilən Cahid Rasulov Röyalın telefonunu götürdüyündən xəbərsiz olduğunu deyib:
"Mən Röyalla dalaşandan sonra durub yerə düşən telefonu götürdüm. Hadisə yerindən uzaqlaşıb telefonuma baxandan sonra cihazları qarışdırdığımı anladım".
Şahid M.Ə təqsirləndirilən Cahid Rasulovun sinif yoldaşı olduğunu deyib:
"Hadisənin şahidi olmamışam. Həmin günü işə gedəndə Əlini gördüm, qanı qara halda idi. Nə baş verdiyini soruşdum, dedi ki, davaya düşmüşük. Səhəri günü eşitdim ki, bıçaqlanma olub".
Növbəti proses 26 oktyabr saat 17:00-a təyin olunub.
Xatırladaq ki, bu il yanvarın 22-də Cahid Rasulov tanışı Əli Abbasovla birlikdə Səbail rayonunun 20-ci yaşayış sahəsində yerləşən "Fəhlə əli" parkında tanışı Həsrət İsmayılovla birlikdə qarşıdan gələn Röyal Qəniyevin çiyninə qəsdən toxunaraq, onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra Qəniyevə zərbə vuraraq yerə yıxıb, onun cibindən 2400 manatlıq "İphone 17 Pro" və 400 manat dəyərində olan "İphone XR" telefonlarını götürüb. Cahid Rasulov buna mane olmaq istəyən Həsrət İsmayılova iki bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma -iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), 177.2.5-ci (Oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə), 221.3-cü (Xuliqanlıq - eyni əməllər) və 228.5-ci (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddə və ya qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə məsuliyyətə cəlb olunublar.