“Dəb ikonası” kimi tanınan Ruhi Əliyeva da facebook “qurbanına” çevrilib. Onun adına saxta profil açılıb və dostluq bildirişləri göndərilir. Ruhinin Lent. az-a verdiyi məlumata görə, o, sosial şəbəkə istifadəçisi deyil və açılan profilin onunla heç bir əlaqəsi yoxdur: “Bunu bilmirəm kim edib, ancaq səhifə elə istifadə olunur ki, sanki oranı özüm idarə edirəm. Bu, məni narahat edir. Çünki daima mənim adımdan statuslar yazılır, şəkillərim paylaşılır, hətta “Özünə bax” layihəm və heç vaxt danışmadığım uşaqlarım haqda məlumatlar da yerləşdirilir. Ən çox narahat edən məqam isə mənim adımdan yazılanlardır. Hər kəsə bildirmək istəyirəm ki, orada və ümumiyyətlə, mənim adıma qeydiyyatdan keçən heç bir sosial şəbəkədə yoxam. Hesabın tezliklə bağlanılmasını istəyirəm”.
İş xanımı onu da bildirib ki, əgər gələcəkdə sosial şəbəkələrə qoşularsa bunu heç kimdən gizlətməyəcək: “Mən sosial şəbəkələrə maraqlı adam deyiləm. Buna maraq göstərənlərə də heç bir etirazım yoxdur. Sadəcə, mənim maraq dairəmi əhatə etmir. Əgər mən özüm orada olsam bunu niyə gizlədim və niyə bundan narahat olum? Ümid varam ki, bu anlaşılmazlığa tezliklə son qoyulacaq”.