Xalqımızın qədim mədəniyyəti və tarixinin izlərini özündə yaşadan Əlincə qalasının qüdrəti, yenilməzliyi haqqında tarix kitablarından oxuyub, filmlərdə görmüşük. İndi, aradan yüzilliklərdən keçdikdən sonra hər kəs bu qalanın əzəmətini ilkin formada görə və duya biləcək. Belə ki, iki ildir burada aparılan bərpa işləri artıq başa çatmaq üzrədir.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Bərpa işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il fevralın 11-də imzaladığı sərəncama əsasən başlayıb. Qalanın şərq və qərb darvazaları əvvəlki vəziyyətinə qaytarılıb, zirvəyə piyada yolu çəkilib. Bura qalxmaq üçün sərt yoxuş boyu 2 min pilləkəni dəf etmək lazımdır. Buna görə də zirvəyə nəfəs dərmədən çıxmaq çox çətindir. Təqribən 2 min il bundan əvvələ aid olduğu bildirilən Əlincə qalasında aparılan bərpa işləri zamanı burada evlərin qalıqları, maddi mədəniyyət nümunələri, VII və sonrakı əsrlərə aid sikkələr aşkar edilib. Qalada qayalar üzərində çapılmış 8-dən artıq su hovuzu olub. Dərinliyi 5 metr olan belə hovuzlardan biri yenidən bərpa edilib. Qaladan ətraf kəndlərin birinə gizli yolun da olduğu ehtimal edilir.